Anti-Azərbaycançı sayt və sosial şəbəkə istifadəçilərinin çirkin üzü – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Anti-Azərbaycançı sayt və sosial şəbəkə istifadəçilərinin çirkin üzü – TƏHLİL

17:30 - 12 / 07 / 2018
Anti-Azərbaycançı sayt və sosial şəbəkə istifadəçilərinin çirkin üzü – TƏHLİL

Azərbaycanın günü-gündən güclənib inkişaf etməsi, regionun aparıcı dövlətinə çevrilməsi hər birimizi ürəkdən sevindirir, fərəh hissi keçiririk. Lakin təəssüflə qeyd etməliyik ki, uğurlarımıza sevinməyən və nəyin bahasına olursa olsun dövlətimizə qarşı qarayaxma kampaniyası aparan, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyənlər də az deyil.

Səbəb kifayət qədər sadədir: son illərdə Azərbaycan iqtisadi və siyasi baxımdan kifayət qədər güclənib, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. 

Azərbaycan daim beynəlxalq hüquq norma və prinsiplərindən çıxış etməklə hansısa dövlətin daxili işlərinə qarışmır. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə nüfuz etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərib.

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını ən müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı “təzyiq rıçaqları” tapmağa çalışır, istədiklərinə nail olmaq üçünsə bütün vasitələrdən istifadə etməyə çalışırlar.

Son dövrlər isə onlar ölkənizə qarşı kampaniya vasitəsi kimi internet vasitələrindən – müxtəlif saytlardan və sosial şəbəkələrdən daha çox istifadə etməyə başlayıblar. Əsas hədəf isə yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda vətəndaş qarşıdurması alovlandırmaq, milli, etnik, dini ayrıseçkikiyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmaqdır. Bu cür saytların sayının artması isə narahatlıq doğurmaya bilməz. Belə saytlara misal olaraq Nuraz.com, Abna.com,  Aran.news, Qafqaz.ir, Rasthaber.com,  Ru-clip.ru və s. qeyd edə bilərik.

Saytlarla yanaşı sosial şəbəkələrdən dövlətimizə qarşı istifadə hallarının artması da diqqət çəkir. Mingəçevirdə qəza baş verərkən, xüsusən də Gəncədəki iğtişaş və terrorr hadisələri zamanı bunun əyani şahidi olduq. Bəzi üzdəniraqlar sosial şəbəkələr vasitəsilə əhalini dövlətə qarşı ayaqlanmağa, siyasi qarşıdurmaya çağırmaqla xarici dairələrin sifarişini icra etməyə çalışdılar. Lakin xalq bu təhriklərə, çağırışlara uymadı və növbəti dəfə həmrəylik nümayiş etdirərək bədnam qüvvələrin, dairələrin arzularını gözlərində qoydular.

Xatırladaq ki, bu il aprelin 11-də keçirilmiş prezident seçkiləri ərəfəsində bəzi saytlar və sosial şəbəkə istifadəçiləri ölkəmizə qarşı kampaniyada xüsusilə fəallıq gösərirdilər. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovbuna münasibət bildirən zaman qeyd etmişdi ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz:

“Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə “tarixi səhv” nəticəsində yarandığı barədə uydurmalar yayırlar. Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar. Sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır.

Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Buna görə də xalqımız və dövlətimizin firavan gələcəyi naminə fəaliyyət göstərən millət vəkillərimiz, siyasətçilərimiz, alimlərimiz, yazıçılarımız - bir sözlə, ziyalı adını daşıya biləcək hər kəs öz mövqeyini nümayiş etdirməli və biabırçı söyüş makinasını, təhqir qaragüruhunu dayandırmalıdır”.

Xatırladaq ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu bir neçə ay bundan öncə sözügedən məsələ ilə bağlı danışarkən sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı aparılan kampaniyaların təsadüfi baş vermədiyini deyib. Bildirib ki, qlobal imperializm hazırki mərhələdə lidersizləşdirmək və dövlətsizləşdirmək siyasəti həyata keçirir:

“Bunun üçün ilk növbədə milli dövlətlərin liderlərinə və onun sadiq komandasına hücumlar təşkil edilir. Liderləri sıradan çıxardıqdan sonra isə milli dövlətləri dağıdırlar. Biz Yaxın Şərqdə belə nümunələrin şahidi olmuşuq”.

Dünyada terrorun forma və növlərinin hamıya yaxşı məlum olduğunu deyən H.Babaoğlu indi isə informasiya, sosial şəbəkələr terrorunun yaradıldığını söyləyib:

“Hazırda qlobal imperializm öz məqsədlərini virtual və informasiya terroru üzərindən həyata keçirir. Bu azmış kimi Avropanın siyasətini müəyyənləşdirən bəzi dövlətlər milli dövlətlərdən süni mühacirət təşkil edirlər. Əvvəllər Avropanın bəzi dövlətlərinə mühacirət etmək çox çətin idi. Amma Azərbaycanda sabitliyi pozmaq istəyən dövlətlər və qüvvələr məqsədlərinə nail olmadıqları üçün sonradan süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar.

Həmin ölkələr hazırda siyasi “teatrlar” düzəldirlər. Bir qədər gücləndikdən sonra isə bu siyasi “teatrlar” ölkəmizə transfer edilərək siyasi dramaya çevriləcək. İmperializmin son məqsədi budur. Buna yol verməməliyik. Bütün bunlar düşünülmüş siyasətdir. Yəni bu, kiminsə əxlaq və siyasi mədəniyyəti məsələsi deyil. Bu, imperialzimin milli dövlətlərə hücumudur”.

Bu məsələ ilə əlaqədar hüquqi addımlar atılmasını təklif edən millət vəkilinin sözlərinə görə, diplomatik nümayəndəliklərimiz bu istiqamətdə fəaliyyətə başlamalıdır:

“Həmçinin, milli informasiya məkanımız çox ciddi təhdidlər altındadır. Prezident İlham Əliyev qeyd edib ki, milli təhlükəsizliyimizin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Transmilli şirkətlər olan “Facebook”, “Twitter”ə münasibət də hüquq müstəvisində tənzimlənməlidir. Sosial şəbəkələrdə milli əxlaqi dəyərlərimizi deqradasiyaya uğradan təhqir və böhtanlar blok edilməlidir. Bir sözlə, vaxtı çatıb ki, transmilli şirkətlərin Azərbaycanın informasiya məkanındakı fəaliyyəti hüquqla, qanunla nizamlanması mərhələsi başlasın”.

Məsələ ilə bağlı 1news.az-a danışan tanınmış ictimai xadim Azər Həsrət bildirib ki, konkret olaraq ayrı-ayrı saytlar, eyni zamanda ayrı-ayrı fərdlər sosial media üzərindən müxtəlif vasitələrlə Azərbaycanın gözdən salınması ilə bağlı iş aparırlar:

“Bu saytlar normal vaxtlarda digər saytlar kimi adi xəbər verməklə məşğul olurlar, yəni qeyri-adi nəsə etmirlər. Düşünürsən ki, normal media qurumudur. Eyni zamanda sosial media fəalları bəzi hallarda üstüörtülü təbliğat aparsalar da, bir qayda olaraq radikallıq nümayiş etdirmirlər. Lakin hazırda da müşahidə etdiyimiz bəzi kritik məqamlarda həmin saytlar və sosial medai fəalları öz gerçək mahiyyətlərini açıq ortaya qoyurlar. Belə ki, qızışmaqda olan ixlilafları bir qədər də qızışdırırlar, yaxud da insanları özündən çıxarmaq, ölkəni xaosa sürükləmək, qarşıdurma yaratmaq üçün paylaşımlar edir, materiallar dərc edirlər. Gəncə hadisələri zamanı bunu bir daha müşahidə etdik”.

A.Həsrətin sözlərinə görə, ölkəmizə qarşı fəaliyyət göstərən saytlar üç başlıca mərkəzdən idarə olunur:

“Bu cür saytların xeyli hissəsi birbaşa İrana bağlıdır. Yəni din adı ilə, guya İslam dininin təbliği ilə məşğul olurlarmış kimi bir görüntü yaradırlar və bu saytları dini təbliğ etmək üçün qurduqlarını deyirlər. Əslndə isə bütün mahiyyətləri Azərbaycan xalqına və dövlətinə yönəlib.

Bəzi saytlar Qərb ölkələrində olan mərkəzlər və ayrı-ayrı dövlətlər tərəfindən maliyyələşirlər. Çox vaxt da bunu azərbaycanlıların vasitəsilə edirlər. Həmin saytlar da guya insan haqları, demokratiya uğrunda mübarizəyə töhfə vermək adı ilə fəaliyyət göstərirlər. Amma baxırsan ki, yenə də Azərbaycana, Azərbaycan dövlətinə qarşı çıxış edirlər.

Bəzi saytlar isə üzdə müstəqil kimi görünsələr də Rusiyaya bağlıdırlar. Bu cür saytlar Azərbaycanda etnik qrupların qızışdırılması, separatçılıq toxumlarının səpilməsi ilə məşğuldurlar”.

Xarici qüvvələrin apardığı anti-Azərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsirinə gəlincə, A.Həsrət bildirib ki, əgər keçən əsrin 90-cı illərində bu cür təbliğat aparılsaydı effekti yüksək olardı. Bu gün isə bu, mümkün deyil:

“Çünki həmin dövrdə insanlar daha sadəlövh idilər, hər xəbərə tez inanırdılar. İndi isə bunun tam əksidir. Dövlətimizin müvafiq strukturları bu sahədə fəal iş aparmaqla yanaşı insanlar daha ayıq-sayıqdırlar, daha çox maarifləniblər. Bu baxımdan həmin saytların insanlara təsir imkanları elə də çox deyil. Lakin yenə də onların təsirinə düşən insanlar var ki, onlar da adətən gənclər, uşaqlar və yaxud da savadı aşağı olan şəxslərdir”.

Dövlətin, medianın və sosial şəbəkə istifafəçilərinin bu resurslatın və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün görə biləcəkləri işlərə gəlincə, A.Həsrət həmin saytlar və sosial şəbəkə istifadəçiləri ilə bağlı ayrıca qurumun yaradılmasını təklif edib:

“Ölkəmizə qarşı təbliğat aparan qüvvələrin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycana qarşı daim istifadə edə biləcəkləri “rıçaqlara” sahib ola bilsinlər. Həmin saytlar, həmin sosial şəbəkə istifadəçiləri də məhz bu rolu oynayır. Bunlar böyük bir şəbəkədilər. Ona görə də Azərbaycan vətəndaşları və dövləti bu tip resurslarla bağlı diqqətli olmalı, onların yaydıqları xəbəri şübhə ilə qarşılamalıdır.

Digər tərəfdən Dövlət Təhlükəsizliyi Xidməti nəzdində məhz bu cür şübhəli resurlarla bağlı ayrıca bir struktur vahidinin yaradılması yaxşı olardı. Onlar şübhəli saytlar və sosial şəbəkə istifadəçiləri ilə bağlı gündəlik monitorinq aparsınlar, materialları yığaraq təhlil etsinlər və qabaqlayıcı tədbirlər görsünlər. Belə olarsa ölkəmizə qarşı təbliğat aparan saytların və sosial şəbəkə istifadəçilərinin də fəaliyyəti neytrallaşdırılmış olar”.

1news.az

Paylaş:
1942

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər