Azərbaycan millisi Maltadan sülhlə dönür - FOTO - VİDEO
Sentyabrın 10-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
1news.az-ın məlumatına görə, yığmamız səfərdə Ta Qali milli stadionunda Malta seçməsi ilə qarşılaşıb.
Monteneqrolu baş hakim Nikola Dabanoviçin idarə etdiyi oyuna meydan sahibləri daha fəal başlayıblar. Bədavi Hüseynovun kobud oyununa görə, matçın 10-cu dəqiqəsində millimizin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Andrey Aqius dəqiq yerinə yetirərək hesabı açıb.
Görüşün 25-ci dəqiqəsində millimiz hesabı bərabərləşdirməyə yaxın olsa da, Mahir Mədətovun zərbəsi qapı tirindən geri qayıdıb. Bir dəqiqə sonra yığmamız istəyinə nail olub. Belə ki, Təmkin Xəlilzadə baxımlı qola imza atıb. Futbolçuların cəhdlərinə baxmayaraq, ilk hissəsinin sonunadək hesab dəyişməyib.
Oyunun ikinci hissəsi Azərbaycan yığmasının üstünlüyü şəraitində keçsə də, bütün komanda ilə müdafiə olunan Malta millisini məyus etmək mümkün olmayıb. Beləliklə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Xatırladaq ki, Qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edib və qarşılaşmada hesab açılmayıb.
Qrupun digər oyununda isə Kosovo millisi doğma meydanda Farer adaları yığmasını qəbul edib. Görüş Kosovonun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz növbəti oyununu oktyabrın 11-də səfərdə Farer adaları yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Kosovo 4 xalla qrupda birinci pillədə qərarlaşıb. Farer adaları 3 xalla ikinci, Azərbaycan isə 2 xalla üçüncü pillədə yer alıb. Malta millisi isə 1 xalla sonuncu – dördüncü pillədədir.
Millər Liqası, D liqası
3-cü qrup, II tur
10 sentyabr
Malta - Azərbaycan - 1:1
Qollar: Andre Aqius, 10-pen (1:0), Təmkin Xəlilzadə, 26 (1:1)
Hakimlər: Nikola Dabanoviç, Milovan Djukiç, Jovica Tatar, Aleksandar Djikanoviç (Monteneqro)
Ta`Qali. "National Stadium
1news.az