İtkin düşən neftçilərin tapılması üçün axtarış-xilasetmə zonası genişləndirilib
Dekabrın 15-də Xəzərdə estakadada baş verən bədbəxt hadisə nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir.
Axtarış-xilasetmə Qərargahından 1news.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Bu gün axtarış – xilasetmə Qərargahının rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirlərilə yaxından tanış olublar.
Qərargahın rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib.
Axtarış – xilasetmə əməliyyatlarının, uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri nəticəsində bir nəfərin meyiti tapılıb. İtkin düşən digər neftçilərin axtarışı isə davam etdirilir.
1news.az
Mövzu ilə əlaqədar:
İtkin düşən neftçilərdən birinin meyiti tapılıb – YENİLƏNİB
Prezident itkin düşmüş neftçilərin axtarışı ilə bağlı göstəriş verib
Qərargah: İtkin düşən neftçilərin axtarışı nəticəsizdir
Kəmaləddin Heydərov və Rövnəq Abdullayev neftçilərin itkin düşdüyü ərazidədirlər