Xalq artisti: Uşağım olsa sənəti atıb, ora-burasını öpməklə məşğul olaram - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti: Uşağım olsa sənəti atıb, ora-burasını öpməklə məşğul olaram - VİDEO

12:18 - 23 / 10 / 2018
Xalq artisti: Uşağım olsa sənəti atıb, ora-burasını öpməklə məşğul olaram - VİDEO

Xalq artisti Faiq Ağayevin “Qafqazinfo”ya müsahibəsi:

- 6 il fasilədən sonra “Gözüm dəyməsin sənə” klipini təqdim etdiz. Bundan sonra sizdən nə gözləyək?

- “Əlvida”dan sonra klip çəkmirdim. İnsan hansısa bir işi görürsə, istəyir ki, onu sevsinlər. Çəkib rəfə atmaq da düzgün deyil axı.

Daha sonra gördüm ki, klip sferasında canlanma yarandı. Telekanalarımız da klip saatları yaradıb. Bundan əlavə, həmkarımız Rəhim Rəhimli də “MTV Azərbaycan”a rəhbər gəlib və kanalın formatı dəyişib. Mən də bundan bəhrələndim.

Klip çox maraqlı alınıb. Mahnının bəstəkarı Nadir Nəğdpuldur, sözləri Cavid Şahbazbəyov yazıb. Nadirlə yeni bir albom üzərində çalışırıq. Hazırda “Gözüm dəyməsin sənə” tipajında tam təhvil verilmiş 4 mahnım var. Bundan savayı, 3 yeni mahnı da ərsəyə gələcək.

Paralel olaraq Rabil Səfərli (“Uşaq kimi” mahnısının müəllifi) mənim üçün qədim bir mahnımızı aranjiman edib və əlavə başqa bir bəstə də yazıb. Əslində mənim ən çox sevdiyim 3 iş varsa, biri studiyada çalışmaq, ikincisi solo konsert vermək, üçüncüsü isə klip çəkdirməkdir. Onlardan ikisi ilə məşğulam. Solo konsertə isə hələ ümidliyəm.

- 30 ildir ki, səhnədəsiz. Amma bu illər ərzində F. Ağayev xarici şou-biznesə meyilli olmayıb, səbəb?

- Xarici kanallarda bizim ifaçıların işlərini görəndə sevinirəm. Amma açıq danışaq, Rusiya və Türkiyə şou-biznesi bizim qədər qonaqpərvər deyil. Bizim şou aləmində hər bir millətin nümayəndəsi var, sadalamaqla bitməz. Bu, bizim mental xüsusiyyətimizdir.

Rusiya və Türkiyədə isə hər şey pula bağlıdır. Pul verirsənsə, göstərəcəklər.

Mən də zaman-zaman bu cəhdləri etmişəm. 12 il bundan əvvəl sözügedən ölkələrdə görüşlərim oldu. Orada bu sahədə söz sahibləri ilə müzakirələr apardım. Rusiya bir il üçün 1 milyon dollar, Türkiyə yarım il üçün 1 milyon avro istədi. Fikirləşdim ki, yatırım etdim, daha sonra mənə bazarı açacaqlarmı?! Xeyr, yalnız pullu yayım və ödəniş tələb edən tədbirləri açıq saxlayırlar.

Mən elə əzəldən Azərbaycan üçün yaranmışam. Məqsədim, amalım bu ölkədə oxumaqdır.

- Bir məsələ var ki, xaricdə layihə ərsəyə gətirən sənətçilər orada tanınmaq üçün yox, Bakıda toy qonorarlarını artırmaq üçün belə addım atırlar. Onların əksəriyyəti söhbət zamanı bunu təsdiqləyirlər.

- Mən bu nisbəti indi qura bilmərəm. Yəni xaricdə nə qədər pul xərclənib və burdakı tədbirlərə hansı qiymətə getməlisən ki, əvəzləmək mümkün olsun. Daha çox “aldım qoz, satdım qoz” məsələsinə oxşayır. Bunu prestij üçün edirlərsə, yəqin ki, ən yaxşı üsuldur- “Mən xaricdə varam, əməyimin qiyməti bu qədərdir”. Qalmaqallarla qonorar qaldırmaqdansa, xaricə gedib belə etmək daha məqsədəuyğun görünür. Sovet dövründə də xaricə gedənlər daha çox qazanırdılar.

