Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib - FOTO

18:57 - 26 / 02 / 2016
Heydər Əliyev Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində fevralın 26-da Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamlarının, heykəltəraşlarının, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi açılıb.

Mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə dünya şöhrətli fransalı heykəltəraş-rəssam Reno Vansan Balsanjenin Xocalı soyqırımına həsr etdiyi “Bəyaz əsər” adlı kompozisiyası da təqdim olunub. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri – qadın və onun ətrafında uşaqlar təsvir olunub. Əsər bir tərəfdən anaya olan sevgi və hörmət, digər tərəfdən isə Vətənə - Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir.

Qeyd edək ki, Reno Vansan Balsanjen azərbaycanlıların soyqırımına həsr olunmuş 70 əsərin müəllifidir.

Sərgiyə baxan Xocalı sakinləri ilə söhbətlərimiz zamanı bu faciənin canlı şahidi olmuş insanların təəssüratlarını dinlədikcə baş verənlərin illər keçsə də heç vaxt yaddaşlardan silinməyəcəyinin bir daha şahid olduq.

Xocalı özünümüdafiə batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bildirib ki, faciə zamanı hər iki valideynini itirmiş 25 nəfərin siyahısında o da var. O, valideynləri ilə yanaşı, 50-dən çox qohumunu itirib. Faciə baş verən zaman 9 yaşı olduğunu söyləyən Xocalı sakini həmin vaxt ermənilərin onların kəndini atəşə tutduğunu deyib. Əliyalın sakinlərin kəndin müdafiəsinə qalxdığını qeyd edən Əfsanə Ələkbərova zirzəmilərdə gecələdiklərini söyləyib. O, atasına “Mixaylo” ləqəbi verildiyini, ermənilər hətta onun başına pul qoyduğunu vurğulayıb.

Analarının itkin düşdüyünü zənn etdiklərini söyləyən Ə.Ələkbərova 19 ildən sonra Xocalı hadisələrinin şahidi olmuş rusiyalı jurnalist Viktoriya İvlevanın ortaya çıxardığı şəkillərdə anası, xalası və onu iki övladının vurulmuş vəziyyətdə gördüklərini deyib: “Biz çox acı çəksək də, şükür etdik ki, anamız əsirlikdə olmayıb, işgəncələrə məruz qalmayıb. Bir övlad üçün ananın ölümünə sevinmək çox ağrı-acılı bir hissdir”.

Faciə baş verəndə 8 yaşı olduğunu söyləyən daha bir Xocalı sakini Xatirə Orucova həmin dəhşətli gecədə hər iki valideyninin şəhid olduğunu söyləyib. O, hadisə baş verən gecə meşə ilə Ağdama tərəf getdiklərini belə təsvir edib: “Oradan sağ çıxmağa ümid olmadığına görə anam bizim ad-soyadımızı yazıb cibimizə qoymuşdu. Düşünürdü ki, nə isə baş versə bəlkə kimsə bizi tapa bilər”. Danışdıqca göz yaşlarını saxlaya bilməyən faciənin canlı şahidi X.Orucova hadisədə iki güllə yarası aldığını, Xocalı faciəsinin onlara cəhənnəm əzabı yaşatdığını deyib.

Sonra anım tədbiri başlayıb. Əvvəlcə Xocalı faciəsi zamanı, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda öz canlarını fəda etmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının yardımı ilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi kimi tarixə həkk olub. Xocalı həqiqətlərinin dünyaya çatdırılması məqsədini daşıyan “Xocalıya ədalət!” kampaniyasının 7 illik fəaliyyəti dövründə 11 dövlət, həmçinin ABŞ-ın 21 ştatı tərəfindən Xocalı hadisələrinin soyqırımı kimi tanınması və erməni işğalının pislənməsi ilə bağlı müvafiq sənədlər qəbul edilib.

Tədbirdə çıxış edən heykəltəraş-rəssam Reno Vansan Balsanjen anım mərasiminə dəvət edildiyinə görə təşəkkürünü bildirib. O, Xocalı hadisələri barədə Fransanın Azərbaycandakı səfirliyində çalışmış qardaşı vasitəsilə xəbər tutduğunu söyləyib. Bildirib ki, qardaşı ona Xocalı mövzusunu dərindən öyrənməyi, dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edib.

