Şəhidlərimizin xatirəsi metronun “20 Yanvar” stansiyasında və 20 Yanvar meydanında anılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlərimizin xatirəsi metronun “20 Yanvar” stansiyasında və 20 Yanvar meydanında anılıb - FOTO

13:30 - 20 / 01 / 2019
Şəhidlərimizin xatirəsi metronun “20 Yanvar” stansiyasında və 20 Yanvar meydanında anılıb - FOTO

Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümü ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır.

İllər ötsə də, şəhidlərimizə olan ümumxalq sevgisi tükənmir və xalqımız ölməz oğul və qızlarımızın xatirəsini böyük ehtiram hissi ilə anır. Məhz elə bu səbəbdən də hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi. Ahıl da, cavan da, uşaq da bu abidəni ziyarət etməyi özünə borc bilirdi. Abidənin yaxınlığında səslənən kədərli musiqinin qəlb göynədən ahəngində 29 illik ayrılığın ağrı-acısı boy verirdi. Ziyarətçilərin baxışlarından başımıza gətirilən bu faciənin günahkarlarına lənətlər oxunurdu. Əllərində tər çiçəklər tutmuş adamların baxışlarında həm də qürur, mübarizlik özünü büruzə verirdi.

Yasamal rayonunda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 29-cu ildönümü ilə əlaqədar 20 Yanvar meydanındakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Ziyarətə gələnlər arasında faciənin baş verdiyi anı gözləri ilə görən insanlar da az deyildi. Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev 20 Yanvar dairəsində baş verənləri yaxşı xatırlayır. Deyir ki, o müdhiş gecədə qətlə yetirilənlərin çoxu məhz burada düşmən gülləsinə tuş gəlib: “Yanvarın 19-da gecə bu əraziyə çoxlu insan yığılmışdı. Gördük yuxarı tərəfdən tanklar insanlara doğru hərəkət edir. Respublika xəstəxanasının yanından insanlara atəş açmağa başladılar. Uşaq, cavan, ahıl demədən, hamıya atəş açırdılar. Ölən və yaralananların sayı çox idi. Biz onları sürüyə-sürüyə kənara çəkirdik. Rus əsgərləri heç kəsə rəhm etmirdilər. Olduqca dəhşətli bir mənzərə idi. Bunu təsəvvür etmək çox çətindir. Onlar 20 Yanvar günü insanları qətl etsələr də, azadlıq səsini boğa bilmədilər”.

O günləri böyük kədər hissi ilə anan həmsöhbətimiz deyir ki, ümummilli lider Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə yanaşı, “20 Yanvar şəhidi” fəxri adı da təsis edib. Ulu öndər Heydər Əliyev bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrlərdə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bəhram Şeydayev deyib ki, hazırda şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani təzahürüdür.

“Azərbaycan bizim vətənimiz, qürur mənbəyimizdir. Çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır”, - deyə Bəhram Şeydayev vurğulayıb.

Faciənin 29-cu ildönümü münasibətilə metronun “20 Yanvar” stansiyasında da bir dəqiqəlik sükut elan olunub. Metroda mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanıb. Saat 12:00-da bütün qatarların stansiyalarda dayandırılaraq 1 dəqiqə fasiləsiz fit verməsi təmin edilib. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Stansiyada qərənfillərdən matəm kompozisiyası qurulmuşdu. Ölməz şəhidlərimizin mübarizə, mərdlik və Vətənə sevgi dolu ömür yollarını təcəssüm etdirən bu kompozisiya hər kəsi ayaq saxlamağa, faciə qurbanlarının xatirəsini anmağa səsləyirdi. Təsadüfi deyildi ki, metrodan istifadə edən insanlar bu kompozisiyanın qarşısında dayanır, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bildirirdilər.

O gün vəzifə borcunu yerinə yetirən “Bakı Metropoliteni” QSC-nin veteran işçilərindən - təlimatçı-maşinist Vilayət Əsgərov söyləyib: “Həmin gecə kollektiv olaraq söz verdik ki, səhərədək işləyək. Keçmiş sovet ordusu 20 Yanvar gecəsi daha çox qırğın törədə bilərdi. Biz metropoliten kollektivi olaraq bunun qarşısını müəyyən qədər aldıq. Yaralıları daşıdıq və onlara kömək etdik. Çünki insanlar atılan güllələrdən yayınmaq üçün sığınacaq yeri kimi Bakı metrosuna üz tuturdular. Demək olar ki, biz böyük risk bahasına da olsa, daha az vətəndaşımızın şəhid olmasının qarşısını ala bildik”.

“Həmin gün Azərbaycan xalqı öz azadlıq və suverenliyini bərpa etmək üçün meydanlara çıxmışdı. Bu gün hamımız çox şadıq ki, itkilərimiz boşa getmədi və biz Azərbaycan kimi azad bir dövlətdə yaşayırıq. Bu müstəqilliyi və azadlığı neçə-neçə günahsız oğul və qızlarımızın qanı bahasına qazanmışıq. Ona görə Azərbaycanın müstəqilliyini, suverenliyini, istiqlaliyyətini qorumaq və respublikamızın daha da inkişaf etməsi üçün hamımız ölkə rəhbərliyinin ətrafında sıx birləşməliyik”, - deyə Vilayət Əsgərov vurğulayıb.

Bu hadisələrin hər il xatırlanması və kütləvi tədbirlərlə qeyd olunması tam qətiyyətlə deməyə əsas verir ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Paylaş:
807

Son xəbərlər

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24
Bütün xəbərlər