Mən isə elə burda otura-otura ən böyük qonorarlı tədbirlərə gedirəm.

- Mən də bunu demək istəyirdim. Şou-biznesdə toya yüksək qiymətə gedən 3 məşhur varsa, biri sizsiz. Amma devalvasiyadan sonra sənətçilər toy qıtlığından şikayət edir. Sizdə vəziyyət necədir?

- Dünyada iqtisadi böhran tüğyan edir, neftin qiyməti düşür-qalxır. İnsanların qazanmaq imkanları azalır. Dünyanın düz vaxtında belə çox toya getmirdim. Misal üçün, əvvəllər 1 ayda 4 toy olurdusa, məndən daha az qonorarla gedənlərin, şərti deyək, 28-29 toyu var idi. İndi onlarda - 5, məndə isə 1 və ya 2 olur. Buna da çox sevinirəm.

Səbəbini sizə deyim: toylara gedən məndən yaşca böyük həmkarlarımla söhbətləşəndə görürdüm ki, səsləri nasazdır, xırıldaya-xırıldaya danışırlar. Səbəbini soruşanda isə toyu bəhanə gətirirdilər. Fikirləşdim ki, dünyada vokal baxımından ən çətin olan sahə operadır. Orada belə, ən uzun ariya maksimum 5 dəqiqədir. Tərəf müqabilin oxuyana kimi sənin səs tellərin istirahət edir. Bizdə isə ən azından 6-7 saatlıq toy olur. Mən eyni zamanda aparıcı kimi də məclisi idarə edirəm. Yəni həm danışıram, həm də oxuyuram. Başa düşdüm ki, səsim əlimdən gedəcək. Ona görə də əməyimə elə bir qiymət qoydum ki, toy az olsun, amma səsim yaxşı formada olsun.

Sonuncu dəfə qiymət artımı 10 il qabaq olub. Bu, “xalq artisti” fərxi adını alandan sonra baş verdi. Hələ də xarici və yerli toy qiymətlərim dəyişməyib. Hər qazancımdan şəffaf şəkildə vergi də ödəyirəm.

- Klip mövzusunda kişi sənətçilər arasında belə deyək, inqilab edənlərdənsiz. Erotika, öpüşmə və sairə. İndi bu mənada klip çəkdirmirsiz. Səbəb?

- 1995-ci ildə yataq səhnəsi olan klip çəkdirdim. 23 il bundan əvvəl! Bir il sonra yenə sevişmə səhnəsi olan klip təqdim etdim. Şərt o deyil ki, yataq səhnəsini layihəyə daxil edəsən. Bu, ümumi konseptə uyğun olmalıdır və vulqar görünməməlidir.

Adətən, mentallıq barədə savadlı danışanlar da, “ana-bajı var” səviyyəsində savadsız danışanlar da irad tuturlar ki, bunlar bizə uyğun kliplər deyil. Biz köhnə filmlərə, məsələn, “Qərib cinlər diyarında”ya baxsaq görərik ki, orada da iddialı və qalmaqallı səhnələr var. Əgər bu ümumi ana fikrə uyğundursa - tamaşaçı onu filmin bir hissəsi kimi qəbul edir. O, 3-5 dəqiqə ərzində baş verənləri hadisənin ayrılmaz hissəsi kimi başa düşür və heç bir irad bildirmir. Yox əgər “Qarğa məndə qoz var” prinsipinə uyğundursa - vulqar görünür.

Sovet dövrü bitdi, kinolar çəkilmirdi. Düşünürdük ki, nəyə baxaq? Mən də klipləri kinolar kimi çəkməyə başladım. 90-ların sonu, 2000-ci illərin əvvəlində bu, yaratdığım bir trend idi. Düzdür, süjetsiz də bir-iki klipim var. Amma onlar da çox az sevildi.

- Sizin nəsil “Qızıl dövr” adlanır və o dövrün qadın sənətçilərinin əksəriyyəti plastik əməliyyat, idman və sairə üsullarla cavan qalmağa çalışır, gənc rəqibləri ortaya çıxır. Bəs siz? Sizdə necə?

- Qadınlarımız arasında inqilabı Aygün Kazımova etdi. Daha sonra yollar açıq olduğu üçün çox iddialı və keyfiyyətli yeni nəsil ifaçılar ortaya çıxdı. İradə İbrahimova, Röya Ayxan, Natavan Həbibi, Elnarə Xəlilova kimi xanımlar şou-biznesə gəldi. Qadın müğənnilər arasında gülüstandır, bir-birindən ətirli güllərdir onlar.

Bəylər arasında isə belə bir problem var - bayaq bu məsələyə toxunduq. Mental dəyərləri düzgün qiymətləndirməyən, çeynə-tüpür vəziyyətinə gətirən insanlar var. Kişiliyi şortla, saçın uzun-qısalığı, qulağındakı sırğa ilə ölçürlər. Bilmirəm, bəlkə də hansısa sahələrdə kişiliyi belə hallarla ölçmək olar. Amma bu, incəsənətə şamil edilməməlidir. Müğənninin vulqar görünməyən geyiminə heç kəs irad tuta bilməz.

Bu, bizim sənətimizdir. Həklimlər ağ xalatda gəzirlər deyə, irad tutursuz? Bu, onların iş geyimidir, işinin tələbidir. Bəylərimizin bunun kimi çəpərlərdən hoppanmaq qorxusu var. “Toylarımı itirərəm”, “Qonşular, futbola birgə getdiyim qaqalar nə deyər?” kimi ağrılar, sancılar var və onları anlayıram. Amma mən qorxmuram.

İctimaiyyətin fikri hansısa ümumi problemlərdə işləyir. Vətənə, valideynə, müəllimə münasibət və sairə. Bu məqamlarda keçərli olar, amma səhnədə - yox. İndi Mir Yusif, Rəhim Rəhimli, Zamiq Hüseynov, Ramal İsrafilov kimi ulduzlarımız var. Kimlərin adını unudub çəkməmişəmsə, üzrlü saysınlar. İnsanın qarşısında məqsəd olmalıdır, cəsarətli və qınaqlara hazır olmalısan. Bəylərimiz yəqin ki, çəpərlərdən aşmaq üçün ehtiyat edirlər.

Mənim belə gümrah və cavan qalmağımın sirri isə vaxtıylə həftədə 4 dəfə ( 8 il ) vəhşi kimi idmanla məşğul olmağımdır. Üzgüçülüyü çox sevirəm, pəhriz də zaman-zaman saxlayıram. Artıq 10 ildir ki, idmana getmirəm və pəhrizlə formada qalmağa çalışıram.

Estetikə gəldikdə isə təkcə burnumu əməliyyat etdirmişəm, bu barədə də dəfələrlə danışmışam.

Hansısa estetik qüsuru olan insanlar kənardakıların gülüşünə dözməlidir bəyəm? Əgər abartılı olmursa, “Qayınana” filmindəki kuklaya bənzəmirsə, donmuş siması olmursa, plastik əməliyyat etdirsinlər.

Hər kəs öz dərdini çəksin. O lağ edənlərin özlərinin o qədər dərdləri var ki, vedrələr quyruqlarına qalaq-qalaq bağlanıb.

- Sizin hər zaman səmimi olduğunuzu düşünmüşəm. Mənə maraqlıdır ki, bu günə kimi hansısa bir yalan quraraq layihənizi PR üçün istifadə etmisiz?

- Həyatımda bircə dəfə həmkarım Aygün Kazımovanın ricası ilə baş verib belə hal. Bir-birimizin evinə qonaq gedib, səhərə kimi oturub, söhbət edən insanlarıq. Dedi ki, “belə şayiə yaymalıyam ki, sənə ərə gedirəm”. Ona söylədim ki, mənə bir gün möhlət ver.

İnsanın böyüyü var axı. Gedib, rəhmətlik atamı narahat etmədim, anama danışdım. Anam üzümə baxdı, söylədi ki, “Aygün səni dostu kimi qəbul edir və ona dəstək lazımdır, elə”. Amma bir də onu dedi ki, “mənə söz ver ki, iki həftədən sonra efirə çıxıb, bunun bir zarafat olmağını deyəcəksən”.

Aygünə də zəng vurub dedim. Sən demə, iki həftə sonra 1 aprel imiş. Həmin günü bu “evlənmənin” zarafat olduğunu açıqladım, Aygün də təsdiqlədi.

Təkəbbür kimi qəbul çıxmasın, amma bir sənət insanı kimi o qədər qüdrətim və qüvvəm var ki, süni üsullara ehtiyacım qalmır. Yenə deyirəm, dediklərim özündən razılıq kimi qəbul olunmasın.

- Az-çox mediadan sizin davalarınız barədə xəbərlər oxumuşam. Sizinlə ən çox rəqabətə girən, dava edən şəxs kim olub?

- Zırpı-zırpı qalmaqallarım olub. (gülür)

Qalmaqalım olub və təsiri indiyədək davam edənləri də var. Bilmirəm, 10-15 il danışmadıqlarım var. Amma ürəyimdə kin-küdurət daşımıram. Belə yüklə gəzmək çox çətindir. Daxilimdə onları bağışlamışam.

Bu gün yaxın bir adamımla az qala mübahisə edim. TV-dən məni proqrama dəvət ediblər. Adətən olduğum verilişlərdə mənlə çıxacaq qonağı özüm seçirəm. Proqram heyətindən həmin şəxsi təklif etdilər, məmnuniyyətlə qəbul etdim. O sənət adamı da qabağıma şərt qoydu ki, bu mahnıları oxuyacaqsan. Həmin insanı da mənə görə verilişə dəvət ediblər. Artıq başa düşdüm ki, o, səhv pozisiyadadır. Hər şeyi bir-bir izah etsəm, artıq dava edəcəkdim. Çünki düzünü deyəcəm. Sonra başa düşdüm ki, həmin insanı itirə bilərəm. Artıq o mərhələdəyəm ki, problemləri özümdən uzaqlaşdırıb, hər şeyi həll edə bilirəm. Mən konfliktlərlə yaşayan insan deyiləm, onlar məni boğur.

Bir çox insanlar var ki, adlarını çəkmək istəmirəm. Bilirəm ki, söhbət “qaynayacaq”. İkinci, üçüncü seriyaları başlayacaq. Təbii ki, bu olanlar məni əzir, amma onları bağışlamışam.

- Bayağı proqramlarda görmüşük ki, aparıcılar hətta xalq artistlərinin evinə girərək onun qarderobunu qarışdırıblar. Amma onları heç vaxt sizin evinizdə görməmişik.

- Çox az və nadir hallarda televiziyanı evimdə qonaq etmişəm. Amma nə qarderobumun, nə mətbəximin, nə də yataq otağımın çəkilməsinə icazə verməmişəm. Bu mövzuda çox təkliflər eşitmişəm. Mən düşünürəm ki, bu, yenicə sənətə gələn və sənətdən uzaqlaşan insanlar üçün əl verər.

“Sən gəlməz oldun” klipinin bir hissəsini evimdə çəkdilər. Çəkilişdə 48 nəfər insan var idi. Yayın qızmar vaxtı evimdə ayaqqabılarını çıxardılar. Hər şeyi anlayıram, insan gün ərzində uzun müddət ayaqüstə ola bilər. Amma həmin an evdən bir qoxu gəldi ki, qaçıb qapı-pəncərələri açdım. Özüm-özümə söz verdim ki, bir də belə qələt etməyəcəm. Amma bundan sonra qadağamı pozaraq, ayri-ayrılıqda iki jurnalistin evimə gəlməsinə icazə verdim, çəkiliş etdilər.

İndikilərin etdiyi “kukla oyunu”dur. Bədxahlarımla “qanlı-bıçaq” şəraitinə gəlib çıxırdıq. Mən düşmən sözünü sevmirəm, hamımızın bir düşməni var - Ermənistan. Qalanları mənim bədxahlarımdır.

