DİN: “Mehman Hüseynov o açıqlamalarına görə məsuliyyətə cəlb oluna bilər”
“Mehman kimdi ki onu bu qədər şişirdirlər?”
Bunu 1news.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib.
Dünən məhkəmənin qərarı ilə 200 manat cərimə edildikdən sonra sərbəst buraxılan bloqqer Mehman Hüseynovun məhkəmədən sonra mətbuata verdiyi açıqlamalarına şərh bildirən E.Zahidov deyib ki, onun polislər haqqında söylədikləri şər və böhtandır:
“Polis əməkdaşları buna görə Mehmanı məhkəməyə şikayət edə bilərlər. Amma onlar humanistlik göstərərək bunu etmirlər. Mehman kimdi axı onu bu qədər şişirdirlər. Gündə onlarla insan asayişi pozduğu üçün polis tərəfindən saxlanılır və cərimələnir. Mehman da asayişi pozduğu üçün cərimələnib”.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılan və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılan tanınmış bloqqer Mehman Hüseynov jurnalistlərə açıqlamasında bunları demişdi:
“Məni 3 saat başımda torba, üzü aşağı saxladılar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”.
1news.az