Cəzbedici qədər dəhşətli olan Hindistan – FOTO – VİDEO
Dünyada orta hesablamara görə 2 mindən çox xalq və etnos var. Sözsüz ki, hər bir xalqın özünəməxsus mədəniyyəti, adətləri və dəyərləri var.
Bir şey dəqiqdir ki, bütün xalqlarda insanların hansısa kateqoriyalara bölünməsinə rast gəlmək olar. Bu kateqoriyalar fəaliyyətlə, dinlə və bir çox digər amillərlə bağlı olur.
Bəzən bizim üçün digər insanlar üçün normal, adi olan bir şey çaşdırıcı, anlaşılmaz və hətta dəhşətli ola bilər.
Söhbət daş dövründə qalmış qəbilələrdən, feodallığın daşını hələ də ata bilməyən toplumlardan getmir. Gəlişmiş və qədim tarixə malik xalqlarda da belə hallara rast gəlmək olar.
Ta qədimdən demək olar ki, bütün xalqlar insanların sənətinə görə sərt bölünməsi dövrünü keçib.
Məsələn, köçəri həyatı yaşamış türklərdə insan bölgüsü o qədər də qabarıq olmayıb və demək olar ki, bütün soy, qəbilə və s.cəmiyyətlər əksəriyyəti ilə eynihüquqlu fərdlərdən ibarət olub. Bunun səbəbi kimi köçəri türklərin artıq uşaqlıqdan potensial hərbçi olmaqlarını gətirmək olar. Balaca uşağa, özü kimi balaca at verilirdi və onun işi-gücü at çapmaq, dovşan qovalamaq, ox atmaqla keçirdi. Və həddi-büluğa çatdıqda o artıq formalaşmış, təcrübəli bir döyüşçü olurdu. Yəni, o, artıq nə xarici, nə də daxili təhdidlər qarşısında əlacsız, gücsüz bir fərd deyildi. Bir toplum isə belə fərdlərə malik olduqda, sayca daha çox olmağına baxmayaraq, digər, daha zəif toplumları asanlıqla ram edirdi. Bununla həmçinin türklərin qədim tarixdə və orta əsrlərdə digər xalqlarla müharibə edərkən, daha çox saya malik olmaları haqda iddialara da şübhə etmək olar.
Lakin bu tarixdir, bizim söhbət isə bu günlərdə şahid olduğumuz fərqliliklərdən gedəcək.
Bu baxımdan, Hindistanın ən maraqlı misal olduğunu qeyd etmək olar.
İnsanların kəndlilərə, tacirlərə, döyüşçülərə və kahin-məmurlara bölünməsinə hər yerdə rast gəlmək olur. Bu normaldır. Lakin bəzi toplumlarda, bu bölgülər arasında münasibət sistemi də qurulub. Qədimdə Əmək məcəlləsi kimi bir anlayışın olmadığı üçün münasibət, davranış və sair qaydalar müqəddəs yazılara həkk olunurdu. Bir toplumu idarə etmək üçün bu məntiqli metod idi, çünki qaydalarda nasazlıq yarandıqda bunun günahını yaradanın üstünə atmaq çox asan idi.
Zaman keçir, yaşayış şəraiti dəyişir, müqəddəs yazılar isə, bildiyimiz kimi, çox gec dəyişir və ya olduğu kimi qalır. Bu səbəbdən də artıq müasir zamanımızda belə bu cür toplumlarda problemlər aşıb-daşır.
Manu belə demişdi
Hindistanlıların fikrincə Manu ilk insandır və hamı ondan törəyib. Çox qədim zamanlarda ilah Vişnu bəşəriyyəti suya qərq edərək yalnız Manunu (lazımsız, yazıq, heç nəyə yaramayan bir məxluqu) xilas etdi.
Sudan çıxdıqdan sonra, Manu üst-başını qurudur, gedir oturur banyan ağacının altında və insanların riayət edəcəyi qaydaları yazır.
İnduistlər bu hadisələrin 30 min il öncə baş verdiyini iddia edirlər (yeri gəlmişkən, tarixçilərin fikrincə Manunun qaydaları ermaızdan əvvəl II-I-ci əsrə təsadüf edir və sənədin bir neçə müəllifi var). Bir çox digər dini manuallarda olduğu kimi, Manunun qaydaları da insan həyatının ən xırda detallarına belə - uşağı bələməkdən tutmuş yemək reseptlərinədək həddindən aşırı diqqət yetirir.
Lakin, bu qaydalar arasında daha əsas şeylər var. Məhz Manunun qoyduğu qaydalara görə hindlilər 4 təbəqəyə - varnaya bölünür.
Brahmanlar
Kahinlər. Brahmanın ağzından (dodaqlarından) yaranıblar. Əksəriyyəti məmur kimi fəaliyyət göstərir. Ən məşhur Brahman Cavaharlal Neru idi.
Kşatrilər
Brahmanın qollarından yaranmış döyüşçülər. Ən yüksək kastaya brahmanların aid olmasına baxmayaraq, racalar və maharacalar adətən kşatrilərin içindən çıxıblar. Məsələn, Budda Şakyamuni kşatridir.
Vayşyi
Tacirlər və əkinçilər Brahmanın ombalarından yaranıb. Qandi ailəsi vayşyidir və vaxtı ilə Brahman Nerularla qohum olmaları böyük skandala səbəb olmuşdu.
Şudra
Muzdlular, nökərlər, sənətkarlar – Brahmanın dabanından yaranıblar. Məsələn, şudralar alilərə və alılara bölünür. Ən məşhur şudra Mithun Çakrabortidir. İt əti yeyən çandalların adını belə ağıza almaq isə Hindistanda ədəbsizlik sayılır, çünki onlar təsəvvüründə çandallar heç insane deyil və rəvayətə görə, palçıqdan yaranıblar. Yeri gəlmişkən, bu toxunulmazlar Hindistan əhalisinin 20%-ni təşkil edir. İlk dəfə toxunulmazların hüquqlarını qorumağa başlayan Mahatma Qandi onları “xarican” – “Allah adamları” adlandırırdı. Lakin onlar özlərini “dalit”, yəni “sınmış” adlandırmağa üstünlük verirlər.
Alçaqların alçaqları
XVIII-ci əsrdə cərəyan edən Ost-İnd kampaniyası dövründə Hindistanın maddi və mənəvi zənginliyi avropalıları valeh edirdi. Nağıl ölkəsində romantikaya aid hər şeyə rast gəlmək olurdu: məbəddə yaşayan rəqqasə-fahişələr, çoxlu sayda intiharçılar, yaqutlarla bəzədilmiş çalma taxan şahzadələr, qızıl palanlı fillər.
Məhz o dönəmdə Avropada pariya (hər bir insan hüququndan məhrum olmuş şəxs) sözü məhşurlaşdı. 1780-ci ildən 1850-ci ilədək Avropada başlığında pariya sözü yazılmış 100-dən çox roman, hekayə və poema yazıldı. Onlardan ən məşhuru Höyenin “Pariyanın mahnısı” əsəridir. Avropalılar kiminsə doğuluşdan ən adi hüquqlardan – su quyusundan içməkdən, məbədə girməkdən, küçədə digər insanlarla danışmaqda məhrum olma ideyasını anlaya bilmirdilər. Əgər Avropadapariya sözü romantic abu-havaya malik idisə, Hindistanda bu söz nifrətə səbəb olurdu. Çünki bu dəhşətli bir şey idi – pariya müxtəlif varnalara aid olan insanların qadağan olan sevgisindən dünyaya gələn uşaq idi. Hətta indi belə nəinki müxtəlif varnalar, həmçinin müxtəlif kastalar arasında nigan çox nadir haldır. (İstisnalar kşatrilər idi – onlar daha aşağı varnalardan özlərinə arvad ala bilirdi. Sözsüz ki, döyüşçülər üçün həmişə istisnalar olur. Əks təqdirdə, onların qarşısını almaq daha çətin olardı. Edlə məhz onun üçün, əksər kastalar üçün vacib olan vegetarianlıq (ət yeməmək) kşatrilərə aid edilmir).
