Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır

S.Xankişiyeva13:46 - 17 / 03 / 2017
Gənclərin təhsili – gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır

Təhsil hər zaman insanın formalaşmasında, eləcə də onun həyatında gələcək perspektivlərini müəyyən etməsində aparıcı rol oynayır.

Avropa İttifaqı (Aİ) ölkələri Avropa təhsilinin keyfiyyətini bütün dünyada etalon olmasına nail olublar. Və bu gün təhsil sahəsinin inkişafı – Aİ ölkələri ilə tərəfdaşları arasında əməkdaşlığın ayrılmaz hissəsidir.

Ali təhsildən danışarkən, Aİ tərəfindən maliyyələşdirilən Erasmus proqramı – demək olar ki, istənilən tələbə üçün 2017-ci ildə 30 illiyi olacaq Avropa İttifaqının ali təhsil sahəsindəki bir növ vizit kartıdır.

Azərbaycan Avropa İttifaqının təhsil proqramlarına 1994-cü ildən qoşulub. Əgər əvvəllər bir neçə aparıcı proqram - Erasmus Mundus, Tempus, Jeanne Monnet və digərləri fəaliyyət göstərirdisə, 2014-cü ildən bütün bunlar Erasmus+ adlı vahid proqrama birləşdirildi.

“Bütün proqramların birləşdirilməsindən sonra bir çox şeylər dəyişdi. İlk növbədə iştirakçıların coğrafi əhatəliliyi artdı”, - bunu Erasmus+ proqramının Azərbaycandakı əlaqələndiricisi Pərviz Bağırov bildirib:

“Əgər əvvəllər Erasmus Mundus və Tempus proqramları üzrə Aİ-yə tərəfdaş ölkələrinə coğrafi cəhətdən yaxın sərhəd dövlətlərdən 28-i iştirak edirdisə, indi isə bu göstərici bütün dünyanın əhatə edir. Buraya Aİ ölkələrdindən uzaq Çin, Əfqanıstan, Monqolustan, hətta Argentina da daxildir”, - deyə o, söyləyir.

Vahid proqramın aparıcı istiqamətlərindən biri də “Tələbə və akademik heyətin qısamüddətli mobilliyi”dir. Daha sadə ifadə etsək, bu, ali təhsil ocaqlarının tələbə, professor-müəllim, rəhbər heyətin təhsil və ya staj müddətini Avropa universitetlərində üç aydan bir ilədək keçirməsidir. Bütün xərclər tamamilə Aİ tərəfindən ödənilir.

Avropa İttifaqı hər il Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusda proqramın həyata keçirilməsi üçün 20 milyon avro ayırır. Ümumilikdə 2014-cü ildən 2020-ci ilədək təqribən 16,5 milyard avro ayrılıb.

Hər il Erasmus+ proqramı çərçivəsində qısamüddətli mobillik istiqaməti üzrə çoxlu sayda tələbə Azərbaycandan Avropa universitetlərinə yollanır: bu günə qədər proqramın fəaliyyəti çərçivəsində 600 nəfərin iştirakı maliyyələşdirilib.

Proqramın fəal iştirakçılarından biri “Qafqaz” Universitetinin məzunu İranə Alimova olub. O, bir il Portuqaliyanın Braqansa şəhərində Kimya mühəndisliyi üzrə Politexnik Universitetdə təhsil alıb:

“Bu, yeni ölkədə keçən sadəcə bir il deyildi. Bu bir il tamamilə səni dəyişir. Akademik məşğuliyyətlə yanaşı, yeni maraqlı insanlarla, yeni mədəniyyət və dil ilə tanış olursan. Bu da dünyagörüşünün genişlənməsinə kömək edir. Eləcə də ailədən kənar yaşamaq insana müstəqilliyi də öyrədir. Bu, böyük həyat təcrübəsidir”.

Ötən il ali təhsilini başa vuran İranə Bakıda Beynəlxalq neft-kimya şirkətinin analitik laboratoriyasında işləyir. Onun sözlərinə görə, Portuqaliyada təhsil aldığı müddətdə qazandığı təcrübə bugünkü iş yerindəki vəzifəsini asanlaşdırır.

Digər istiqamət “Erasmus Mundus proqramının birgə magistr diplomları”dır. Burada Aİ magistr təhsil müddətini 2 ilədək maliyyələşdirir. Bu müddətdə tələbə iki, üç, bəzən isə dörd Avropa universitetini dəyişə bilər.

“Bu proqramın üstünülüyü ondan ibarətdir ki, məzun aparıcı Avropa universitetlərinin bir neçə diplomuna sahib ola bilir”, - deyə Erasmus+ proqramının əlaqələndiricisi P.Bağırov qeyd edir.

Tərəfdaş universitetlərin proqramı o dərəcədə razılaşdırılmışdır ki, bir universitetdən digərinə keçidlə mənimsəmə prosesində heç bir boşluq olmadan bir ixtisasa yiyələnmək mümkündür. Bu proqramda 100-dən çox ixsisas üzrə iştirak mümkündür.

“Bu istiqamətdə rəqabət çox yüksəkdir. Belə ki, bütün dünyadan tələblər iştirak üçün ərizə göndərir. Həmçinin hər il Azərbaycandan da çoxlu sayda ərizələr göndərilir. Lakin sadəcə 2-3 nəfər seçimlərdən keçə bilir. Bunun səbəbi biliklərin zəif olmasındadır”, - deyə Erasmus+ proqramının əlaqələndiricisi P.Bağırov bildirir.

Erasmus+ proqramının üçüncü ən iri istiqamələrindən biri də “Ali təhsilin potensialının yüksəldilməsi layihəsi”dir (Tempus proqramının varisi). Bu, ali təhsilin müasirləşdirilməsini dəstəkləyərək Avropa ölkələri ilə Aİ tərəfdaş ölkələri arasında universitetlərarası əməkdaşlığı təmin edir. Azərbaycanda hazırda altı layihə fəaldır.

Bakı Dövlət Universitetinin Fransız dili müəlliməsi İradə Əmiraslanova Azərbaycanda 1995 – 1999-cu illərdə ilk Tempus layihələrinin iştirakçılarından biri olub. Bu layihə Azərbaycanla Fransa universitetləri arasında yaxınlaşmanın, eləcə də Avropa ali təhsil sistemi ilə tanışlıqdan ibarət idi.

“Bu, hələ Azərbaycanda yüksək texnologiyaların olmadığı, sovet təhsil sisteminin mövcud olduğu dövr idi. Bu, bizimçün Avropa və onun təhsil sistemi ilə ilk təcrübə tanışlığı idi”, - deyə hələ də BDU-da müəllimə kimi İradə Əmiraslanova xatırlayır.

Onun sözlərinə görə, layihədə iştirak etmək hər kəsə çox şey bəxş etdi:

“Bu, Fransız dili ilə, eləcə də yeni mədəniyyətlə mükəmməl tanışlıq idi. Biz ali təhsildə yeni üsul və yanaşmalarla bağlı bir çox şeylər öyrəndik. Bütün bunlar bizim üçün yenilik idi”.

Aİ ilə Azərbaycan arasındakı təhsil sahəsində sistemin müasirləşdirilməsinə istiqamətlənmiş ikitərəfli işlər aparılır. Əməkdaşlıq 2015-ci ilin dekabrında imzalanmış Azərbaycanda təhsilə dəstək dövlət proqramına əsaslanır.

2016 – 2020-ci illər təhsil Bakı ilə Brüssel arasında ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri adlandırılır. Əsasən də ölkədə müasir peşə təhsili və sisteminin (VET) bərpasıdır.

“Biz Azərbaycanda təhsil sahəsində islahatlarla bağlı fəal çalışırıq. Aİ Azərbaycan hökumətinə dəstək məqsədilə təhsil sahəsindəki islahatlara, xüsusilə də peşəkar texniki təhsilə 19 miyon avro ayırıb”, - Azərbaycanda Aİ Nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.

Cari ilin sentyabrında ali təhsil sahəsində iki illik iri Tvinninq layihəsi başa çatacaq. Layihənin məqsədi Azırbaycanın Təhsil Nazirliyi və universitetlərinin Avropa prinsip və təcrübəsinin həyata keçirilməsində peşəkar səlahiyyətləri yüksəltməkdir. 1,3 milyon avrolu büdcəyə malik layihə Finlandiya və Estoniya təhsilin keyfiyyətinin qiymətləndirilməsi layihəsi ilə birgə həyata keçirilir.

“Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşularaq çoxsaylı islahatlara gətirib çıxardı. Lakin sistem inkişaf etməkdə davam edir və Azərbaycanın ali təhsil sahəsinin Avropa səviyyəsinə çatması lazımdır. Əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırlmasıdır”, - deyə layihənin əlaqələndiricisi Reyno Axolaynen qeyd edir.

Hazırda layihə çərçivəsində təhsil üzrə 550 mütəxxəsis hazırlıq keçib. Onlar Azərbaycanın Təhsil Nazirliyi, universitetlərini, eləcə də digər aidiyyatı qurumları təmsil edir. Apreldə layihənin qiymətləndirilməsi gözlənilir. Bundan sonra yekun nəticələr çıxarılacaq.

Azərbaycanda Aİ-nin Nümayəndəliyindən qeyd edildiyi kimi, Milli kvalifikasiya çərçivəsinin hazırlanması – əmək bazarı tərəfindən işçilərin hüquqi və institusional ixtisaslaşdırmalarının nizamlanması ayrıca istiqamət hesab olunur.

Bu ölkənin əmək bazarında ixsisaslar, ixtisaslaşma və tələbat arasında uyğunsuzluğun aradan qaldırmasına imkan yaradacaq. Eləcə də işçinin real peşəkar ixtisaslaşmasının “qiymətləndirilməsinə”, həmçinin ömürboyu təhsil prosesi üçün imkanlar yaradacaq (Life-long learning).

Əgər Azərbaycanın ali təhsil sahəsinin müasirləşməyə ehtiyacı varsa, o zaman peşə təhsilin tamamilə bərpa olunmasına ehtiyac var. Azərbaycan o ölkələrdəndir ki, burada ixtisaslı işçilərə ehtiyac VET təhsil müəssisəsinin təmin etdiyindən çoxdur.

Azərbaycanda hər il 11% məktəb məzunu peşə təhsili və təlimi müəssisələrinə daxil olur ki, bu da inkişaf etmiş ölkələrin orta göstəricisinin 40 – 60%-ni təşkil edir. Məhz buna görə də Təhsil Nazirliyi VET-i 2016-2020-ci illər üçün orta müddətli prioritet olaraq elan edib.

Aİ ilə Azərbaycan arasında peşə təhsili və təlimi əməkdaşlığın uğurlu nəticə nümunələri artıq var. Bunun yekunu olaraq 2016-cı ildə ölkənin şimal-qərb dağlıq rayonu olan İsmayıllıda peşə təhsili və təlimi müəssisənin müasirləşdirilməsi oldu.

Burada turizm və özəl biznes üçün mütəxxəsislər hazırlanır. Aİ bu layihənin həyata keçirilməsi üçün 2,5 milyon avro ayırıb. Mərkəzin rəhbəri Zaur İsmayılov hesab edir ki, buradakı məzunlar işə düzəlməklə bağlı problemlər yaşamırlar.

Azərbaycanda Aİ-nin Nümayəndəliyindən vurğulanıb ki, peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi çərçivəsində Aİ ötən ilin dekabrında Qeyri-Hökumət Təşkilatları (QHT) üçün tender elan edib. Tenderin məqsədi Azərbaycanın regionlarında peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsidir. Aİ bütün təşəbbüslərə 6,1 milyon avro ayırıb.

Aİ-nin Azərbaycan gəncləri üçün təqdim etdiyi imkanlar təhsillə kifayətlənmir. Elə layihələr var ki, burada digər ölkələrdəki gənclərlə birləşməyə, həmyaşıdları və həmfikirləri ilə ünsiyyətin qaydaya salmağa, fikir mübadiləsinə, eləcə də dil bilgilərinin yüksəldilməsinə yönəldilib. Bu layihələrdən biri də “Gənc avropalı səfirlər”dir.

“Gənc avropalı səfirlər” – Facebook-dakı açıq qrupun hərəkətverici qüvvəsidir. Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan könüllülər əməkdaşlıqda, eləcə də bilik və təcrübələrinin mübadiləsində fəal iştirak edir”, - layihənin əlaqələndiricisi Sofi Veriter deyir.

Təşəbbüs 2016-cı ilin sentyabrında təqdim edilib. Buraya 850-dən çox nəfər maraq göstərib. S.Velterin sözlərinə görə, ərizələr bütün Avropdan, daha çox isə Ukrayna və Azərbaycandan göndərilib:

“Layihənin bütün iştirakçıları böyük fəallıq nümayiş etdirir. Azərbaycandan olan iştirakçılar gənclərin cəmiyyətdəki imkanları haqqında çoxlu sayda xəbərlər paylaşaraq, bloqumuz üçün nəşrlər yazır, ünsiyyət üçün açıqdırlar”, - deyə Sofi Veriter qeyd edir.

Hazırda Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən “Gənc avropalı səfirlər”ə 100-dən çox insan qoşulub.

“Məqsədimiz – Azərbaycanı Avropa İttifaqı ölkələrinin mədəniyyəti, tarixi və həyatını yaxından tanınmasından ibarətdir. Ən vacibi isə bir-birimizlə təhsil imkanları ilə bağlı məlumatları bölüşdürməkdir. Belə ki bu, Avropanı tanımaq və gənclərimizi inkişaf etdirmək üçün ən yaxşı vasitə hesab edirik”, - layihənin Bakıdan olan fəalı Nuriyyə Həsənova (“Qafqaz” Universiteti) bildirir.

2016-cı ilin avqustunda Azərbaycanda bu təşəbbüs çərçivəsində ilk tədbir keçirilib. “Avropa Məktəbi” dördgünlük interaktiv kurs Qəbələdə - Azərbaycanda Aİ-nin Nümayəndəliyinin dəstəyilə baş tutdu.

“Mən qeyd etdim ki, bütün həmyerlilərimiz Avropanı müsbət olaraq qəbul etmir. Çoxları hesab edir ki, Avropaya ehtiyatla yanaşılmalıdır. Buna görə də azərbaycanlılara avropalıları və Avropa İttfaqını yaxşı başa düşməyə kömək etməyə qərara aldım”, - layihənin digər fəalı, ADA universitetinin tələbəsi Samir Səlimzadə deyir.

Samir əmindir ki, Azərbaycan öz unikal mədəniyyətini qorumaqla yanaşı, Avropanın bir çox məsələlərdə müsbət təcrübəsinə də sahib olmalıdır. Samirin sözlərinə görə, Aİ-nin Azərbaycan gəncləri üçün təqdim etdiyi imkanlar oluqca genişdir.

Məqalə EU Neighbours east layihəsi çərçivəsində yazılıb.

Elena Ostapenko

Tərcümə: Samirə Xankişiyeva

Paylaş:
6483

Son xəbərlər

Bütün xəbərlər