Bakı Slavyan Universitetinin fasadındakı mozaika tamamilə sökülüb – FOTO
Bakı Slavyan Universitetinin (BSU) giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsi işləri başa çatıb.
1news.az-ın verdiyi xəbərə görə, Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin təsviri olar mozaikalar artıq tamamilə sökülüb. Bununla yanaşı, fotolardan da aydın göründüyü kimi, mozaika olan hissə artıq daş lövhələrlə örtülüb.
Xatırladaq ki, BSU-nun binasını uzun illər bəzəyən mozaikanın sökülməsi sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub. Bütün bu müzakirələrə, eləcə də cəmiyyətdə fikirayrılığına baxmayaraq, Azərbaycanın əməkdar rəssamı Elmaz Hüseynovun yaradıcılığı, universitetin fasadını 1972-ci ildən bəzəyən mozaika tamamilə söküldü.
Qeyd edək ki, BSU-nun rektoru Nurlana Əliyeva KİV-ə müsahibəsində bildirib ki, mozaikanı yenidən bərpa etmək mümkün olmayıb:
“Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etdik, həmin qurumlardan gələn cavablarda Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülmədiyinin, BSU-nun üzərində olan 1972- ci ilə aid pano mozaikasının daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülmədiyinin qeyd olunduğunu bildirib. Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktuba gələn cavabda isə bildirilir ki, “Universitet binasının fasadında olan mozaikanın sökülüb yerində yeni fasadın qurulmasına etiraz etmirik”.
Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsil ilə bağlı kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə yanaşı, iclasda naziriliyin struktur rəhbərləri, eləcə də universitetlərin rektorları da iştirak edib.
İclasın yekunu olaraq Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq verilib.
Təmirdən əvvəl mozaika
Təmir zamanı
Mozaikanın sökülməsindən sonra
Mövzu ilə əlaqədar oxuyun:
Mozaikanı sökdürən rektor: “Bu işi bu qədər şişirtməyin mənası yoxdur. Çünki...” – FOTO – VİDEO
1news.az