Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür

23:35 - 19 / 03 / 2018
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il ötür

Martın 19-da Azərbaycan Respublikasının Beynəlxalq Sərgilər Bürosuna (BIE) üzvlüyünün onuncu ildönümü tamam olur. Azərbaycan bu mötəbər quruma 2008-ci ildə üzv olub. Ötən on il Azərbaycan üçün olduqca məhsuldar və səmərəli bir dövr kimi yadda qalıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, BIE 1931-ci ildə yaradılıb. Hazırda 169 üzvü olan büronun əsas missiyası beynəlxalq ekspo sərgilərinin təşkili ilə bağlı 1928-ci ildə imzalanmış Paris Konvensiyasının yerinə yetirilməsinə nəzarət olunmasıdır.

İlk dəfə 2000-ci ildə Almaniyanın Hannover şəhərində təşkil edilən Universal Ekspoda iştirak edən Azərbaycan 18 ildir beynəlxalq ekspo hərəkatının fəal üzvlərindən biridir. Hazırda Azərbaycan Respublikası “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Əhatə dairəsinə görə futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından sonra ən böyük tədbir hesab olunan Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün ölkəmizin kifayət qədər zəngin təcrübəsi, güclü kadr və infrastruktur potensialı var. Təsadüfi deyil ki, Azərbaycanın indiyədək Milan, Astana və digər şəhərlərdə təşkil olunan sərgilərdə uğurlu təqdimatı böyük maraqla qarşılanıb.

Azərbaycan ilk dəfə “Milan Ekspo 2015”də milli pavilyonla çıxış edib. Həmin sərgidə nümayiş olunan milli pavilyonumuz ziyarətçilərin sayına görə xüsusilə seçilib: onu üç milyondan çox insan ziyarət edib. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə yanaşı, ölkəmizin əldə etdiyi uğurlar barədə də ətraflı məlumatlar çatdırılıb. Həmin sərgidə Azərbaycanın milli pavilyonunun yaradılması və digər təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən həyata keçirilib. Milan Sərgisinin təşkilat komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələrdən olub. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər.

2016-cı ildə təşkil olunan “Antalya Ekspo” Beynəlxalq Botanika Sərgisində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonu da böyük maraqla qarşılanıb. Sərgidən və bağçadan ibarət pavilyonda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi, bağçılıq və milli mətbəx mədəniyyəti, xalçaçılıq sənətinin tarixi nümayiş etdirilib. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilib.

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Ekspo 2017” beynəlxalq sərgisində də Azərbaycanın milli pavilyonu böyük zövqlə yaradıldığına görə ən çox ziyarət edilən pavilyonlar sırasında olub. Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən milli pavilyonumuzu sərgi müddətində ziyarət edənlərin sayı bir milyonu ötüb. Burada ölkəmizin nailiyyətlərini geniş şəkildə təbliğ etmək üçün hərtərəfli şərait yaradılıb.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli sərgilərdə layiqincə təmsil olunmaqla nəinki özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirib, həm də bu mötəbər tədbirə ev sahibliyi etmək üçün zəngin və mühüm təcrübə qazanıb. Bu zəngin təcrübəyə və mükəmməl potensiala malik Azərbaycan 2017-ci ilin sentyabrından “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi uğrunda mübarizəyə qoşulub. Bununla bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif təqdimatlar təşkil edilir. İndiyədək Parisdə, Berndə, Ciddədə, Davosda, Nyu-Yorkda keçirilən təqdimat mərasimlərində Bakının namizədliyi və ölkəmizin potensialı böyük maraq doğurub. Onların sırasında ötən ilin noyabrında Parisdə keçirilən təqdimatı xüsusi qeyd etmək lazımdır. Həmin tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ölkəmizin sərginin keçirilməsi məsələsinə nə qədər diqqətlə yanaşdığını bir daha bütün dünyaya nümayiş etdirdi. Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Ekspo 2025”in təqdimatı tarixi hadisə kimi qiymətləndirilə bilər.

“Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olan Bakı bu mötəbər tədbir üçün unikal mövzu təklif edib. Bakının insan kapitalı mövzusunu seçməsi heç də təsadüfi deyil. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm işlər görülüb. “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu qlobal əhəmiyyətə malikdir. Bu, hər bir fərdə, cəmiyyətə, eyni zamanda, ölkəyə öz müsbət təsirini göstərəcək. Çünki insan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşması yollarının tapılmasına, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə yanaşı, həm də sabit və sağlam cəmiyyətlərin formalaşmasında əsas amillərdən biridir. Müasir dünyada baş verən proseslər sübut edir ki, artıq insan kapitalının inkişafına diqqət yetirilməsinin, genişlənən qeyri-bərabərliyin azaldılmasının, iqtisadi artıma, kreativliyə və uğura nail olmaq imkanlarının yaradılmasının vaxtı çatıb.

Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi alt mövzular – təhsil, məşğulluq və səhiyyə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşür. Bunu həmin mövzuların mahiyyətinə diqqət yetirməklə daha aydın görmək mümkündür.

Təhsil. İnsanlara işləməkdə, bacarıqlı cəmiyyətlər formalaşdırmaqda və texnoloji dəyişiklikləri idarə etməkdə təhsil və təlim vacib rol oynayır;

Məşğulluq. Fərdlərin məşğulluq vasitəsilə cəmiyyətdə fəal iştirak etmək ehtiyacı var, eyni zamanda, texnologiya da əmək bazarına mühüm təsir göstərir;

Səhiyyə. İnsan kapitalının inkişafı məhz sağlam cəmiyyətlərdə səmərəli şəkildə baş verə bilər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Bakı Ekspo 2025” ilə bağlı Parisdə keçirilən təqdimat mərasimindəki çıxışında bu barədə danışarkən deyib: “Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Ekspo 2025” sərgisində, düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”.

Məhz buna görə də demək mümkündür ki, “Bakı Ekspo 2025” cəmiyyətin hər bir sahəsinin insan intellektindən yaralanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

“Bakı Ekspo 2025” üçün nəzərdə tutulmuş ərazi Azərbaycan paytaxtının şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında, 200 hektar ərazidə salınacaq bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə paytaxtımızın davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərimizin qonaqları üçün də əvəzsiz miras olacaq.

Azərbaycan zəngin təbii sərvətləri, qədim tarixi və özünəməxsus qonaqpərvərliyi ilə dünyada məşhur olan məkandır. Qitələrin və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan əsrlər boyu Avropa və Asiya arasında ticarət, siyasi və mədəni əlaqələrin qurulmasında körpü rolunu oynayıb. Bu gün artıq bütün dünya təsdiq edir ki, açıq və tolerant mühiti ilə seçilən Azərbaycan, o cümlədən Bakı mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlığın mərkəzi olmaqla yanaşı, bəşəriyyəti narahat edən qlobal məsələlərin geniş müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilib.

Həmçinin Azərbaycanın paytaxtı təkcə son bir neçə ildə çox mötəbər tədbir və yarışlara yüksək səviyyədə ev sahibliyi etməklə peşəkar təşkilatçılıq qabiliyyətini sübuta yetirib. Əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”, “Eurovision 2012” mahnı müsabiqəsi, “Bakı-2015” birinci Avropa Oyunları, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 Qran-Pri yarışları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, eləcə də müxtəlif forumlar Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə də ən yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu göstərir.

“Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsi beynəlxalq ekspo hərəkatına mühüm töhfə verəcək. Birinci vitse-prezident Mehriban Əliyevanın Parisdəki təqdimatda çıxışı zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək. Bu sərgi yeni bölgədə, yeni dövrdə yeni tarix yazmaq imkanı yaradacaq. Bu sərgi, həmçinin Azərbaycan xalqına bizim Beynəlxalq Sərgilər Bürosunun mümkün olan ən yaxşı tərəfdaşlarından biri ola biləcəyini nümayiş etdirmək fürsətini verəcək”.

1news.az

Paylaş:
1088

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər