Azərbaycanda analoqu olmayan həkim səhvləri – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda analoqu olmayan həkim səhvləri – SİYAHI

16:46 - 16 / 10 / 2018
Azərbaycanda analoqu olmayan həkim səhvləri – SİYAHI

Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün, 34 yaşlı Samir Dəmirovun “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişməsi yenidən Azərbaycanda həkim səhvi ucbatından daha bir ailənin ocağının sönməsinə səbəb olub.

Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub. Son günlər ictimaiyyətdə müzakirə olunan həkim səhvinin faciəli nəticələri gündəmin mövzusunu zəbt edib.

Mövzunun aktuallığını nəzərə alaraq bu günə qədər Azərbaycanda həkim səhvinə görə ölümlə üzləşən xəstənin faciəli cərrahiyyə əməliyyatlarını araşdırmaq qərarına gəldik.

1news.az A24.az-a istinadla həkim səhvi və səhlənkarlığı üzündən səhiyyə müəssisələrində baş verən faciəvi hadisələri təqdim edir:

Sol göstərib, sağ vurmaq…

Bir neçə il bundan öncə Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.

Tənzifin əsli palatada idi…

Analoqu olmayan cərrahiyyə əməliyyatlarından biri bu ilin əvvəlində Sabirabad rayonunda baş verib. Belə ki, Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb. Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib. Sonradan məlum olub ki, tənzif əməliyyat günü tibb bacısı tərəfindən unudularaq qadının daxili orqanizmində qalıb.

Uşaqlıqda unudulan büküm…

Mingəçevir şəhər sakini S.Ə. 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub. O, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, S.Ə. adlı qadın yenidən əməliyyat keçirməli olub.

İynəyə tikan demədim mən Dədə Qorqud…

Cərrahiyyə əməliyyatı zamanı analoqu olmayan həkim səhlənkarlığı bu dəfə də daha bir qadının üzərində həyata keçirilib. Belə ki, Sabirabad rayon sakini Vüsalə Abdullayeva uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. Onun gözündə problem olduğu üçün doğuş qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Amma analoqsuz həkim səhvi də elə buradan başlayıb. Əməliyyatdan sonra V.Abdullayevanın qarın nahiyəsində durmadan ağrılar başlayıb. Sonradan məlum olub ki, onun qarın nahiyəsində əməliyyat zamanı qırılan iynənin bir hissəsi qalıb.

Kor edilən kor bağırsaq…

İki il bundan öncə, 26 yaşlı Samir Məmmədov Gəncədəki 3 saylı xəstəxanada kor bağırsağından əməliyyat olunub. Uğursuz əməliyyat Məmmədovlar ailəsinə faciə yaşadıb. Belə ki, əməliyyatdan sonra Samirin bədənində ağrılar yaranmağa başlayıb. Onu yenidən həmin xəstəxanada müalicə ediblər. Amma bir xeyri olmadığına görə Bakıya gətirməyə məcbur olublar. Topçubaşov adına xəstəxanada əməliyyat zamanı cərrah şoka düşüb. Məlum olub ki, Samirin kor bağırsağındakı iltihabın qarşısını almaq üçün həkim 10 ədəd əlcəyi onun qarnına yerləşdirib.

Unudulan qayçı, kəsilən bağırsaq…

Bir neçə il bundan əvvəl Şirvan şəhər Diaqnostika Mərkəzində aparılan cərrahiyyə əməliyyatı, nəinki həkimləri, bütün ölkəni şoka salıb. Belə ki, kəskin ağrılarla xəstəxanaya müraciət edən Cəmil Şirəliyevin qarın boşluğundan əməliyyat zamanı cərrahiyyə aləti olan tutqu qayçısı çıxarılıb. Xəstənin qohumları bildirir ki, Cəmil Şirəliyev 2010-cu il sentyabrın 13-də aldığı bıçaq yarasından sonra Sabirabad Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Çox güman ki, elə tutqu qayçısı onun qarın boşluğunda o vaxt qalıb. Beş saat yarım davam edən əməliyyat nəticəsində xəstənin bir metrdən çox bağırsağı da kəsilərək götürülüb.

Azərbaycanda həkim səhvləri və səhlənkarlığından əlavə, uğurlu əməliyyatlar da həyata keçirilib. Buna misal olaraq, ötən il Azərbaycanda doğulan nadir patalogiyalı uşaq üzərində həyata keçirilən uğurlu əməliyyatı göstərmək olar. Belə ki, yeni doğulan uşağın cinsiyyət orqanı olmayıb. Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub. APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır. Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.

Bundan əlavə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dildə bəd xassəsəli şişlə bağlı mürəkkəb əməliyyat icra olunub. Əməliyyat zamanı xəstənin dili, boynundakı limfa düyünləri çıxarılsa da, bədənin digər hissəsindən dil və dilaltı nahiyə əvəzləyicisi formalaşdırılıb. Bununla da, Azərbaycanda xəstəyə yeni dil tikilib.

Azərbaycan tibbində daha uğurlu əməliyyat isə təndirə düşərək ağır yanıq xəsarətləri alan kişinin üzərində 63 ildən sonra həyata keçirilib. Tədris Cərrahiyyə Klinikasında düz 63 il əvvəl xəstənin bədəninə girən yad cismi aşkarlamaq mümkün olub.

S.Xankişiyeva

 

Paylaş:
1789

Son xəbərlər

Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14
Bütün xəbərlər