NBCBank-ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb – YENİLƏNİB
NBCBank ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.
1news.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.
"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək".
1news.az
17.42
NBCBank ASC bank fəaliyyətini həyata keçirmək üçün lisenziyasının bərpa olunduğunu elan edib.
“Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur və bankın lisenziyası bərpa olunur.
3 fevral tarixindən etibarən bütün bank əməliyyatları üzrə xidmətlər bərpa olunacaq”,- bu haqda NBCBank-ın Facebookdakı rəsmi səhifəsində məlumat yerləşdirilib.
Xatırladaq ki, Bankın lisenziyası 25 yanvar 2016-cı il Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv olunmuşdu. AMB qeyd etmişdi ki, bank öz fəaliyyətini güvənli və prudensial ardıcıllıqla idarəetmir.
26 yanvardan etibarən NBCBank-da müvəqqəti rəhbərlik təyin olub.
27 yanvar tarixində AR “Əmanətlərin sığortalanması” qanununun 22.3.1 maddəsinə əsasən NBCBank ASC ADIF-ə üzv banklar reytinqindən çıxarılıb.
Qeyd edək ki, 1992-ci il 30 dekabr tarixində aksioner- kammersiya bankı kimi qeydiyyatdan keçən bank, 17 yanvar 2002-ci ildə adını və fəaliyyət istiqamətini dəyişərək “NBC Kommersiya Bankı kimi fəaliyyətinə davam edib. 2005-ci ildə isə ASC-yə çevrilib.
1news.az