Aviasərnişinlərin ən xoşagəlməz 7 tipi | 1news.az | Xəbərlər
Cəmiyyət

Aviasərnişinlərin ən xoşagəlməz 7 tipi

16:32 - 16 / 07 / 2019
Aviasərnişinlərin ən xoşagəlməz 7 tipi

Təyyarə bələdçilərinin işi çoxlarına romantik görünsə də, bu zahiri cəlbediciliyin arxasında gərgin əmək dayanır. Hər reys yüzlərlə insan, hərənin öz xarakteri və tələbləri ilə bağlıdır və hər kəslə "dil tapmaq" lazımdır.

Stüardessaların belə hallarda özlərini təmkinli aparmaları barədə onlara xüsusi təlim keçilir. Bəs salondakı qonşunuz özünü heç də yaxşı aparmırsa, siz nə etməlisiniz? Yəqin ki, siz də belə səhnələrin şahidi olmuşunuz: sərnişinlərdən biri öz şəxsi əşyaları ilə az qala bütün baqaj bölməsini tutur, yaxud "şuluqluq edir", uşaq kimi ayaqlarını sizin kresloya vurur, yaxud sizinlə yanaşı əyləşən vətəndaşın çirkli corablarının "ətiri" sizi hövsələdən çıxarır...

Hər bir heyət xoşagəlməz sərnişinlərlə bağlı əhvalatlar söyləyə bilər.

1news.az bildirir ki, AZƏRTAC "www.tonkosti.ru" saytına istinadla salondakı qonşularını "cinləndirən" sərnişin tiplərinin təyyarə bələdçilərinin müşahidələrinə əsasən tərtib olunmuş "reytinqini" təqdim edir:

7. Qabaritli qonşu

Belə sərnişin salonda yeri pəncərənin yanında olan sərnişinlər üçün əsl bəladır: uzunayaqlı və ya iri vətəndaş öz yerindən əlavə sizin yerinizin də bir hissəsini tutur, üstəlik, keçid yolunu da kəsir. Əgər o, möhkəm yuxuya gedibsə, onun üstündən heç cür keçə bilməyəcəksiniz.

6. Boşboğaz qonşu

Siz uçuş vaxtından səmərəli istifadə etmək üçün özünüzlə bir kitab götürmüşünüz, yaxud maraqlı bir film tapmışınız və indi həmin filmə baxıb ləzzət almaq istəyirsiniz... Amma sizinlə yanaşı əyləşən qonşunuzun tamam başqa planları var. O, çox ünsiyyətcil adamdır və hesab edir ki, ətrafdakılar onun söhbətini dəstəkləməyə borcludurlar. O, haraya və nə üçün uçması, itinin necə gülməli hərəkətlər etməsi, uşağının gündə neçə dəfə tualetə getməsi barədə bütün təfsilatı ilə danışır. Belə boşboğazlardan yaxa qurtarmaq o qədər də asan deyil, lakin bir təsirli üsul var: siz ayaqyoluna gedirsiniz, qayıdanda isə dərhal qulaqcıqlarınızı taxıb üzünüzü kənara çevirir və özünüzü elə göstərirsiniz ki, guya qonşunun danışdıqlarını eşitmirsiniz. O, sizi bir neçə dəfə ünsiyyətə cəlb etməyə çalışacaq, amma bu cəhdlərin nəticə vermədiyini görəndə sizə marağı tükənəcək.

5. Sizin yerinizə iddia edən sərnişin

Siz təyyarədə əyləşmə talonunda göstərilmiş yerinizə yaxınlaşırsınız, amma orada bir başqası əyləşib. Ola bilsin ki, həmin adam səhv edib və ya qonşunuz pəncərəyə yaxın əyləşmək istəyib. Bu halda ondan nəzakətlə xahiş edə bilərsiniz ki, yerini dəyişsin. Sistemdə nadir hallarda da olsa nasazlıq yaranır və təyyarədə əyləşmə talonlarında iki sərnişin üçün eyni yer göstərilir. Belə hallarda dərhal təyyarə bələdçisini çağırın və o, sizə boş kreslo təqdim edəcək. Amma əgər bütün yerlər tutulubsa sizin daha yüksək xidmət salonuna hətta pulsuz keçirə bilərlər.

4. İri çantalı qonşular

Nə üçün sərnişinlərin çoxu təyyarəyə minərkən növbədə birincilərdən biri olmağa çalışır? Cavab çox sadədir: Öz əşyalarını baqaj rəfində başqalarından daha tez yerləşdirmək üçün. Lakin bəzən siz gələnə qədər baqaj rəfindəki bütün yerlər qonşularınızın əşyaları ilə tutulmuş olur. Belə hallarda əl yükünüzü haraya qoymalı? Buna görə əsəbiləşmək və yol yoldaşlarınızla söyüşmək lazım deyil. Yaxşısı budur, dərhal stüardessaya müraciət edin.

Bir qayda olaraq, sərnişinlər təyyarəyə minən vaxt bələdçilərin çoxu məşğul olur: onların bir qismi təyyarəyə daxil olan sərnişinləri qarşılayır, digərləri yeməkləri qəbul edir, üçüncülər baqajın yüklənməsinə nəzarət edir. Buna görə də sərnişinlərin əşyalarını yerləşdirməyə və kreslolarda yerini tutmağa kömək edən bələdçi tapın, o, sizin çantalarınız üçün münasib yer tapacaq. Əgər qonşunuzun çamadanının ölçüləri əl yükü üçün nəzərdə tutulan ölçülərdən böyükdürsə, həmin çamadanı yenidən qeydiyyata alıb baqaj bölməsinə keçirə bilərlər.

3. Hay-küylü qonşu

Sizin yol yoldaşınız kreslonun qoltuqaltısından yapışıb və ovcunun tərini silir? Deməli bu adam islahedilməz aerofobdur və onun təşvişi ətrafdakılara da təsir edə bilər. Onun təşvişini bir qədər azaltmaq üçün onu söhbətə tutmağa çalışın. Bu, onun fikrini yayındıracaq. Əgər təyyarə turbulentlik zonasına düşərsə, deyin ki, bu zona yollardakı çala-çuxurlardan təhlükəli deyil. Bu vaxt əsas məsələ kəmərləri bağlamaqdır ki, təyyarə silkələnərkən zədələnməyəsiniz.

2. Təhrikçi qonşu

Yanınızdakı kresloda qaşqabaqlı bir vətəndaş əyləşib. Görünür, o, yuxudan tərs durub və öz pis əhval-ruhiyyəsini ətrafdakılara sirayət etmək istəyir. Onun birinci qurbanı stüardessa olacaq: təyyarənin nəzərdə tutulandan beş dəqiqə gec yola düşməsi, salonda bürkü, kreslonun narahat olması... - bütün bunlar barədə gileylənəcək. Sonra növbə qonşulara çatacaq: bu adam kreslonun söykənəcəyini kəskin hərəkətlə itələyəcək, qulaqcıqsız musiqi dinləyəcək, münaqişələr üçün bəhanə axtaracaq.

Siz, ilk növbədə çalışın ki, belə sərnişinlə söz güləşdirməyəsiniz. Əgər bu, kömək etməsə, təyyarə bələdçisini çağırın, onların belə xuliqanları sakitləşdirmək üçün öz üsulları var.

1. "Ətirli" qonşu

Əgər yol yoldaşınızdan spesifik ətir iyi, onun çirkli corablarının və ya yuyulmamış bədəninin iyi gəlirsə, bu pis haldan yaxa qurtara bilməyəcəksiniz və bütün uçuş müddətində onunla yanaşı olmağınızla barışmaqdan başqa çarə yoxdur. Belə halda yaş salfetin üzərinə bir qədər ətir damcılamaqla özünüzü xilas edə bilərsiniz.

1news.az

Paylaş:
457

Son xəbərlər

Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19
Bütün xəbərlər