- Sizi mütaliə edən biri kimi tanıyırıq. Kitablar sizə həyatla bağlı nəsə öyrədib? Ya yaşaya -yaşaya öyərnmirsiz?

- İnsan son dəqiqəsinə kimi öyrənməlidir. Kim öyrənmirsə, onun başına mütləq bir iş gələcək. Formalaşmağıma təsir edən, məni öyrədən kitablar 25 yaşıma kimi oxunub, bitdi. Çox erkən yaşlarımdan ciddi kitablar oxumağa başlamışam. 5-ci sinifdə “Dekameron”u, 7-ci sinifdə Ziqmund Freydi oxumuşam. Təbii ki, kitab və kino, vizual incəsənət bizi uzaqlara aparır. Heç vaxt həyatda yaşamadığımız hadisələri onların vasitəsilə yaşayırıq. O mənada hə, insanı bu günün bozluğundan qoparıb, əlvan dünyaya aparmaq üçün kitablar yaxşıdır. Amma boynuma almalıyam ki, çoxdandır ki, kitab oxumuram. Sonuncu oxuduğum Aqil Abbasın “Dolu” kitabıdır. Məni çox təsirləndirdi.

- Elə bir şey olub ki, 30 yaşınızda etmisiz və “40 yaşımda həmin şeyləri əsla etmərəm” demisiz?

- Dostlarımın hamısı məndən yaşca böyükdür. 1992-ci ildən ailəlikcə dostluq etdiyimiz bir həkim xanım var. O mənə dedi ki, bilirəm, səni haqqın yandırır və ona görə sən bu mövzulara təkrar-təkrar qayıdacaqsan, həmişə əzab çəkəcəksən. Kamillik edib, bağışlamaq lazımdır. Bu səbəbdən 30 yaşımda bağışlamağı öyrəndim.

Amma belə bir şey olmayıb ki, 40 yaşımda etməyəcəyimi deyim. Əksinə, özümə planlar qurmuşam. Elə şeylər var ki, həyatda onların dadına baxmamışam. İndiki cavanlar kosmik sürətlə yaşayırlar. Elə bil ki, Allahın onlara verdiyi 90 yaşa 18 yaşında çatmağa çalışırlar. Kiçik yaşlarımdan öz hərəkətlərimi ölçmüşəm. Anam mənə balacalığımdan “ağsaqqal” deyərdi. Buna da layiq olmağa çalışıram. İnsanın daxilində uşaq qalırsa, o insandır.

- Ailəyə çox bağlı birisiz. Hər zaman ailə üzvləriniz barədə danışırsız, onlara diqqət yetirirsiz. Atanızın itkisi sizin üçün çox ağır oldu. Onun ölümüzdən sonra həyatınızda nələr dəyişdi?

- Ən çox anamı sevirəm. Hətta rəhmətlik atama söylədim ki, ata, bağışla, amma mən anamı səndən daha çox sevirəm. Ömrümdə belə müdrik cavab görməmişdim.

Dedi ki, əcəb edirsən, biz səninlə eyni insanı sevirik. İnsanın hər zaman “Mənim arxamda kimsə durur” kimi bir inamı olmalıdır. Atamı itirəndən sonra məni ən çox narahat edən odur ki, anam arxa-dayaqsız qaldı. Biz - oğulları nə qədər başına fırlansaq da, atanın göstərdiyi qayğını əvəzləyə bilməyəcəyik.

Həyatımda nələr dəyişdi?.. Əmin oldum ki, atam məni nəinki oğul, həm də bir müğənni kimi sevirdi. Həkimlər ona siqareti qadağan etmişdi. Maşınını idarə etmədiyindən, satmışdı. Onunla həkimdən qayıdanda dedim ki, yarım il siqaret çəkmə, sənə maşın alacam. Sözünü tutdu, ona maşın aldım. Dünyasını dəyişdi, öz maşınımı kənara atıb, bir müddət onun avtomobilini sürdüm. Əlim gəlmirdi ki, onun maşınında əşyalarına baxım. Sonra cürət etdim və gördüm ki, CD-lər üçün rəfdə 17-18 disk var. Onun 6-sı mənə məxsus idi. Deməli, atamın 30 faiz zövqü mən olmuşam. Bəlkə daha çox mahnım olsaydı, 50 faizədək gəlib çatardı. Mənim üçün ən böyük fəxr budur.

Atam çox mehriban və qayğıkeş biri, anamın qoruyucusu idi.

- Bəs indi kiminlə yaşayırsız?

- 20 ildir ki, tək yaşayıram. Tək yaşamağım üçün evdə 3-cü dünya müharibəsi baş vermişdi (gülür).

Anam hər zaman bütün övladlarına qarşı “Getmə gözümdən, gedərəm özündən” prinsipi ilə yaşayıb. Nəhayət ona izah etdim ki, evə gec gəlirəm, mən qapıya açarı salmamışdan, sən açırsan. Yatmır, səhərə kimi məni gözləyirdi. Ona qıymıram, istirahət etməlidir, yatmalıdır. Elə yaşamalıyam ki, onu narahat etməyim. Ayrı yaşasam da, anamı tez-tez görürəm. Görməyəndə də, gündə iki dəfə zəngləşirəm.

- Ailə həyatınızla yalnız bir dəfə gündəmə gəldiz. İkinci dəfə gündəmə gəlmək fikriniz var?

- Özüm kimi eşq-məhəbbət üçün “sinov” gedən ikinci bir adam yoxdur (gülür).

Mənim üçün vacib odur ki, kimsə mənə sığal çəksin, gözəl sözlər desin. İşdən qayıdanda o qayğıkeş gözləri görmək istəyirəm. Sənətim çox qısqancdır. Kəbinli arvadım - səhnədir.

Şablon səslənməsin, sənət insanının həyat yoldaşı olmaq çox çətindir. Hardasa səni öpürlər, kimsə şəkil çəkdirir. Xanımlar o zərlərdən elə istifadə edirlər ki, evlərdə “lov salmaq” üçün başqa vasitəyə ehtiyac qalmır. Evə gəlirsən, pencəyin kənarında bir balaca zər qalır. “Əzrail” yaxandan yapışır ki, bu kimindir, hardandır? Baxın, bu məsələləri içində boğub, sevdiyini sevməyə davam edən çox az xanım var. Heç kim bu həyata kiminsə köləsi olmaq üçün gəlməyib. Bu məsələnin üstündən müdrikcəsinə keçməyi hər kəs bacara bilməz. Digər tərəfdən evlənmə dələduzlarının ən sevimli hədəfiyəm. “Evi, pulu, maşını var” deyirlər. Özümü ayıq-sayıq aparıram.

Çox çətindir. Bilirsiz, 18 yaşında insanın sadə tələbləri olur. Gözəl olsun, qəşəng yeməklər bişirsin, anamla yola getsin və deyingən olmasın. 46 yaşlı bir insanın ən azı 46 çəpəri var. Təkcə yaxşı yemək bişirmək prinsipi azlıq edir. Mən çox istəyərəm ki, ailə qurum. Elə sevmək istəyirəm ki,..

- Bəs uşaq sahibi olmaq istəyiniz yoxdur?

- 1990-ci illərin əvvəlində vəziyyət çox pis idi. Hamı bir neçə yerə işləyirdi ki, pul qazana bilsin. Mən 3 qızın əmisiyəm, onların ikisinə özüm baxırdım.Yedizdirirdim də, çimizdirirdim də, yatızdırırdım da. Yəni, təcrübəm də var, uşaqları da çox sevirəm.

Ana-atasının sözünə baxmayan uşaqlar mənim yanımda elə bil ki, ipəkdəndirlər. Çünki heç vaxt edə bilmədiyim şeylərlə onları qorxutmuram. Demirəm ki, sənin iki gözünü bir deşikdən çıxararam. Uşaq görür ki, bir dəfə vəd etdiyin cəza baş vermədi, ikinci dəfə sənin başına çıxacaq. Elə cəza fikirləşməlisən ki, o, bunun baş verəcəyini anlasın.

Fikirləşirəm ki, ikinci bahar baş versə, uşağın ora-burasını öpməklə məşğul olaram. Sənəti də ataram (gülür).

1news.az

Paylaş:
2439

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər