Azərbaycan diplomatiyasının parlaq səhifələri | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diplomatiyasının parlaq səhifələri

11:56 - 15 / 06 / 2019
Azərbaycan diplomatiyasının parlaq səhifələri

Azərbaycan Respublikasının diplomatik orqanlarının 100-illyinə həsr olunub

Qədim tarixi və çoxəsrlik dövlətçilik ənənələri olan istənilən dövlət zəngin diplomatiya tarixinə sahib olmamış olmaz.

Azərbaycan bunun bariz nümunəsidir. Coğrafi baxımdan mühüm strateji ərazidə yerləşən Azərbaycan hər zaman müxtəlif ölkələrin mürəkkəb geopolitik oyunlarının meydanı olmuş, Böyük İpək Yolu üzərində yerləşməsi isə onu beynəlxalq maraqlar üçün xüsusi cəlbedici edirdi.

Görünür, siyasətə tarazlaşdırılmış diplomatiya rəngi qatan Qafqaz Albaniyasının hakimi Cavanşirin xarici siyasətini, sonralar isə Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu, Səfəvilər dövlətinin diplomatik fəaliyyətini bununla izah etmək olar. Ağqoyunlu Uzun Həsənin dövründə Azərbaycanın Qərblə Şərq arasındakı əlaqələrdəki rolu nəzərəçarpacaq dərəcədə artdı. Bir çox Şərq ölkələri ilə yanaşı, Azərbaycan Avropa dövlətləri ilə geniş diplomatik əlaqələr yarada bildi. Əlaqələrin möhkəmləndirilməsində və danışıqların aparılmasında o zamanlar bütün Şərqdə ilk qadın diplomat kimi tarixə daxil olan Sara xatun (hökmdar Uzun Həsənin anası) əvəzedilməz rol oynamışdır. Sonrakı dövrlərdə Azərbaycan ərazisində yerləşən xanlıqlar da öz xarici siyasətlərini qurur və aktiv diplomatik fəaliyyət göstərirdilər ki, bu da onlara qonşu ölkələrlə mövcud geopolitik çəkişmələrin gərgin zamanında öz mövcudluqlarını qoruyub saxlamağa imkan verirdi. Bütün bunları Azərbaycanın çoxəsrlik diplomatiya tarixinin  şanlı səhifələrinə aid etmək olar.

Lakin XIX əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilən Azərbaycan hər hansı müstəqil diplomatik fəaliyyət göstərmək imkanından məhrum edilmişdi.  Və yalnız 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra bu fəaliyyət bərpa edildi və bizim ölkəmiz beynəlxalq münasibətlər sisteminə qoşuldu.

Gənc dövlətin əsas prioritetlərindən biri beynəlxalq ictimaiyyətin bütün təmsilçiləri ilə mehriban qonşuluq münasibətlərinin qurulması, xarici siyasətin formalaşdırılması oldu. Bunun üçün AXC hökuməti üçün yeni dövlətin beynəlxalq səviyyədə tanınmasına nail olmaq zəruri idi. Bu məqsədlə də Paris Sülh konfransının işində iştirak etməli olan diplomatik missiya yaradıldı. Bu konfransda qalib dövlətlər I Dünya müharibəsində məğlub olmuş ölkələrin və yeni yaranmış dövlətlərin taleyini həll edirdilər. Nümayəndə heyətinin başçısı AXC parlamentinin Sədri A.M.Topçubaşov, onun müavini isə AXC hökumətinin üzvü M.H.Hacınski  təyin olunur. Nümayəndə heyətinin tərkibinə parlamentin üzvləri - A.Ağayev və E.Şeyxülislamov da daxil olur. M.Mehdiyev, D.Hacıbəyli və M.Məhərrəmov isə məsləhətçilər olurlar. Nümayəndə heyəti diplomatik status daşıyırdı.

Parisdə olduqları müddətdə bizim diplomatlar öz ölkələrinin tarixi, iqtisadi və mədəni potensialı haqqında əyani vəsaitlər paylayaraq, eləcə də şifahi məlumat verərək  aktiv siyasi danışıqlar aparırdılar. Bu səfərin əsas nailliyəti isə məxsusi olaraq Paris Sülh konfransında iştirak etmək məqsədilə öz vəzifə öhdəliklərini yerinə yetirdiyi bir zamanda ilk dəfə olaraq Amerika qitəsini tərk edən ilk ABŞ Prezidenti V.Vilson tərəfindən nümayəndə heyətimizin qəbulu oldu. V.Vilsonla danışıqlar zamanı Azərbaycan nümayəndə heyətinin başçısı V.Vilsonun diqqətinə çatdırdı ki, AXC-nin sərbəst, müstəqil həyata bütün imkanları mövcuddur. Görüş zamanı bizim hökumətin yeni yaranmış dövlətin əsas milli tələblərinin – öz ərazisi, əhalisi, parlamenti, hökumət və ordusu olan Qafqaz Azərbaycan dövlətinin tam müstəqilliyinin tanınması, nümayəndə heyətinin sülh konfransının işinə buraxılması, AXC-nin Millətlər Cəmiyyətinə qəbul edilməsi- ifadə edildiyi Memorandumu təqdim olundu. Bunlarla yanaşı, Azərbaycan tərəfi əhalinin ehtiyacları üçün sənaye məhsullarının verilməsi şəklində ABŞ tərəfindən dəstəyin göstərilməsinə də ümid edirdi. ABŞ-la xarici siyasi əlaqələrdə AXC öz təbii ehtiyatlarının ABŞ manufaktura məhsullarına mübadilə etmək niyyətilə  diplomatik münasibətlər və iqtisadi əlaqələr qurmaq niyyətində idi. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyəti Amerika prezidenti ilə görüşü  mühüm nailiyyət hesab edirdi, baxmayaraq ki, A.M. Topçubaşovun qeydlərinə əsasən, “V.Vilson da digər Antanta dövlət başçıları kimi özü nümayəndə heyəti qəbul etmirdi”.

Beləliklə, Paris Sülh konfransında Azərbaycan rəsmi şəkildə və beynəlxalq hüquqi normalara uyğun olaraq, müstəqil dövlət kimi tanındı. Keçmiş Rusiya imperiyasının xarabalıqları üzərində meydana gəlmiş dövlətlər arasında Azərbaycan Qərbin etimadını qazanmış yeganə müsəlman ölkəsi oldu. Yalnız şərqdə deyil, bütün müsəlman aləmində ilk və yeganə respublika yarandı.

Öz iki illik mövcudluğu dövründə AXC Azərbaycanın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində bir gənc dövlət kimi kifayət qədər uğurlu iş apardı. Bu işin aparılmasında isə əsas payı olan isə Xarici İşlər Nazirliyi idi. Nəticədə artıq 1919-cu ildən etibarən Bakıda  ABŞ, Böyük Britaniya, Fransa, İsveç, İsveçrə, İtaliya, Polşa, Belçika, İran, Ukrayna və s. kimi 16 xarici ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı. Türkiyə, Gürcüstan, Ermənistan, İran, Ukrayna və s. ölkələrdə Azərbaycan diplomatik nümayəndəlik və baş konsulluqlar təsis  etdi.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, öz müstəqilliyini elan etdikdən dərhal sonra onu tanıyan ilk ölkə Osmanlı imperiyası oldu. Türkiyənin Dövlət Arxiv idarəsində AXC-nin Paris Sülh konfransında müstəqilliyinin tanınmasına həsr olunmuş məqalənin çap olunduğu qəzet qorunub saxlanır. Qəzetin sol səhifəsində Azərbaycanın bu ölkədəki səfirliyinin binasının fotoşəkli çap olunmuş və yazılmışdır: “Dünən Azərbaycan səfirliyində müstəqilliyi münasibətilə qardaş Azərbaycanı təbrik etməyə tələsən türk ictimaiyyətinin bir çox nümayəndələri üçün  qəbul təşkil edilmişdi”. Qardaş Türkiyədə Azərbaycanın ilk fövqəladə və səlahiyyətli Səfiri kimi görkəmli Azərbaycan yazıçı və publisisti Y.V.Çəmənzəminli təyin edildi.

Lakin 1920-ci ilin aprelində artıq ölkədə siyasi vəziyyət çox gərginləşdi. Qırmızı ordunun Azərbaycanın cənubunda irəliləməsi, erməni silahlı birləşmələrinin mülki əhalinin məhv edilməsi məqsədilə dinc, müdafiəsiz müsəlman kəndlərinə alçaqcasına hücumları ciddi böhrana gətirib çıxardı. Gənc, hələ də möhkəmlənməmiş ölkə xarici və daxili təhdidlərə qarşı dura bilmədi və 28 aprel 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.

Azərbaycanın SSRİ-nin tərkibinə daxil edilməsindən sonra diplomatiyamız tarixində durğunluq dövrü başladı, azad xarici siyasi fəaliyyət, demək olar ki, tamamilə dayandırıldı.  AXC-ni Xarici İşlər Nazirliyi  ləğv edildi, əvəzində isə rəmzi olaraq, Azərbaycan SSR-in xarici işlər üzrə Xalq  Komissarlığı yaradıldı. Ciddi fəaliyyətin yoxluğuna baxmayaraq, 1920-22-ci illərdə xarici işlər üzrə Xalq Komissarlığı xarici ölkələrlə müəyyən ikitərəfli münasibətlərə malik idi. SSRİ-nin mövcudluğunun ilk illərində Azərbaycanın xarici işlər üzrə Xalq Komissarları N. Nərimanov və M.Hüseynov olmuşlar. Sonra isə Azərbaycan SSR-in xalq komissarlığı Şurasının 8 oktyabr 1923-cü il tarixli əmri ilə ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik missiyalar qapadıldı. Yalnız Türkiyə və İran Baş Konsulluqları istisna təşkil edirdi, onlar 40-cı illərin əvvəllərinə qədər fəaliyyətlərini davam etmişlər. Və ancaq 1944-cü ildə, Böyük Vətən müharibəsinin, demək olar ki, sonlarında Sovet rəhbərliyi öz strateji maraqlarından bir qədər uzaqlaşaraq, ittifaq respublikalarının xarici işlər üzrə Xalq Komissarlıqlarının yaradılmasını mümkün saydı. Azərbaycan da istisna deyildi. 1946-cı ildən isə xarici işlər üzrə Xalq Komissarlığı Xarici İşlər Nazirliyi adlanmağa başladı, lakin yenə də əvvəlki kimi öz rəmziliyini qoruyub saxlayırdı.  M.Əliyev, T.Tahirova, E.Qafarova, Q.Sadıxov Sovet dönəminin müxtəlif illərində Azərbaycan SSR XİN-ə rəhbərlik etmişlər.

1991-ci ilə kimi onilliklər ərzində diplomatik iş yalnız mərkəzi rəhbərliyin təlimatlarının yerinə yetirilməsi ilə məhdudlaşırdı. Azərbaycan SSR-in XİN-nin faktiki fəaliyyət göstərməsinə baxmayaraq, öz işinə görə o, daha çox rəsmiyyət xarakteri daşıyırdı, buna görə də müstəqilliyimizi qazanana kimi bizim ölkənin aktiv diplomatik fəaliyyətindən söhbət belə gedə bilməzdi. XX əsrin sonlarında SSRİ-nin süqutundan sonra bir müstəqil ölkə kimi Azərbaycan qarşısında müasir çağırışlara cavab verən xarici siyasət kursunun müəyyənləşdirilməsi kimi çətin bir vəzifə dururdu.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə geri qayıtmasından sonra beynəlxalq əlaqələrin qurulması və inkişafında, eləcə də Azərbaycanın siyasi, sosial, iqtisadi, ictimai, mədəni və elmi həyatında nəzərəçarpacaq irəliləyiş müşahidə edildi, müstəqil dövlətin beynəlxalq norma və prinsiplərə uyğun olaraq qurulmasının yeni mərhələsi başladı. Bu, XİN sistemindən də yan keçmədi. Xarici İşlər Naziri vəzifəsinə təcrübəli siyasi xadim, H.Əliyevə birlikdə işlədikləri dönəmdən yaxşı tanış olan H.Həsənov təyin olundu. (hazırda Polşada Azərbaycanın fövqəladə və səlahiyyətli Səfiridir).

H.Əliyev o zamanlar nazirlik kollektivi qarşısında çıxış edərək diplomatlarımız qarşısında duran vəzifələri müəyyənləşdirərkən belə söyləmişdir: “XİN öz fəaliyyəti ilə hər zaman ölkənin suverenliyini, müstəqilliyini, azadlığını təsdiq edən və onu dünyada təmsil edən xüsusi bir strukturdur”. Məhz H.Əliyevin rəhbərliyi altında dünyanın aparıcı dövlət və beynəlxalq təşkilatları ilə əlaqələr möhkəmlənməyə başladı, Azərbaycanın xarici siyasəti dövlətin milli maraqlarına söykənərək dəqiq istiqamət əldə etdi.

H.Əliyev hər zaman xarici siyasət məsələlərinə çox mühüm, hətta müstəsna əhəmiyyət verirdi. Onun beynəlxalq arenada qəbul edilən çox uğurlu və qəti addımları,  milli ideya və məqsədlər baxımından çox yüksək və nüfuzlu tribunalardan Azərbaycan dövlətçiliyi naminə peşəkarcasına istifadəsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Qısa müddət ərzində H.Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində Azərbaycan xarici ölkə və tanınmış ictimai təşkilatların ölkəmizə, ələlxüsus xaricdən bizə sırınan hərbi münaqişəyə qarşı münasibətlərində kəskin dəyişikliyə nail oldu. O, öz ölkəsinin sülhməramlı xarici siyasətinin əsas tərkib hissələri kimi digər dövlətlərin hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərarası əlaqələrə əngəl törədən süni məhdudiyyətlərin aradan qaldırılması, milli müstəqilliyin möhkəmləndirilməsi prinsipinə riayət edilməsi, tərəflər arasındakı  mübahisəli məsəllərin danışıqlar və yalnız sülh yolu ilə çözülməsi, qarşılıqlı sərfəli iqtisadi, elmi, mədəni və s. əlaqələrin qurulmasını görürdü. H.Əliyev sülh, beynəlxalq hüquqi normalara hörmət, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, qarşılıqlı faydalı əməkdaşlıq kimi prinsipləri xarici siyasətin təməli kimi qəbul edirdi.

Digər tərəfdən, H.Əliyev milli maraqlara cavab verən iri beynəlxalq iqtisadi kontrakt və sazişlərin praktiki həyata keçirilməsi və nəzəri cəhətdən hazırlanması sahələrində də məhsuldar iş aparırdı. Azərbaycanın geosiyasi yerləşməsini nəzərə alaraq, onlar təbii ehtiyatların rasional istismarına yönləndirilmişdi. Belə ki, 20 sentyabr 1994-cü ildə gənc, müstəqil Azərbaycanla dünyanın aparıcı iqtisadi gücləri arasında yeni tarixə “Əsrin müqaviləsi” kimi düşən ilk neft müqaviləsi  imzalandı. Xəzərin dərinözüllü neftinin müştərək işlənməsi haqqında dünyanın 8 ölkəsindən olan 13 iri neft şirkəti ilə imzalanmış müqavilə ölkənin neft strategiyasını işə saldı. Bununla da Azərbaycanın neft sənayesini böhrandan çıxarmaq mümkün oldu. İqtisadiyyatın bu sahəsinə böyük vəsaitlər cəlb olunmağa başladı, neft maşınqayırması ilə bərabər neft kimyası sahəsi də inkişaf etməyə başladı. Ölkədə nisbi stabilliyin mövcud olduğu, beynəlxalq arenada bizə olan maraq və etimadın tədricən artdığı o dönəmlərdə bu layihənin reallaşdırılması böyük düha olan H.Əlyev tərəfindən işlənib hazırlanmış, Azərbaycanın gələcək inkişaf konsepsiyasını özündə ehtiva edən  strategiyanı həyata keçirməyin ən bariz dəlillərindən biri oldu. Onun siyasi iradəsi və müdrikliyi sayəsində  bir sıra mühüm beynəlxalq müqavilələr imzalandı və onların həyata keçirilməsi üçün lazımi təməl hazırlandı. H.Əliyevin təşəbbüsü ilə Azərbaycan siyasi əhəmiyyət daşıyan, dünya miqyaslı bir sıra iqtisadi layihələrin gerçəkləşməsində mühüm rol oynamağa başladı. Hazırda Azərbaycanın liderlik etdiyi regionda yerləşən  dövlətlərinin birləşməsində onun xidmətləri danılmazdır. H.Əlyev bütün istiqamətlərdə balanslaşdırılmış diplomatiya kursu yeritməyi bəyan etmişdir. O, Azərbaycanı dünya ictimaiyyətinin tamhüquqlu üzvünə çevirə bildi. (Bugün Azərbaycan, demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunur və bir çox regional və geosiyasi proseslərdə fəal iştirak edir).

Şərq-Qərb beynəlxalq layihəsinin həyat keçirilməsində H.Əliyevin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. 1998-ci ildə H.Əliyevin şəxsi təşəbbüsü ilə “Böyük İpək Yolunun bərpası” adlı birinci beynəlxalq zirvə görüşü keçirildi. Bu tarixi hadisə çərçivəsində öz iqtisadi və geosiyasi imkanlarından bütünlüklə yararlanmaq məqsədilə 12 dövlət “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” imzaladılar. Bu zirvə görüşü beynəlxalq tranzit layihədə Bakıya əsas məntəqə statusu verdi. H.Əliyevin “Böyük İpək Yolu diplomatiyası”nda əsas yeri geosiyasi məzmun tuturdu: bütün mühüm istiqamətlərdə faydalı tərəfdaşlıq qurmaq (Çin, Rusiya, Avropa, ABŞ) və Azərbaycanı dövlətimizin xeyri naminə müxtəlif ölkələrin  maraqlarının birləşdiyi bir bölgəyə çevirmək.

Qeyd etmək lazımdır ki, H.Əliyevin dönəmində Azərbaycanın Türkiyə ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bununla yanaşı, H.Əliyev ümumtürk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi də layiq olduğu  şöhrəti qazanmışdı. Axı hələ 1992-ci ildən başlayaraq siyasi, iqtisadi, ədəbi, mədəni əlaqələrin genişlənməsi və türk ölkələrinin incəsənət xadimlərinin mübadiləsi sahələrində  də onun tərəfindən böyük işlər görülmüşdü.

Tariximizin amansız sınaqlar və sərt kataklizmlərlə dolu olduğu zamanlarda müxtəlif ölkə və qitələrə parçalanmış dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olunması məsələsində onun böyük xidmətləri olmuşdur. O, Vətənin - müstəqil Azərbaycan Respublikasının maraqları ətrafında dünya azərbaycanlılarının təşkilatlanması, diasporların yaradılması, daha sonra onların lobbi təşkilatlarına çevrilməsi üçün bütün mümkün olan hər şeyi etməyə çalışırdı.

Bir sözlə, 1993-cü ildə-Azərbaycanın müstəqilliyinin lap başlanğıcında müdrik siyasi və dövlət xadimi olan H.Əliyevin gəlişi ilə dövlətçiliyin qurulması keyfiyyət baxımından yeni mərhələyə qədəm qoydu. Ölkənin xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış strategiyası işlənib hazırlandı ki, bu gün də çox uğurla davam etdirilir. Bu strategiya müasir tələb və çağırışlara cavab verən milli maraqlara söykənir.

Bu gün bu xarici siyasəti Prezident İlham Əliyev çox möhtəşəm davam etdirir.  Azərbaycan öz müstəqil siyasi kursunu yürüdən bir dövlətə çevrilmişdir. Bu müstəqil kursun əsasını  milli maraqlar, ölkə vətəndaşlarının maraqlarının qorunması təşkil edir. İ.Əliyevin tarazlı xarici siyasəti,  qəti qərarları, intensiv görüşləri, çoxsaylı müsahibələri, tez-tez xarici səfərləri, yüksək tribunalardan çıxışları, nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı onun nəticəsidir ki, bizim ölkə  beynəlxalq arenada böyük sürətlə uğurlar qazanır və bu uğurları möhkəmləndirir. Azərbaycan nəinki Avropanın, bütünlükdə dünyanın enerji təhlükəsizliyinə əvəzedilməz qatqı verən bir dövlətdir.

Bizim ölkə layiqli, etibarlı və məsuliyyətli tərəfdaş kimi ölkə kimi şöhrət qazanmışdır. Müasir Azərbaycanın malik olduğu nüfuz və diplomatik resurslar yalnız lokal xarakter daşımır, onlar beynəlxalq xarakter daşıyırlar. Ölkəmiz dünyanın 80-dan çox ölkəsində səfirlik və diplomatik nümayəndəliyə malikdir.

Qonşu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Azərbaycan xarici siyasətinin prioriteti Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq və sülh yolu ilə məcburi köçkünləri öz doğma yurdlarına geri qaytarmaqdır.

Prezident İlham Əliyev praqmatik xarici siyasətin əsas tərtibçisi olaraq və bu siyasətin həyata keçirilməsində diplomatik xidmət əməkdaşlarının roluna böyük əhəmiyyət verərək ixtisaslaşmış kadrların hazırlanması və beynəlxalq münasibətlər sahəsində elmi tədqiqatların aparılması məqsədilə 6 mart 2006-cı il tarixli fərmanı ilə Azərbaycan Diplomatik Akademiyasını təsis etmişdir.  Bu akademiyanın rektoru isə Azərbaycanın ABŞ-da ilk fövqəladə və səlahiyyətli Səfiri H.Paşayev olmuşdur.

24 avqust 2007-ci ildə isə Prezident “Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşlarının günü”nün-peşə bayramının təsis edilməsi haqqında sərəncam imzaladı. 9 iyul –Diplomat Günü elan edildi, bu tarixin elan edilməsinə əsas isə 1919-cu ildə AXC-nin Xarici İşlər Nazirliyinin Katibliyinin müvəqqəti göstərişi olmuşdu.  Və ölkə rəhbərliyinin diplomatik xidmət əməkdaşlarına olan qayğısı nəticəsndə bugün XİN-in yaşlı nəsil əməkdaşlarından təcrübə qazanan böyük bir gənc diplomatlar nəsli yetişir.

Peşə bayramı ərəfəsində diplomatik xidmət orqanlarının veteranlarını xatırlamaq istərdik: Ramiz Abutalıbov, Albert Salamov, Vəhdət Sultanzadə, Sabir Ağabəyov, Namiq Abbasov, Yaşar Əliyev, Tofiq Abdullayev, Zakir Həşimov, İbrahim Hacıyev, Elmira Sarıcalinskaya, dünyalarını dəyişmiş Aydın Əzimbəyov, Eleonora Hüseynova, Rəsul Məlikov, David Bədəlov, Elman Araslı və digər həmkar və dostları... Həmçinin xaricdə öz peşə borclarını yerinə yetirərkən dünyadan vaxtsız köçən həmkarlarımızı da unutmaq olmaz: Avstriyada Fuad İsmaylov, Çində Vitaliy Tariverdiyev, Rumıniyada Əfqan Məmmədov, İranda Rza İbrahimov və Cəbrayıl Xanlarov, Misirdə Nicat Qocayev....Ruhları Şad Olsun!

Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsində qeyd etdiyi kimi bizim xarici siyasətimiz bütün istiqamətlərdə uğurludur və biz işimizi məhz bu yöndə davam etdirəcəyik. Bunlar yalnız sözlər deyil...Bu sözlər Azərbaycan diplomatlarını beynəlxalq səviyyədə layiqincə təmsil etməyə borclu olduqları Vətənin  tarixinə, ənənələrinə və tələblərinə sadiq qalmağa çağırır.

1news.az

Paylaş:
957

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər