“Sərçələrin nəğməsi” ilə şöhrət qazanan Rza Naci: Yaşım çox olsa da 3 min nəfərin arasından məni seçdilər – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

“Sərçələrin nəğməsi” ilə şöhrət qazanan Rza Naci: Yaşım çox olsa da 3 min nəfərin arasından məni seçdilər – FOTO

17:00 - 03 / 07 / 2018
“Sərçələrin nəğməsi” ilə şöhrət qazanan Rza Naci: Yaşım çox olsa da 3 min nəfərin arasından məni seçdilər – FOTO

Rza Naci İran kino məktəbinin ən görkəmli simalarından biri hesab olunur. Onlarla filmdə rol alsa da ona ən böyük məşhurluğu “Sərçələrin nəğməsi” filmindəki rolu qazandırıb. Onu bir aktyor kimi mənə sevdirən başlıca səbəblərdən biri də əslən azərbaycanlı olmasıdır.

Rza Nacinin Bakıda filmə çəkildiyini öyrənəndə isə onunla müsahibə götürmək imkanını qaçırmaq istəmədim. Beləliklə, əslən azərbaycanlı olan görkəmli İran aktyoru Rza Nacinin 1news.az-a müsahibəsini təqdim edirik:

- Əsl adım Rza Nacidir, şəxsiyyət vəsiqəsində isə adım Məhəmməd Əmiri Naci gedir. Lakin aktyor olaraq hər kəs məni Rza Naci kimi tanıyır. Təbrizdə anadan olmuşam. Uşaqlıqdan aktyorluğa böyük sevgim olub. Buna görə də 15 yaşımda teatra qədəm qoymuşam. 40 ildən çox teatrda işləmişəm. 35 yaşımdan isə filmlərdə çəkilməyə başlamışam.

- Necə oldu ki, aktyorluq sənətini seçdiniz? Bu sizin uşaqlıq arzunuz olub?

- İnsan nəyəsə, hansısa bir sənətə aşiq olmasa o sənətlə məşğul ola bilməz. Aktyorluq da mənim uşaqlıqdan könül verdiyim bir sənətdir. Uşaqlıq illərimdən bir aktyor kimi filmlərdə çəkilməyə böyük istəyim, həvəsim olub. Lakin ancaq həvəs, istəklə yaxşı aktyor olmaq mümkün deyil. Aktyorluq insanın genində, daxilində olmalıdır. Yəni, istedad olmadan aktyorluqda böyük uğur qazanmaq mümkün deyil.

- Bu günə qədər neçə filmdə çəkilmisiniz?

- Bu günə qədər 75 filmdə rol almışam. Ən çox yadda qalan filmlərimdən “Cənnət uşaqları”, “Yağış”, “Sərçələrin nəğməsi”ni qeyd edə bilərəm. Bu filmlərdəki roluma görə bir sıra beynəlxalq mükafatlara layiq görülmüşəm. Mənə ən çox uğur qazandıran filmim isə “Sərçələrin nəğməsi” olub. Bu filmdəki roluma görə Berlin kinofestivalında Gümüş ayı mükafatına, Asian Pacific Screen Awards kinofestivalının, eləcə də Suriyada keçirilən beynəlxalq film festivalının iki mükafatına layiq görülmüşəm.

- Sizə aktyor kimi ən böyük uğuru Məcid Məcidinin “Sərçələrin nəğməsi” filmi qazandırıb. Necə oldu ki, bu filmə dəvət aldınız?

- “Sərçələrin nəğməsi” filminin ssenarisini başqa yazıçı tərəfindən yazılmışdı. Çox dərin mənaya malik idi. Sssenarinin hər planının millətə sözü, ismarıcı var idi. Film də çox gözəl alındı. Bunun başlıca səbəbi də o idi ki, aktyor seçimi çox uğurlu aparılmışdı.

Baş rolu oynayacaq aktyorun seçimi isə elə də asan olmadı. Üç min nəfər sınaq çəkilişlərində iştirak etdikdən sonra istədiyi adamı tapa bilməyən Məcid Məcidi baş rolda çəkilməyi mənə təklif etdi. Çünki əvvəl onun “Cənnət uşaqları” filmində çəkilmişdim və mənim aktyorluq qabiliyyətimə yaxşı bələd idi.

Lakin yaşıma görə əvvəlcə mənim baş rola çəkilməyimdə bir qədər tərəddüd edirdi. Çünki filmdə dəvəquşunun dalınca qaçmalı, motosiklet sürməli idim. Həmin vaxt isə mənim artıq 55 yaşım var idi. Məcid Məcidi də mənim bu işin öhdəsindən gələ biləcəyimə bir o qədər də inanmırdı. Ona dedim ki, sən bu barədə heç nigaran olma, nə lazımdırsa edərəm. Çünki mən dağçıyam. Həmişə dağlara çıxardım, üzgüçülüklə məşğul olardım. Bir sözlə, yaşıma görə yaxşı fiziki formada idim. Sonda baş rolda mən çəkildim və film də çox uğurlu alındı.

- Berlin festivalı kimi çox nüfuzlu və ən tanınmış aktyorların dəvət aldığı bir festivalda qalib olacağınızı düşünürdünüzmü?

- Bu festivalda dünyanın müxtəlif ölkələrindən 21 film iştirak edirdi, hər bir filmdə də çox istedadlı, məşhur aktyorlar çəkilmişdi. Onların içində baş mükafatı mən aldım. Düzünü desəm, mükafat alacağımı düşünmürdüm. Bu, mənim üçün bir qədər gözlənilməz oldu.

-  “Sərçələrin nəğməsi” filmindəki rolunuzu karyeranızda ən yaxşı rol hesab edirsinizmi? Ümumiyyətlə, ən çox sevdiyiniz rolunuz hansıdır?

- “Yağış” filmindəki rolumu çox sevirəm. Orada mən bina tikən memar rolunda çəkilmişəm və dörd dildə danışan çoxlu köməkçilərim var – iranlı, əfqan, kürd və türk. Filmdə mən bunlara kömək edirəm, dəstək oluram. Buna görə də bu filmdəki rolumdan çox xoşum gəlir. Təbii ki, “Sərçələrin nəğməsi” filmindəki rolumu da çox bəyənirəm. Çünki bu rol mənə böyük şöhrət qazandırıb.

- Bildiyimizə görə, hazırda Bakıda yeni filmin çəkilişləri gedir və siz bu filmdə əsas rollardan birini oynayırsınız. Azərbaycanlılarla iranlı aktyorların müştərək çəkildiyi bu film barədə daha geniş məlumat verə bilərsinizmi?

- Bəli, artıq 10 gündən artıqdır ki, Bakıda yeni filmin çəkilişləri gedir. Film barədə ətraflı danışa bilməyəcəm. Lakin onu deyə bilərəm ki, film iki zamanı əhatə edir. Keçmiş zamanda Yaqub şah, yeni zamanda isə Yaşar bəyi oynayıram.

Filmin rejissoru olan İlham Qasımov çox istedadlı rejissordur. Buna görə də onun filminin uğurlu alınacağını düşünürəm.

- İran kinosunun ən görkəmli simalarından biri olmaq necə hisdir?

- Hər il İrandan beynəlxalq festivallara filmlər getsə də, mənim aldığım mükafatları ala bilmirlər. İranda, xüsusən də anadan olduğum Təbriz şəhərində mənə çox böyük hörmət edirlər. Mənim adımı kino mərkəzinə veriblər, onun qarşısında isə heykəlimi ucaldıblar. Bütün bunlar isə məni sevindirməyə bilməz. Mənə verilən bu qiymət, bu dəyər heç nə ilə əvəz edilə bilməz.  

- Gələcək fəaliyyətiniz, layihələriniz barədə nə deyə bilərsiniz? Yenə azərbaycanlı aktyorlarla birgə filmlərə çəkilməyi düşünürsünüzmü?

- Arzum odur ki, məni yaxşı filmlərə dəvət etsinlər və mən özümdən sonra yaxşı bir xatirə, yadigar qoyam. Ümid edirəm ki, Azərbaycandan olan aktyorlarla da işbirliyimiz davam edəcək və birgə yeni filmlərdə çəkiləcəyik.

- Artıq ikinci dəfədir ki, Azərbaycana səfər edirsiniz. Ölkəmiz haqqında təəssüratlarınızı bölüşərdiniz.

- Hər iki Azərbaycanı mən qardaş bilirəm. Evimdə də çox vaxt Azərbaycan telekanallarına baxıram. Azərbaycan xalqını çox sevirəm. Çünki mən özüm də azərbaycanlıyam, Təbriz azərbaycanlısı. Ayrı-ayrı ölkələrdə yaşasaq da, kökümüz, dilimiz birdir.

Azərbaycan barədə təəssüratlarım isə çox yüksəkdir. Bura ilk səfərim beş il bundan əvvəl olub. Bu müddət ərzində burada çox böyük müsbət dəyişikliklərin şahidi oldum. İlham Əliyevin rəhbərliyi ilə ölkəniz günü-gündən inkişaf edir.

İnsanlarınız da çox mehriban, qonaqpərvər insanlardır. Hər zaman burada özümə qarşı böyük diqqət və hörmət görmüşəm.

- Yəqin ki, Azərbaycan mahnılarını dinləyirsiniz? Ən çox sevdiyiniz mahnımız hansıdır?

- Azərbaycan mahnılarını dinləməyi çox sevirəm. Adları yadımda qalmasa da imkan olan kimi Azərbaycan mahnılarına qulaq asıram.

- Bəs Azərbaycan mətbəxi barədə nə deyə bilərsiniz? Ən çox sevdiyiniz yeməklərimiz hansıdır?

- Azərbaycanın lülə kabablarından çox xoşum gəlir. Lakin qoyun qabırğasından olan ət yeməklərini yaxşı bişirmirlər. Bundan başqa mərci suplarınızı da çox bəyənirəm.

- Bura gələndən ancaq Bakıda olmusunuz? Başqa rayonlara da getmisinizmi?

- Hələ ki, ancaq Bakı ilə tanış ola bilmişəm. Şəhəriniz, xüsusən İçərişəhər çox xoşuma gəlir. İmkan olsa başqa şəhər və rayonlarınıza da səfər etmək istəyərdim.

1news.az

Paylaş:
1562

Sizin üçün xəbərlər

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər