Maliyyə Bazarlarına Nəzarət Palatası pensiyaçılara kredit verilməsinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə məlumatı Facebook sosial şəbəkəsində aydınlıq gətirib.
“Bu gün aprelin 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycanda bank sektoru nümayəndələri ilə görüşü baş tutdu. Görüş zamanı hazırda kredit təşkilatlarının qarşılaşdığı problemlər, bəzi kateqoriyadan olan vətəndaşlara, əsasən də pensiyaçılara kreditlərin verilməsinin dayandırılması ilə bağlı geniş müzakirələr aparılıb”.
“Bank sektorunun nümayəndələrinə qulaq asdıqdan sonra R.Aslanlı banklara müvəqqəti olaraq pensiyaçılara kredit verilməsini məhdudlaşdırmağı məsləhət görüb”, - bu haqda 1news.az-a Palatadan bildirdilər
Həmsöhbət həmçinin agentliyə bildirdi ki, hazırki qərarın qəbul olunmasına səbəb pensiyaçıların sosial vəziyyəti ilə bağlıdır. Belə ki, onlardan çoxunun ödəniş qabiliyyəti aşağı olduğu üçün kreditləri vaxtında ödəyə bilmirlər.
Qeyd edək ki, hələlik Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditlərin verilməsinin məhdudlaşdırılması və ya hər hansı bir kateqoriyadan olan vətəndaşlara kreditlərin verilməsinin dayandırılması barədə rəsmi qərarı yoxdur.
Məlumatda həmçinin qeyd olundu ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının bu görüşü keçirməsinin əsas səbəbi bank sektorundan məlumatların ictimaiyyətə yayılması ilə bağlı olub.
Xatırladaq ki, cari ilin fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmasının məqsədi Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etməkdir.
Müəyyən edilıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:
İşçi qrupunun rəhbəri: Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri; İşçi qrupunun üzvləri: Asim Məmmədov - “Xalq Bank” ASC-nin sədri; Cəlal Qasımov - “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri; Faiq Hüseynov - “Unibank” ASC-nin İdarə Heyətinin sədri; Rövşən Cavadov - Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin direktoru; Zəka Mirzəyev - Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri.
İşçi qrupuna tapşırılıb ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin; Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinə isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etmək həvalə olunub.
1news.az