Elimizə bahar gəlir! | 1news.az | Xəbərlər
Cəmiyyət

Elimizə bahar gəlir!

11:00 - 20 / 03 / 2019
Elimizə bahar gəlir!

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

1news.az xəbər verir ki, təzə ili, baharın ilk gününü qarşılamaq anlamına gələn Novruz bayramına xalq arasında Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı da deyilir. Lap qədim zamanlardan adamlar novruz bayramının pişvazına çıxar, onu nəğməylə qarşılayardılar:

Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.

Əkinçi məhsul əkəcəyi torpağın şumuna başlayır. Bağban meyvə ağacların quru budaqlarını kəsib atır. Uşaqlar Novruz gülü, qar çiçəyi üçün meşələrə, çöllərə üz tuturlar.

El-obada, hər ailədə Novruz bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər ağardılır, paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir.

Qeyd edək ki, Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, yəni martın 20-dən 21-nə keçən gün keçirilir. Yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğu Novruz bayramı təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlıdır.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.

Novruz Azərbaycanla yanaşı Qafqazda, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Novruz bayramının tarixi

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz ritualları, adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə isə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıblar. Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri yaradıb.

Sovet hakimiyyəti dövründə Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Bayram süfrəsi

Novruz bayramı qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğalı, badambura və s. bişirilir. Süfrədə “S” hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir.

Novruz oyunları, adət-ənənələr

Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Bayram günləri Novruz şənlikləri təşkil olunur, el sənətkarları, müğənnilər, pəhləvanlar, kəndirbazlar öz sənətlərini nümayiş etdirir, Novruzun simvolları kimi keçəl (qışın simvolu), kosa və keçi (yazın simvolu) şənliklərə rəng qatır. Qaravəllilərdən, şeir və lətifələrdən, müxtəlif folklor nümunələrində danışmaqla insanları əyləndirirlər.

Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – məzəli meydan oyunu (baharın gəlməsi rəmzi) və fala baxmanı qeyd etmək olar.

 Novruz bayramı ilə bağlı maraqlı ənənələr də var. Novruz bayramının çərşənbələrində həyətlərdə tonqal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələr də oxuyarlar:

Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.

Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.

Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır.

Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Bu bayramlarda xüsusi araçılar çoxdan küsülü qalanların barışmasına şərait yaradırlar. Qohumlara, qocalara, xəstələrə baş çəkmək, ölənlərin qəbir üstünü ziyarət etmək lazımdır. Ailədə təzə uşaq dünyaya gələndə onun adına xüsusi hədiyyə alıb görməsinə gedirlər.
Novruza yaxınlaşdıqca daha çox bayram əhval-ruhiyyəsinə köklənmək lazımdır.

Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.

Novruz çərşənbələrinin xüsusiyyətləri

Baharın gəlişinə qədər ilin son 4 həftəsinin çərşənbə axşamlarını daha şən keçirməklə insanlar, qarşıdan gələn Novruzdan - yəni yeni ildən daha xoş günlər, xeyir-bərəkət, sağlamlıq, əmin-amanlıq, uğur istəyirlər.

Novruz bayramı günündə adamlar təzə paltarlarını geyib bir-birinin evinə bayram təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz münasibətilə bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür.

Novruz bayramında qulaq falına çıxmaq adəti də var. Hər kəs ürəyində bir mətləb tutur və onun həyata keçib-keçməyəcəyini yoxlamaq üçün qulaq falına çıxır. Bu, o deməkdir ki, ilk eşitdiyi söz ürəyində tutduğu mətləbin reallaşıb-reallaşmayacağına əlamətdir. Ona görə də həmin gün bütün evlərdə, ailələrlə ancaq xoş ovqatla yaxşı sözlər danışılmalı, qeybət edilməməli, qarğış, söyüş səsləndirilməməlidir. Nə qədər qan-qaralıq ab-havası olsa da, kimlərinsə çox dəyərli arzularının çin olması ümidi ilə qapınızı dinləyə biləcəklərini nəzərə alın.

Qızlar qapı dinləməyə gedərkən özləri ilə kiçik ayna götürməlidirlər ki, ürəkdə tutulan arzunun cavabı bu aynada həkk olunsun və il ərzində gerçəkləşsin.   

Bayramda mütləq quş (toyuq, qaz, dəvəquşu) yumurtası boyanmalıdır. Dəvəquşu yumurtası xoşbəxtlik rəmzi hesab edilirdi. Oğlan uşaqları yumurta döyüşdürməklə isə rəqibi üzərində qalib gəlmək sevinci yaşayır, həmçinin əvvəlcədən kəsilmiş mərci udur.   

Hər çərşənbə axşamında ölənlərin ruhu yad edilməli, xörək bişirəndə duz atarkən mərhumu yada salıb ruhunu sevindirmək lazımdır. Hər bir məhrumun adına az-az, ayrı-ayrılıqda duz atılmalıdır.

Papaq atmaq olmaz!

Çərşənbə axşamı bayramlarının qədim adətlərindən biri də evlərə, qapılara torba atmaqdır. Lakin təəssüf ki, hazırda bu adət təhrif olunmuş şəkildə icra olunur. Belə ki, indi bir çoxları torba əvəzinə papaq atırlar. Bu isə düzgün deyil. Çünki papaq qeyrət rəmzidir, yerə qoymaq, qapıya, ayaq altına atmazlar! Qapıya torba atılmalıdır. Keçmişdə evlərin bacasından torba sallayardılar. Ümumiyyətlə, bu adətin məqsədi odur ki, yığılan nemətlər imkanı olmayan adamlar arasında paylanmalıdır. İmkansız, kasıb-füğəra sevinməlidir.

1news.az kollektivi olaraq xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!

Babək Cahandarov

Paylaş:
2638

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər