"Avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşib" - VİDEO
Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.
Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1news.az