Azərbaycan Enerji Strategiyası və Enerji səmərəliliyi haqqında qanun hazırlayır: əsas mahiyyəti nədən ibarətdir? - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Enerji Strategiyası və Enerji səmərəliliyi haqqında qanun hazırlayır: əsas mahiyyəti nədən ibarətdir? - FOTO

11:20 - 22 / 10 / 2018
Azərbaycan Enerji Strategiyası və Enerji səmərəliliyi haqqında qanun hazırlayır: əsas mahiyyəti nədən ibarətdir? - FOTO

Enerji ehtiyatlarının istifadəsinin səmərəliliyi - bu məsələni, iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edən ölkə olaraq, Azərbaycan da qarşısına prioritet istiqamət kimi qoyub.  

Son illər burada iqtisadiyyatın stabil inkişafı üçün təbii sərvətlərin səmərəli istifadəsinin vacibliyi daha dərindən dərk edilir. Bu istiqamətdə Azərbaycanın əsas tərəfdaşı Avropa İttifaqıdır.

Statistik göstəricilərə əsasən, Azərbaycanda da, digər Şərq Tərəfdaşlığı ölkələrində olduğu kimi, mal və yaxud xidmət vahidinin istehsal prosesində enerji sərfiyyatı Avropa İttifaqı dövlətlərindən daha yüksək səviyyədədir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər salsaq, görərik ki, 2010-cu ildə ölkənin enerji ötürülməsi sistemində itkilər istehsalın ümumi həcmindən 3,8%, paylaşma sistemində isə 16,6% təşkil etmişdi. Lakin 2017-ci ilə gəldikdə, ötürülmə sistemində itkilər 1,6%, paylaşma sistemində isə 7,6%-ə qədər azalmışdı.

2016-cı ilin Strateji Yol Xəritəsinə əsasən, 2020-ci ilə qədər Azərbaycan qarşısına itkilərin səviyyəsini Bakıda 7%-ə, regionlarda isə 8%-ə qədər endirmək məqsədini qoyub. Belə ki, inkişaf etmiş ölkələrdə itkilərin orta göstəricisi 5-6% təşkil edir.

"Azərbaycan müxtəlif enerji resurslarına malikdir, ölkənin bütün enerji sistemi texnoloji baxımdan əsaslı şəkildə modernləşdirilib, elektrikləşdirilmə və qazlaşdırılma 100% təmin edilib. Lakin bununla yanaşı, elektrik stansiyalarında normadan artıq yanacaq sərfiyyəti və şəbəkədəki itkilər hələ də yüksək olaraq qalır, – Azərbaycanda energetika sahəsində aparıcı mütəxəssislərdən biri olan Vaqif Nəsibov belə deyir. - Qarşımızdakı məqsəd – davamlı inkişafı təmin edərək, mövcud resursların səmərəli istifadəsinə nail olmaqdır".

Fotoda: Azərbaycanda bərpa olunan enerji mənbələrinin istifadəsi

İnkişafın vahid istiqamətinə ehtiyac duyulur

Son iki il ərzində bu istiqamətdəki işlər Şərq Tərəfdaşlığı ölkələrinin enerji bazarlarındakı islahatların və dayanıqlı enerji siyasətinin formalaşdırılmasının dəstəyinə yönəlmiş EU4Energy proqramı çərçivəsində aparılır. Büdcəsi 21 milyon avro olan və 2020-ci ilə qədərki dövrü əhatə edən bu proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Bu layihə çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən Azərbaycana uzunmüddətli Enerji Strategiyasının hazırlanmasında köməklik göstərilir. Sənəd, ölkənin 2016-cı ilindən olan Milli Yol xəritələrində əks olunmuş məlumat və öhdəliklərə əsaslanmalıdır.

Hal-hazırda Azərbaycanın Enerji Strategiyasının hazırlanması ilkin mərhələdədir – sənədin texniki xırdalıqları razılaşdırılır, kiminlə və hansı müddət ərzində tərtib ediləcəyi, hansı üsullara əsaslanacağı, hansı dövrü əhatə edəcəyi və sair məsələlər müzakirə olunur.