Onu da qeyd etmək lazımdır ki, avropalılar istila zamanı belə Hindistanı lazımi qədər anlamamışdılar. Hindistanda parilər az idi, lakin toxunulmazların sayı həddindən çox idi.
Gigiyena əxlaq tərzi olarsa
Hindistan xüsusi iqlimə malikdir. Rütubətli və isti hava, insan sıxlığı (Hindistanda minillər boyu əhalini sıx yaşaması adi hal kimi qəbul olunur), gigiyenaya bayağı yanaşmaq buraya xas olan amillərdir.
Britanıyalılar Hindistanı işğal edərkən dizenteriya və xolera kimi xəstəliklərdən, rəqibin qılıncından daha çox əziyyət çəkirdilər. Hər yeni racalığı və ya bölgəni fəth edərkən onlar ilk növbədə yerli əhalini əllərini yumağa öyrədir və yalnız sonra müdafiə-fortifikasiya işlərinə başlayırdılar. Amma onu da qeyd etmək lazımdır ki, hindistanlılar xəstəliklər haqda bilgilərə yiyələndikdə britaniyalıların əcdadları üzlərinə mavi yağ sürtərək bir-birilərini yeyirdilər. Ərəbistana, Çinə tibbi biliklər məhz buradan gedib. Hindistanda cərrahlar 2 min il öncə su çiçəyini peyvənd edə bilir, narkoz altında əməliyyat keçirir və hətta bakterisid maddələr sayəsində infeksiyanın yayılmasının qarşısını ala bilirdilər.
Ola bilsin ki, elə məhz buna görə, Hindistanda əhali “təmizlərə” və “natəmizlərə” bölünüb. Təmiz varnaların nümayəndələri tez-tez çimir, paltarların ağ olmasına xüsusi diqqət yetirir və palçıqda qurtdalananları yaxın məsafəyə buraxmırdılar.
Son dömədək toxunulmazlar kastalarının Hindistanın əhalisindən fərqli etniki xüsusiyyətə malik olduqları düşünülürdü. Elə indidə yerli dərsliklərdə arilər tərəfindən fəth edilmiş qəbilələrin toxunulmaz olduqları yazılır, çünki onlar idarə edən sakinlərdən xarici görünüşü və dili ilə fərqlənirlər. Lakin dalitlərin minillərlə ayrı, heç kimlə əlaqəyə girməyərək yaşadığını nəzərə alsaq, genetiklərin onların digər hindistanlılardan fərqli olmadıqlarını sübut edən son “araşdırmaları” təəcüb doğurmamalıdır.
Toxunulmazlara ən alçaq şudralar, həmçinin varnalarda daxil olmayan kastaların nümayəndələri və ənənəvi olaraq zibilyığan, assenizator, dəri işinə baxan, saxsı düzəldən, heyvan kəsən, balıqçı, paltaryuyan, çəkməci, yol işləri ilə məşğul olan insanlar aid edilir. Digər sözlərlə Manunun qaydalarında qeyd edilən 3 mundar şeylə - natəmizliyə, leşə və gilə toxunan, həmçinin küçədə səfillik edən insanlar toxunulmaz sayılır.
Ona görə də, bir çox halda hindistanlı qapısına gələn tanımadığı adama su vermir. Bu qəddarlıq yox, qayda tələbatıdır.
Natəmizliyin kralları
Hind əsilli britaniyalı jurnalist Ramita Nəvai dalitlərin həyatı ilə bağlı inqilabi sənədli film çəkərkən bir çox şeydən keçməli oldu. Çəkilişlər zamanı siçovulları qızardaraq yeyən dalit yeniyetmələri, kanalizasiyada çimən və ölü itin hissələri ilə oynayan uşaqları, qurumuz donuz dərisindən özünə paltar tikən qadını lentə almağa nail oldu. Əlləri ilə tualetləri təmizləyən qadınların işinə görməyə gedən Ramita, üfünətə dözməyərək elə kamera qarşısında yediyini mədəsindən geri qaytardı.
“Dalit sınmış deməkdir” filminin sonunda R.Navai “Bu insanlar niyə belə yaşayır?” sualını verir. Çünki bu insanlar qaydalardan kənara çıxa bilmir. Necə ki brahmanın övladı səhər və axşam vaxtlarını dua edir, balaca kşatri isə 3 yaşından ata mindirilir və qılınc oynatmağa öyrədilir.
Dalit üçün natəmizlikdə yaşamaq məharət, ustalıqdır. Bəlkə də, qədim hindlilər “məşq edilmiş immunitet” nəzəriyyəsindən xəbərsiz idilər, lakin bunun praktikada necə işlədiyinə çox yaxşı bələd idilər. Onların fikrincə sən uşağını nəcasətlə dolu səbətə qoyarkən onu qorumuş olursan. Müasir hindistanlı santexniklər nəcislə dolu kanalizasiya quyularına kəllə vuraraq turistləri dəhşətə gətirirlər. Onlar işlərini daha təmiz görə bilərdilər, lakin dalitlər bilirlər ki, natəmizlikdən qorxan çox yaşamır.
Onu da vurğulamaq lazımdır ki, dalitlər əksər hallarda heç də kasıb olmurlar. Onların işinə tələbat həddindən çoxdur və hər yerindən bu işi ya görməz, ya da görə bilməz.
Dalitlərə nə etmək olmaz
Hindistanın konstitusiyası varna və kasta kimi anlayışları tanımır və burada o ölkəsini çox qabaqlayıb, çünki əhalinin təxminən 90%-i Qandi və Nerunun qanunlarından çox Manunun qaydalarına hörmət edirlər. Ölkənin 4 ən böyük şəhəri olan Dehli, Mumbay, Kəlkətə və Madrasda dalitlər özlərini nisbətən rahat hiss edirlər. Lakin daha kiçik şəhərlərdə və kəndlərdə vəziyyət keçmişdəki kimi qalır. Orada dalitlərə ümumi su quyularından və kolonkalardan istifadə etmək qadağandır. Onlar trotuarlarda gəzə bilməz, çünki bilmədən daha yüksək varnaya aid olan insana toxuna bilərlər və onlar öz növbəsində gərək məbədlərdə bu toxunuşdan “təmizlənməlidirlər”. Buna baxmayaraq yüksək kastalara toxuna bilən toxunulmazlar da mövcuddur. Məsələn bərbərlər.
Lakin bəzi şəhərlərdə və kəndlərdə onlara gözə görünmək qadağandır. Dalitləri məbədlərə bə buraxmırlar. Yalnız ildə bir neçə dəfə onlara məbədlərin kandarından keçməyə icazə verirlər, lakin sonra orada geniş təmizlik işləri aparılır. Əgər dalit dükandan nə isə almaq istəyirsə, o pulu dükanın girişinə qoyub, qışqıraraq nə almaq istədiyini deməlidir. Dalitə yüksək kastanın nümayəndəsi ilə söhbətə başlamaq, ona hətta zəng vurmaq qadağandır. Hindistanda dalitlərə yemək verməyə imtina edən yeməkxana sahibləri ilə bağlı cərimə qanunları tətbiq olunmağa başlayandan sonra onlar üçün xüsusi qab-qacaqla dolu dolablar qoyuldu. Bununla belə, əgər yeməkxananın ayrı otağı yoxdursa, dalitlər yeməklərini küçədə yeməli olurlar (qeyd edək ki, Hindistanda hər 5 insandan biri dalitdir).
Bu qaydaları pozduğuna görə dalitləri qəddarcasına “cəzalandırırlar”. Rəqəmlər dəhşətlidir. Hər həftə Hindistanda dalitlərə qarşı zorakılıqla bağlı 4 min insident baş verir. Bəzi araşdırmalara əsasən, ölkədə hər saat 2 dalit qətlə yetirilir, 3 dalit qadın zorlanır və 2 dalit evi yandırılır. Bu statistikaya söyüş və döyülmə kimi “xırda” amillər heç daxil edilmir
Məsələn, 2008-ci ildə dalit qadın 6 yaşlı qızı ilə trotuarda gəzməyə qərara alıb və bilmədən yoldan keçənə toxunublar, o isə, öz növbəsində acıqlanaraq balaca qızı, yol işçiləri tərəfindən qalanan tonqalın içinə atıb. 2005-ci ildə Caypur yaxınlığında yerləşən kənddə 6 kəndçi “təmiz” kastadan olan qızla danışdığı üçün dalit yeniyetməni döyərək qətlə yetiriblər.
Hətta Hindistanda bir kənddə dalitlərin evlərini digər tikilələrdən ayıran 3-metrlik divarın tikilməsi ilə bağlı məhkəmə işi olmuşdu. Narazıçılıq divarda yox, onun üzərindən çəkilən yüksək cərəyanlı simlər olub. Məhkəmənin qərarı ilə cərəyan ləğv olundu, lakin divar saxlanıldı...
Yenə 2008-ci ildə təntənəli toy etmək istəyən dalit, yerli adət-ənənəyə uyğun olaraq, gəlinin dalınca at belində getməyə qərara alır. Lakin, qaydaya əsasən, dalitlər atın belinə otura bilməz. Buna görə də yerli sakinlər dalit icmasına xəbərdarlıq göndərir ki, əgər bəy ata minsə, onu və qonşularını qana boyayacaqlar. Nəticədə atın belinə minən bəyi gəlinin yanına polis və tibbi yardım heyəti müşaiyət edib. Bu kortecə 400-dən çox xidməti avtomobil cəlb olunmuşdu.
Dəyişmək istəyənlər
Əgər dalitlərin bir çoxu öz həyat və güzəranları ilə barışırsa, burada da istisnalar olur. Bunlardan biri, vaxtı ilə ingilislərin sərt təkidi ilə məktəbə getmək hüququ qazanan Bhimrao Ramci Ambedkardır. Ambedkar toxunulmaz kastasındandır, lakin XX-ci əsrin birinci yarısında ilk təhsil hüququ alan dalitlərdən biri olub. Düzdür sinifdə o, xüsusi pərdə arxasında oturur və özü ilə məktəbə su gətirirdi. Çünki ona nəinki məktəbin qabından su içmək, hətta öz dodaqları ilə tualetdəki krantları mundarlamaq belə olmaz idi. Orta təhsili Hindistanda alan Ambedkar ali təhsil üçün ABŞ-a gedir və qayıtdıqda dalitlərin hüquqlarını qorumağa başlayır.
Nəticədə, o dalitlərin hüquqlarının qanunverici səviyyədə qorunmasına nail oldu. Lakin dalitlərin hüquqlarının qournması məsələsində də ifratlar az deyil. Məsələn hər təhsil ocağı, şirkət və sair qurumlar məcburi olaraq müəyyən sayda dalit qəbul etməlidirlər. Dalitlər arasında isə ali təhsilə və məmurluğa istək az olduğu üçün, hansısa tənbəl, bivec dalit, ağıllı və ya istedadlı digər kastaya aid uşağın və ya gəncin yerini tutmuş olur. Dalit oxumağa meyli və çalışqan olduğu halda olsa belə, hamı onu “siyahı alçağı” adlandıracaq. Çünki digərlərindən fərqli olaraq o kvota sayəsində oxuyur və yaxud işləyir.
Yuxarıda qeyd edildiyi kimi, dalitlərin kasıb olduğunu demək də həqiqətə uyğun deyil. Çünki, öz kastası ilə əlaqələrini kəsməyən və onun sənəti ilə məşğul olan dalit, əksər hallarda digər kastaların insanlarından daha yüksək gəlir əldə edir. Həm də ki, dalitlərin etiraz aksiyası hər bir şəhərin həyatını tamamilə iflic vəziyyətinə gətirə bilər.
Hindistanda acından ölən brahman və ya kşatrilərə rast gəlmək daha asandır nəinki çörək tapa bilməyən dalit ailəsini (açıqcası brahmanlar dalitlərin ən hörmət etdiyi yeməyi acından ölsə belə dilinə vurmaz).
Bununla belə, dalitlər qanuni baxımdan o qədər də hüquqsuz sayıla bilməz. Məsələn, 1997-2002-ci illərdə Hindistanın prezidenti olan Koçeril Raman Narayanan dalit idi.
Əksər hallarda dalitlər vəziyyətlərindən narazı olmurlar. Onar öz gettolarında yaşayır, öz evlərində qurulmuş məbədlərində dua edir, yalnız kastalarından olan insanlarla təmasa girirlər. Digərlərinə onlar laqeyd yanaşırlar və cəmiyyətə inteqrasiya etməyə tələsmirlər. Onların psixologiyası hippi psixologiyasına yaxındır. Və bir çox turistlər qeyd edirlər ki, dalitlərin kasıb və eybəcər yaşayışı insanların üzlərindən getməyən gülüşlə kontrast yaradır.
Hindu düşüncəsinə görə hər insan ötən həyatındakı əməllərinə görə bu həyatda öz yerini tapır. Yəni əgər sən zibilyığansansa – yaxşı zibilyığan ol. Gələcək həyatında şah olmasan belə, hansısa jurnalın və ya qəzetin redaktoru ola bilərsən. Problem isə dalitin dalit kimi yaşamamasından, ümumi nəqliyyatdan istifadə etmək, hamı kimi geyinmək, kafelərə, kinoya, dükanlar getmək istəməsindən sonra başlayır.
Qanun dalitə bunu etməyi icazə verir. Lakin cəmiyyət buna imkan versə belə, nifrətlə qarşılayır. Hətta öz kastasının ənənlərinə uyğun geyinməsə belə, dalit digər kastaların nümayəndələrindən fərqlənir (buna səbəb yüzillərlə kastadaxili nikahlardır). Bir tərəfdən, öz kastanı gizlətmək də təhlükəlidir. Birdən yalanın üstü açıldı? Bu isə faciyəyə apara bilər.
Dalit-şair Nirav Patel onun əlini sıxmağa məcbur olan insanlar barədə yazırdı: “Bu anlarda mən onlardan daha çox əziyyət çəkirdim, çünki onların nifrət hissi və bu hissi gizlətmək istəkləri onların əlindən cərəyan kimi mənim əlimə keçirdi. İnanın ki, o anlarda mən həqiqətəndə belə insanlara təəsüf edirdim”.
Toxunulmazlar da müxtəlifdirlər
Çandallar
Dalitlərin içində ən dalitəri çandallardır (həmçinin bhanqi, çurxa və digər kastalar) – zibilyığanlar və assenizatorlar (kanalizasiya və nəcasətlə məşğul olanlar). Məhz onlar öz həyatlarını natəmizliklə mübarizəyə həsr ediblər. Əgər sən qarşında ümumi tualetin yanında suda oynayan uşaq, başdan-ayağa balıq içalatına yaxanmış qadın, və yaxud gedərkən üstündən nə isə qara rəngdə bir şeyin qopub yerə düşdüyü kişi görürsənsə, əmin ol, bu çandaldır. Hətta, gəlir əldə etmək üçün uşaqlarının belini qıran və gözlərini çıxardan yoxsullar kastası çandallara iyrənc hissi bəsləyirlər.
Devadasi
Məbədə aid olan fahişə-rəqqasələr isə, müxtəlif səbəblərdən ailələri tərəfindən böyüdülməyən qızlardan oluşur. Əksər hallarda, devadasilər çandallardan çıxırlar.
Onlar məbədlərdə yaşayır, ayin rəqslərində iştirak edir və ən dindar insanlarla yatırlar. Lakin fahişəlikdən gələn onlara yox, kahinlərin cibinə gedir. Anlaşıldığı kimi, devadasilər o qədər də toxunulmaz deyil. Məsələn onlarla yatmaq hindlilər üçün savab bir işdir, lakin devadasi ilə eyni qabdan yemək yeməyə çətin kimsə razı ola.