Azərbaycana səfərləri zamanı Xocalı soyqırımı barədə ətraflı məlumat topladığını diqqətə çatdıran R.V.Balsanjen qeyd edib ki, kompozisiya Xocalıda soyqırımına məruz qalan insanları, vətənini qoruyan qəhrəmanları təcəssüm etdirir: “Fransada çox az insanın Xocalı soyqırımı barədə məlumatı var. Mənim bu əsərlərimdən sonra Xocalı soyqırımı ilə maraqlanan və bu barədə məlumat toplayan insanların sayı artır. Mənim Xocalı soyqırımı ilə bağlı əsərlərim Fransadakı sərgidə nümayiş etdirilib. ABŞ-da jurnallarda, qəzetlərdə bu əsərlər barədə məlumatlar verilib. Mən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışıram”.

Fransalı sənətkar qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu cinayətə yanaşmasında laqeyd münasibəti, susması tamamilə qəbuledilməzdir.

Daha sonra Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı birləşmələrinin törətdiyi amansızlıqlardan söz açıb. O, hadisə baş verən zaman 26 yaşında olduğunu söyləyərək, heç nə ilə ölçülməyən dəhşəti yaşadıqlarını bildirib.

Hadisə nəticəsində ən çox şəhid verən onların nəsli olduğunu qeyd edən Xocalı sakini 74 nəfər qohumunu itirdiyini deyib.

Ulu öndər Heydər Əliyevin qəbul etdiyi 20 nəfər Xocalı şəhidi ailəsi üzvündən biri olduğunu söyləyən Ceyran Əzizova ilk dəfə o zaman köməksiz olmadıqlarını hiss etdiklərini bildirib.

Tədbirdə çıxış edən Xocalı soyqırımının ilk şahidlərindən olan ukraynalı pilot Leonid Kravets Xocalıda gördüyü dəhşətli mənzərəni təsvir edərək törədilən cinayətin birmənalı şəkildə Azərbaycan xalqına qarşı yönəlmiş soyqırımı olduğunu bildirib.

Qeyd edək ki, məhz onun idarə etdiyi vertolyotla xarici və yerli jurnalistlər hadisə yerinə gedərək erməni vəhşiliklərini sənədləşdirə biliblər. Bundan başqa o, soyqırımı törədilmiş ərazidən soydaşlarımızın cəsədlərinin çıxarılmasında da yaxından iştirak edib. Leonid Kravets bu barədə heç bir yerdə söhbət açmadığını, yalnız 2009-cu ildə Bakıya səfəri zamanı təsadüfən danışdığını söyləyib. Bildirib ki, bundan sonra bir çox dairələr məlumat alıb və onunla əlaqə yaradıblar. Daha sonra film hazırlanıb və o, bu filmdə Xocalıda gördükləri barədə müsahibə verib. L.Kravets vurğulayıb ki, bu hadisələri yaddan çıxarmaq mümkün deyil. O, şəhidlərin əziz xatirəsini uca tutduğuna görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Daha sonra “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş “Cəhənnəm görmüş pilot” sənədli filmi nümayiş olunub.

Filmdə Xocalı soyqırımının ilk şahidlərindən olan və soyqırımında qətlə yetirilmiş insanların cəsədlərini görmək üçün əraziyə uçan vertolyotu idarə etmiş ukraynalı pilot Leonid Kravets gördüyü dəhşətləri təsvir edir.

Filmin nümayişindən sonra “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının yeni istifadəyə verilmiş saytının təqdimatı olub.

“Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov qeyd edib ki, sayt Xocalı hadisələri ilə bağlı məlumatların, ilkin mənbəyə əsaslanan tarixi faktların, şahid ifadələrinin, nəşr və kitabların, eləcə də soyqırımı zamanı çəkilmiş foto və videomaterialların toplandığı geniş resurs mənbəyi olmaqla yanaşı, həm də internet istifadəçilərinin kampaniyanın gedişatında iştirakına imkanlar yaradan interaktiv platformadır.

Tədbirin bədii hissəsində qiraətçilər çıxış edib və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında soyqırımına həsr olunmuş musiqi proqramı təqdim olunub.

1news.az

Paylaş:
1209

Son xəbərlər

Bütün xəbərlər