Vətən mənə oğul dedi!
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Məmməd Araz
“Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər”.
Adi tarixi günlərdən biri olan 2020-ci ilin 27 sentyabr səhərini Müdafiə Nazirliyinin bu xəbəri ilə açdıq. Bu gün Vətən sevdalı əsgər və zabitlərimizin öz canları və qanları hesabına yazdıqları qəhrəmanlıq dastanının başladığı gün oldu.
Düşmənin təxribatları və müharibənin yetişməsi
2016-cı ildə “Aprel döyüşləri”dən sonra Ermənistan hakimiyyətinin məntiqli qərar verəcəyi və münaqişənin dinc yolla həll olunması istiqamətində işlər görəcəyi gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı. Sarkisyan hakimiyyəti işğal siyasətini davam etdirərək münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi.
2018-ci ilin aprelində Ermənistanda baş verən etirazların fonunda özünü “demokratiya carçısı” kimi təqdim edən Nikol Paşinyan hakimiyyətə gəldiyi zaman götürdüyü öhdəlik və verdiyi vədlər münaqişənin sülh yolu ilə həll olunacağı istiqamətindəki ümidləri artırdı. Lakin Paşinyan sələflərinin səhvini təkrarlamaqla qalmayıb bir qədər də irəli getdi.
Ermənistanın məqsədi işğalla bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdırdı.
2019-cu ildə Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” deyərək təxribat xarakterli bəyanat səsləndirməklə son 25 il ərzində aparılan danışıqlar prosesinə ciddi zərbə vurdu. Azərbaycan şəhəri Şuşada yallı getməklə Ermənistanın bariz ərazi iddialarını nümayiş etdirdi və işğal faktını təsdiqlədi. Öz oğlunu hərbi xidmət üçün Qarabağa göndərməklə sülh danışıqlarına növbəti zərbəni vurdu.
2020-ci ildə qondarma rejimdə “seçkilər” təşkil edildi və qondarma rejimin “başçısı”nın inauqurasiya mərasimi Şuşada keçirildi. Az sonra Paşinyanın qondarma “Artsaxın” parlament binasının Şuşaya köçürüləcəyini bəyan etməsi isə onun Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyini və konstruktiv mövqeyə malik olmadığını bir daha nümayiş etdirdi.
Ermənistanın baş naziri mülki şəxslərdən ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını elan etdikdən sonra Ermənistanın müdafiə naziri ABŞ-da səfərdə olarkən “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırış etdi. Düşmən tərəf bununla da təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmiş oldu.
2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Prezident İlham Əliyev Nikol Paşinyana sözün əsl mənasında tarix dərsi keçdi. Dövlət başçısı tutarlı arqumentlərlə Ermənistanın işğalçı dövlət olduğunu, uzun müddətdir ki, azərbayanlılara qarşı etnik təmizləmə apardığını dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı.
Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı Ermənistanın baş nazirini faktlarla növbəti dəfə ifşa etdi.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq növbəti dəfə təxribat törətdi.
Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsindən diqqəti yayındırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.
Ordumuz bu təxribatın da qarşısını inamla alaraq düşmənə sarsıdıcı zərbə endirdi.
Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı. Bununla belə itkilərimiz də oldu. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldu.
Qisas vaxtı yetişib
Aprel və Tovuz döyüşlərində aldığı acı məğlubiyyətlərdən dərs çıxarmayan düşmən sentyabrın 27-də növbəti dəfə təxribata əl atdı. Saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
Qisas vaxtı yetişmişdi. Minlərlə igid oğullarımız Vətənin müdafiəsinə qalxdı. Çağırış məntəqələri önündə düşmənə qarşı döyüşmək istəyənlərin sayı hesabı yox idi. Hər kəs döyüşə atılmağa, düşmənin başını əzməyə can atırdı.
Minlərlə Vətən oğlu kimi mən də bu çətin gündə Vətənin müdafiəsinə qalxmağı özümə borc bildim. Müharibənin başlamasından bir gün sonra, sentyabrın 28-də könüllü olaraq ordu sıralarına yazıldım. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə bir həftə təlim keçdikdən sonra cəbhə bölgəsinə yollandıq. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı və Cuvarlı kəndlərinin müdafiəsinə qoşulduq. Daha sonra Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının şəhər və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etdik. Qəlbə xəbərini də elə Zəngilanda aldıq.
Müharibə günlərində döyüş yoldaşlarımının çoxsaylı qəhrəmanlıqlarının şahidi oldum. Bir daha əmin oldum ki, bu cür igid, vətənpərvər oğulları olan Vətən basılmaz, məğlub olmaz.
Bu çətin günlərdə xalqımızın birliyinin, həmrəyliyinin bir daha şahidi olduq. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.
44 günlük zəfər salnaməsi - Qələbə!
Azərbaycan Ordusunun düşmənə cavabı bu dəfə çox ağır oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücuma keçən əsgərlərimizin şücaəti nəticəsində cəmi 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə müharibənin gedişində həlledici gün oldu. Məhz həmin gün müzəffər Ordumuzun strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanı azad etməsindən sonra düşmən ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldu. Beləliklə, 8 noyabr tarixi Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı.
Bu günü biz şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə borcluyuq. Allah Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu şanlı qələbəni bizə yaşdan, torpağı Vətən edən məhz onlardır.
2021-ci il yanvarın 3-də ordu sıralarından tərxis olundum. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2715 saylı sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250 saylı sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişəm. Hazırda Nəsimi rayon Məhkəməsinin əməkdaşı, məhkəmə iclas katibi kimi fəaliyyətimi davam etdirirəm.
Qürurla deyə bilərəm ki, Vətən mənə oğul deyib yağı düşmənlə döyüşə səsləyəndə tərəddüd etmədən əlimdə silah onun müdafiəsinə qaxdım, Zəfər salnaməsini yazanların sırasına qoşuldum.
Bu gün hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəni, öz Ordusu ilə qürrələnir, fəxr edir. Bu baxımdan deyə bilərik ki, Zəfər Günü yalnız qələbəmizin deyil, həm də birliyimizin rəmzidir.
Əminliklə deyə bilərik ki, işğaldan azad olunmuş əzəli və əbədi yurd yerlərimiz yenidən canlanacaq, Azərbaycan bayrağının sancıldığı hər qarış yer cənnətə dönəcək.
Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizlərə yaşadan hər kəsə, ilk növbədə şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Elnur Yəhyazadə,
Vətən müharibəsi iştirakçısı