İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB
Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş bədbəxt hadisə nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.
1news.az-ın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib. Baş mühəndis itkin düşən neftçilərdən birinin meyitinin tapıldığını da diqqətə çatdırıb.
“Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. İtkin düşən digər neftçilərin tapılması üçün axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir”- deyə, B.Ağarəhimov bildirib.
1news.az
14:28
Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş bədbəxt hadisədə itkin düşən neftçilərin axtarışı davam etdirilir.
1news.az-ın məlumatına görə, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” ilk öncə hadisə yerinə yönəldilib. İkinci mərhələdə isə “Caspian Provider”, “ Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.
Hal-hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəzi tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır.
Bundan başqa axtarış işinə Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
12:31
Bu gün səhər saatlarında Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar Azneft İB-də qərargah yaradılıb.
Neftçilər Prospekti 73 ünvanında fəaliyyət göstərən qərargahın əlaqə telefonlarını təqdim edirik:
+994 12 521 11 44
+994 12 521 12 82
+994 50 841 10 62
+994 50 841 12 09
Qeyd edək ki, hadisə ilə əlaqədar bu gün saat 15:00-da qərargahda jurnalistlər üçün açıqlama veriləcək.
10:34
Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
1news.az