Bu istiqamətdə aparılan işlərin çərçivəsində Bakıda Azərbaycanın və Aİ-nın ekspert qruplarının üzvlərinin artıq bir neçə görüşü baş tutub. Sonuncu dəfə belə bir görüş sentyabrda keçirilmişdir.

Azərbaycan üçün Enerji Strategiyasının hazırlanması üzrə texniki dəstək qrupunun rəhbəri, ekspert İlki Levinqtonun sözlərinə görə, Bakıda Avropa İttifaqı ölkələrinin enerji strategiyalarının bir neçə ən qabaqcıl nümunələrinin təqdimatı keçirilmişdir.  

Bütün bu strategiyalar özünəməxsus üçbucağın – "enerji təchizatının etibarlılığı", "energetika sektorunun dayanıqlığı" və "prosesin iqtisadi səmərəliliyi" üzərində qurulub.

Enerji səmərəliliyi kontekstində bu elementlərin sonuncusu onu göstərir ki, məqsəd nəinki enerji ehtiyatlarının qənaətindədir, həmçinin bu qənaətin nəticəsi kimi iqtisadi artıma nail olmaqdadır.

İlki Levinqtonun dediyinə görə, Avropa strategiyalarının və Azərbaycanın mövcud sənədlərinin (burada 2016-cı ilin Milli Yol xəritələri əsas götürülmüşdür) müqayisəsi göstərdi ki, onlar əsasən məlumatların təhlilinin dərinliyi ilə fərqlənir.

Fotoda: ekspert qrupunun nümayəndələrinin toplantısı, Bakı, sentyabr. 2018

Planlaşdırmaya gəldikdə, söhbət hansı müddətlərdən gedə bilər?

Enerji Strategiyasının hazırlanması çərçivəsində müxtəlif dövlət strukturlarının nümayəndələri, akademik və digər elm xadimlərindən ibarət Nazirliklərarası işçi qrup yaradılıb ki, ona Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev başçılıq edir.

İşçi qrupun vəzifələrindən biri də Enerji Strategiyasının əhatə edəcəyi dövrü təyin etməkdən ibarətdir - yəni, söhbət 2020-25-ci, yoxsa ondan sonrakı illərdən də gedə bilər?

Beynəlxalq Enerji Xartiyasının nümayəndəsi və EU4Energy layihəsinin meneceri Bilyana Çobanova deyir ki, Avropa İttifaqı sözügedən Strategiyanı daha uzun müddətə tərtib edilməsini məqsədəuyğun hesab edir. O, ən optimal variant kimi 2050-ci ili göstərir.

Azərbaycan tərəfi isə, ekspertlərin sentyabrda keçirilən müzakirələrinə əsəslanaraq, regionda və dünyada geosiyasi sabitsizliyi nəzərə almaqla, bir qədər qısamüddətli sənədin hazırlanmasını istisna etmir.   

"Strateji məqsədlər uzun müddətə hesablanan planları nəzərdə tutur, - Bilyana Çobanova belə deyir. - Əlbəttə, siyasət dəyişir, lakin biz də bu dəyişən reallıqlarla ayaqlaşa bilərik. Ən vacibi odur ki, inkişafın ümumi istiqaməti dəyişməz olaraq qalsın".

Fotoda: ekspertlər B.Çobanova, V.Nəsibov, İ.Levinqton

Enerji səmərəliliyi haqqında yeni qanun nələr vəd edir?

Maraqlısı budur ki, EU4Energy layihəsi çərçivəsində aparılan işlər təkcə Enerji Strategiyası ilə məhdudlaşmır. Azərbaycanda artıq Enerji səmərəliliyi haqqında yeni qanun layihəsi da hazırlanıb ki, o olmadan ölkənin energetika sektorunun effektiv və ahəngdar idarə olunmasına yönələn cəhdlər heçə endirilə bilər.

Qanun layihəsi üzərində iş bu ilin martında yekunlaşıb və o, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Tərəflər qanunun artiq bu ilin sonuna qədər qəbul olunmasına ümidlidirlər.

Yeni qanun layihəsində Milli Fəaliyyət Planının hazırlanması, məcburi enerji auditinin aparılması və enerji səmərəliliyin artırılmasına yönəlmiş tədbirlərin stimullaşdırılması, məsul orqanların və intellektual enerji hesablama sistemlərinin yaradılması, istehlakçıların məlumatlandırılması üçün tədbirlərin gücləndirilməsi və malların enerji-etiketləməsi kimi məsələlər öz əksini tapıb.

"Enerji effektivliyi təkcə enerji qənaətini nəzərdə tutmur, onun daha çox müsbət tərəfləri var, - deyə Bilyana Çobanova vurğulayır. - Enerji itkilərinin azalması hesabına Azərbaycan öz sənaye müəssisələrinin dövriyyəsini artıra bilər, qənaət olunmuş enerji daşıyıcılarını isə istənilən vaxt ixrac etmək olar ki, bu da əlavə gəlir gətirəcək".

Fotoda: Avropa Komissiyasının nümayəndəsi N.Miolato, Azərbaycanın energetika nazirinin müavini S.Vəliyev

Avropa İttifaqı Azərbaycandan daha çox potensial qaz həcmlərini əldə etməkdə maraqlıdır.

Planda nəzərdə tutulub ki, 2020-ci ildə dəyəri 40 milyard dollar olan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycanın ilk təbii qazı Avropa bazarına çatdırılacaq. İlkin olaraq, ildə 10 milyard kubmetr ötürüləcək təbii qazin həcmini gələcəkdə 31 milyard kubmetrə qədər çatdırmaq nəzərdə tutulub.  

EU4Energy layihəsində Azərbaycanın milli eksperti Vaqif Nəsibov hesab edir ki, enerji effektivliyinə yönəlmiş tədbirlər nəticəsində qənaət olunmuş təbii qaz hazırki ixrac həcmlərini əhəmiyyətli dərəcədə artırmaq iqtidarındadır.

"Bununla yanaşı, resursların potensialını hesablayaraq, biz gələcək nəsillərin də tələbatını nəzərə almalıyıq. Ölkənin və xalqın uzunmüddətli rifahı bu faktordan əhəmiyyətli dərəcədə asılıdır", - Vaqif Nəsibov belə deyir.

Bəs sadə insanlar nə gözləməli? 

Azərbaycanın Enerji səmərəliliyi haqqında yeni qanunu həm də binalarda enerji effektivliyinin təmin edilməsi prinsipini özündə cəmləşdirir. Lakin bu istiqamət, özü-özlüyündə çox geniş olduğuna görə, perspektivdə ayrıca qanunda da əksini tapmalıdır.

Binaların istilik izolyasiyası üzrə gələcək tədbirlərin nəticəsi olaraq, son istehlakçıların kommunal xidmətlərə görə hesablanan ödənişləri xeyli azalmalıdır. Lakin bu, növbəti addımdır.

Hazırda isə, Azərbaycan da daxil olmaqla, postsovet ölkələrindəki tikililərin böyük əksəriyyəti müasir standartlara cavab vermir. Qış mövsümündə onların isidilməsi üçün həddindən artıq enerji resursları sərf edilir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən pilot layihələrdən birinin çərçivəsində, 2013-2014-cü illərdə Bakıda iki tipli yaşayış binalarında aparılan enerji auditi onu göstərdi ki, keyfiyyətli istilik izolyasiyası binanın işlətdiyi enerjinin 50%-ni qənaət edə bilərdi.

Yekun olaraq, qeyd edək ki, Azərbaycanda enerji sektorunun idarəetmə sisteminin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan bütün tədbirlər perspektivdə enerji resurslarına qənaət etməyə, ixracı artırmağa, yerli istehsalı gücləndirməyə, yeni iş yerlərini açmağa, müəssisələrin və vətəndaşların enerji ödənişlərini azaltmağa, həmçinin gələcək nəsillərin enerji təhlükəsizliyinə zəmanət vermək üçün geniş imkanlar yaradacaq.

Şübhəsiz ki, bu proses bir qədər uzun və heç də asan deyil. Lakin əsası odur ki, ilk addım atılsın.

Fotoda: Günəş panellərinin istehsalı, Azguntex zavodu, Sumqayıt

Yelena Ostapenko

Məqalə EU4Energy layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
3173

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər