Qətərlə diplomatik əlaqələri kəsən ərəb ölkələrinin sayı 7-yə çatıb – YENİLƏNİB
Daha bir ölkə Qətərlə diplomatik əlaqələri dayandırdığını bəyan edib.
1news.az “AP”yə istinadla xəbər verir ki, bu, Maldiv adalarıdır. Ölkənin Xarici İşlər Nazirliyi bu addımı Qətərin radikal islamçı qruplara dəstək verməsi ilə izah edib.
Bununla da Qətərlə diplomatik əlaqələri kəsən dövlətlərin sayı 7-yə çatıb. Bunlar Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, Yəmən, Liviya və Maldiv adalarıdır.
Qeyd edək ki, Maldivlə Qətər arasında diplomatik münasibətlər 1984-cü ildə qurulub.
12:44
Yəmən və Liviya bir sıra ərəb ölkələrinin Qətərə münasibətdə qəbul etdikləri qərara qoşulublar. Bununla da Qətərlə diplomatik əlaqələri kəsən ölkələrin sayı 6-ya çatıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bazar ertəsi günü səhər Yəməndəki Ərəb koalisiyası Dohanı Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəkləməkdə təqsirləndirərək Qətəri öz sıralarından çıxardıqlarını bildiriblər. Bir qədər əvvəl eyni bəyanatla Liviya da çıxış edib.
Qətər isə öz növbəsində ərəb ölkələrinin bu qərarından təəssüfləndiyini və onu əsassız hesab etdiyini bildirib. Həmçinin Doha ərəb ölkələrinin qəbul etdiyi qərarın ölkə vətəndaşlarının və rezidentlərinin həyatına təsir göstərməyəcəyi barədə bəyanat yayıb.
S.Xankişiyeva
09.10
Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.
Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.
Qətərlə digər ərəb ölkələri arasında münasibətlər bu yaxınlarda Ər-Riyadda keçirilən sammitdən sonra pisləşib. Belə ki, Qətərin dövlət xəbər agentliyi ölkə əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına çağırıb. Bundan sonra Qətər XİN-in rəsmi nümayəndəsi belə bir bəyanatın verilmədiyini bildirib, məlumatın dərcini agentliyin saytının hakerlər tərəfindən sındırılması ilə izah edib.
S.Xankişiyeva