Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO
Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib. Mərasimdə əvvəlcə SOCAR istiqrazları barədə reklam filmi nümayiş etdirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, SOCAR hazırda işçi sayına və büdcəyə ödədiyi vergilərə görə avanqarda çevrilib:
“SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq. Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib.
Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların buraxılışı tək mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür”.
SOCAR ıstiqrazlarını "AzFinance Invest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Rabitəbank” və “Xalq Bankdan” əldə etmək mümkün olacaq. İstiqrazlar bütün növ vergilərdən azaddır.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, hazırda SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir.
"SOCAR istiqrazlarının ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafında müstəsna xidmətləri olacaq. Bu istiqrazlar dövlət-vətəndaş həmrəyliyinə öz əhəmiyyətli töhfəsini verəcək", - deyə N.Əmirov əlavə edib.
AZƏRTAC