Son zamanlaradək devadasilər Hindistanda adi hal kimi qarşılanırdılar, lakin İndira Qandinin dönəmindən minillik ənənələr sarsıldı. Hal-hazırda ölkədə məbəd fahişəliyi qanundan kənardadır və devadasilər yalnız cənub ştatların ən ucqar nöqtələrində tapmaq olar.
Hicrilər
Hindistanda axtalanmışlardan, transseksuallardan və homoseksuallardan ibarət kasta tarix boyu mövcud olub. Tam hicri – cinsiyyət orqanları tamamilə kəsilmiş xədimdir. Lakin kastada adi homoseksuallara da rast gəlmək olur. Adətən hicrilər “ailələrlə” səyahət edir. Onların başında “mama” adlanan başçı durur. Onlar fahişəliklə, rəqslərlər və sakral xidmətlərlə məşğul olurlar. Məsələn, Hindistanda bəy və gəlin çox uşaq sahibi olmaq istəyirsə vacib olaraq toylarına hicriləri dəvət edirlər. Onlar insanlara xeyir-dua verir. Lakin hicrilər bəd-duaları ilə də məşhurdurlar, öz qurbanlarına sonsuzluq və iqtidarsızlıq arzulaya bilirlər. Bunun üçün onlar donlarını qaldırıb cinsiyyət əlaməti olmayan yerlərini göstərərək bir sıra təhqirlər söyləyir.
Kast sisteminin emiqrantları
Nadarlar ənənəvi olaraq çəkmə araqçılıqnan məşğul olmuş kiçik tamil kastasıdır. Və onların bu fəaliyyəti nadarları toxunulmazların sırasına qatırdı. XIX-cu əsrin sonlarında nadarlar bundan bezdilər. Britaniya inzibatçılığından torpaq alaraq nadarlar əkinçiliklə məşğul olmağa başladılar. Onlar bu torpaqda məbədlər və məktəblər tikdilər, palma arağı çəkməkdən uzaqlaşdılar, vegetarian oldular, gündə 2 dəfə çimməyə, tər-təmiz ağ paltar geyməyə və dəbli saç düzümü etməyə başladılar. Bundan əlavə, onlar özləri üçün kastalarını “təmizləyən” Mahodar sərkərdədən gəlmələri haqda kiçik rəvayət də uydurdular. Hal-hazırda nadarlar “təmiz” sayılır və böyük hörmətə malikdirlər. Bu da qurtuluş növü kimi qəbul edilməlidir. Kimin ehtiyyatında yüz ili yoxdursa başqa metodlara əl atmalı olur.
Ən yayqın metod induizmdən ayrı dinə - xristianlıqa, buddizmə, islama keçməkdir. Bu dinlər kasta sistemini tanımırlar və bir çox hallarda dini dəyişənləri dəstəkləyir, onları işlə və qoruma ilə təmin edir. Lakin hindistanlı xristianlar və müsəlmanlar üçün kast anlayışı o qədər də uzaq deyil. Yerli adət-ənənə bir çox halda dini inancları üstələyir. Məsələn müsəlmanlar çoxluq təşkil edən Racastanda keçmiş dalitlərə hücumlar hinduist ştatlarında olan vəziyyətdən o qədər də fərqlənmir.
Bundan əlavə, xaricə qaçmaq və öz yurdunu dəhşətli bir yuxu kimi yaddan çıxarmaq olar. Bir çox insan məhz bunu edir. Bəzi hörmətli brahmanlar və kşatrilər məhz bu səbəbdən xaricə getmək fikrindən daşınırlar. Çünki əcnəbi ölkələrdə toxunulmazlar saysız hesabsızdır, xaricilərin isə bundan xəbəri yoxdur...
Sözsüz ki, hər bir xalqın və toplumun adət-ənənəsinə hörmətlə yanaşmaq ədəbli olar. Lakin qeyd edilənlər insanda “Nə yaxşı ki, Azərbaycanda doğulmuşam!” sözlərini deməyə sövq edir.
1news.az