Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçinin məhkəməsi başlayıb -FOTO
Ermənistanda bir ailənin 7 üzvünü öldürməkdə təqsirləndirilən rusiyalı hərbçi Valeri Permyakovun məhkəməsi başlayıb.
1news.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə prosesində qətl ilə bağlı yeni sensasiyalı bilgilər ortaya çıxıb.
Vəkil Yerem Sarkisyan bildirib ki, V.Permyakov “Odnoklassniki” adlı sosial şəbəkədə satanistlər qrupuna qoşularaq şeytanla anlaşıb və bir neçə nəfəri qurban kəsəcəyini vəd edib. Onun sözlərinə görə, vəkillər bu istiqamətdə araşdırmanın aparılmasını təklif etsə də, müstəntiq bunu rədd edib.
Dövlət ittihamçısı müvafiq materiallarla tanış olmadığını bildirdikdən sonra hakim məsələyə məhkəmənin növbəti mərhələsində baxılacağını deyib.
Xatırladaq ki, 2015-ci ilin yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən V.Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. V.Permyakov qətli törətdiyini etiraf edib.
1news.az