Azərbaycanda həvəskar futbol turnirinin püşkü atıldı, sabah yarışlara start verilir | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanda həvəskar futbol turnirinin püşkü atıldı, sabah yarışlara start verilir

17:45 - 21 / 05 / 2016
Azərbaycanda həvəskar futbol turnirinin püşkü atıldı, sabah yarışlara start verilir

Sabah Azərbaycanda həvəskar futbol turnirinə start verilir.

1news.az-ın məlumatına görə, bu gün Olimpiya Stadionunun mətbuat zalında komandanın nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı turnir haqda təqvim, reqlament və digər məsələlər müzakirə olunub.

“Sport Marketing Group” şirkətinin rəhbəri Ayaz Əhmədov bildirib ki, turnirlə bağlı hazırlıq işləri artıq yekunlaşıb.

Turnirə kifayət qədər böyük marağın olduğunu deyən şirkət rəhbərinin sözlərinə görə, çempionatda 24 komanda mübarizə aparacaq.

Komandalar 4 qrupa (A, B, C və D) bölünüb və hər qrupda 6 komanda yer alıb. İlk iki yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Xalları eyni olan komandalar arasında qalib isə top fərqi ilə müəyyənləşdiriləcək. Yəni, top fərqinə görə üstün olan komanda növbəti mərhələyə adlayacaq.

Sabah komandalar arasında ilk görüşlərin keçirələcəyini deyən A.Əhmədov turnirdə peşəkar futbolçuların çıxışına yol verilməyəcəyini də qeyd edib:

“Turnirin əsas şərtlərindən birinə görə, komandada son beş ildə hər hansı peşəkar futbol (futzal) liqasında oynayan peşəkar futbolçu olmamalıdır. Komandaların bizə təqdim etdikləri bütün oyunçular AFFA-nın qeydiyyat bazasında yoxlanılıb və peşəkar futbolla məşğul olduqları üzə çıxan bəzi şəxslərin adları komandaların siyahılarından çıxarılıb”.

Daha sonra turnirlə bağlı müzakirələr aparılıb. Əsas müzakirə mövzularından biri turnirdə iştirak edəcək komandaların üzvlərinin sayı ilə bağlı olub. Belə ki, komandaların nümayəndələri hər komandada cəmi iki ehtiyat oyunçunun olmasını az hesab ediblər və komanda üzvlərinin sayının artırılmasını təklif ediblər. Bunu nəzərə alan turnirin təşkilat komitəsi komandaların üzvlərinin sayının 8-dən 10-na qaldırılmasına razılıq veriblər.

Sonra turnirin püşkatması keçirilib. Püşkatmanın nəticələrini təqdim edirik:

A qrupu

Galaxy Travel

Olimp

Ramin FC

Neapol

Prospekt United

Total

B qrupu

MM

İnsels

Quyruq United

Red Evils (1news)

Lester

Squadra Azzera

C qrupu

Palma

SOCAR AQŞ

Legioners

Qaradağ Lökbatan

Avrora

Fortuna

D qrupu

İntex-TNT

Beynəlxalq Bank

Viva SOCAR

Muğan Bank

Avalance FC

FKİT

Püşkatmadan sonra sabah keçiriləcək ilk oyunların təqvimi açıqlanıb. Təqvimə görə, ilk görüşlər A və B qruplarında baş tutacaq. Belə ki, saat 10:00-da başlayacaq oyunlarda A qrupunda “Galaxy Travel”lə “Olimp”, B qrupunda isə “Lester” ilə “Squadre Azzera” komandaları qarşılaşacaq.

Onu da bildirək ki, sabah bütün qruplarda oyunlar keçiriləcək. A və C qruplarının bütün komandaları meydana çıxacağı halda, B qrupunda yalnız "Quyruq United"- "Red Evils" oyunu olmayacaq. D qrupunda isə bir görüş keçiriləcək – “İntex-TNT”lə “Beynəlxalq Bank” komandaları qarşılaşacaq. Bu qrupda yer alan “Viva SOCAR”, “Muğan Bank”, “Avalance” və FKİT komandaları isə istirahət edəcək.

Qeyd edək ki, həvəskar futbol turnirinin təşkilatçısı “Mini Futbol Liqası” (MFL) şirkətidir. Bir ay ərzində keçiriləcək yarış “İlk MFL Kuboku” adına layiq görülüb.

Artıq qeyd etdiyimiz kimi, ilk “MFL Kuboku” sabah - mayın 22-də başlayacaq və bir ay davam edəcək. Oyunlar Bakı Olimpiya Satdionunun ərazisində, “Sportster” şirkətinin yeni meydanlarında keçiriləcək.

Qalib komandanın üzvləri bu ilin yayında Fransada keçiriləcək Avropa Çempionatının yarımfinalına gedəcəklər.

Bununla yanaşı, komandanın bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və yarımfinal oyununa bilet xərcləri ödənəcək.

1news.az

Paylaş:
1871

Son xəbərlər

Bütün xəbərlər