1news.az

Azərbaycanlı feministlərin etirafı: Əgər siqaret çəkən qadına pis baxılırsa, siqaret çəkən kişiyə də pis baxılmalıdır – FOTO

15 May saat 10:34 ~ 18 dəqiqəlik oxu 540
Azərbaycanlı feministlərin etirafı: Əgər siqaret çəkən qadına pis baxılırsa, siqaret çəkən kişiyə də pis baxılmalıdır – FOTO

Yaxın günlərdə azərbaycanlı feministlər qrupuna rast gəldim. Onlar “Equals” platforması yaradaraq müxtəlif layihələrin köməyi ilə ölkəmizdə gender bərabərsizliyi ilə mübarizə aparırlar.

Platformanın iki nümayəndəsi – Zümrüd Cəlilova və Aysel Axundova ilə görüşdük. Onlarla söhbər zamanı fəaliyyətlərindən, cəmiyyətimizin dünyagörüşünü dəyişdirmək hədəflərindən və patrialxat sistemin məhvindən danışdılar.

Equals” platforması haqqında daha ətraflı məlumatı Facebook səhifəsini vasitəsilə əldə edə bilərsiniz.

- İlk olaraq nə üçün feminist olduğunuzdan bəhs edin. Həyatınızda buna səbəb olacaq hansı məqam oldu?

Aysel: Həyatımda buna təkan verəcək dönüş nöqtəsi olmayıb. “Feminizm” sözünü ilk dəfə 5-ci sinifdə oxuyanda rast gəldim və düşündüm ki, bu anlayış həyata baxışlarımı tamamilə əks etdirir. Çünki uşaqlıqdan ədalətin tərəfdarı olmuşam.

Mənimçün feminizm bütün insanların haqlarının – cinsindən və cinsi oriyentasiyasından asılı olmayaraq hər bir kəsin müdafiəsi deməkdir. Yəni mən transgender ilə interseksləri, həmçinin seksual azlıqların haqlarını bərabər şəkildə dəstəkləyə bilərəm. Mənimçün bu, adi insanlıq təzahürüdür. Hər bir insan istəyinə uyğun sənət seçdiyi kimi, istədiyi kimi yaşaya da bilər. Zənnimcə, cəmiyyətimizin əsas problemi yaşlı nəslin gənc nəslə qeyri-ciddi münasibəti, onların arzu və şəxsi keyfiyyətlərini nəzərə almamasındadır.

Fotoda Aysel Axundova

Zümrüd: Mənə gəlincə, qadın cinsinə aid olduğum üçün həyatımda ədalətsizliklə qarşılaşdım. Mən politologiya fakültəsində təhsil alırdım və siyasətlə çox maraqlanırdım. Lakin bəzi müəllimlər deyirdi ki, qız üçün ən vacib şey – uğurlu ailə həyatı və ana olmasıdır. Sonra bu, dövlət qurumlarında təcrübədə olduğum müddət davam etdi. Daha sonra isə xaricdə təhsil aldığım müddətdə bəziləri valideynlərimə mənə nahaq yerə imkan verdiklərini və digər şeylər söylədilər. İllərlə bunlar beynimdə toplanıb qaldı.

Feminizmlə bağlı dördüncü kursda oxuyanda, Hindistanın nümunəsində “demoqrafik problemləri” öyrənən zaman düşündüm. Bir çox problemlərlə yanaşı, qadın problemlərini də müzakirə edirdik. Bu, mənə çox pis təsir etdi. Təhsilimi bitirdikdən sonra Böyük Britaniyada magistratura pilləsi üçün ərizə verdim. Orada genderin dərin problemlərini və beynəlxalq münasibətləri öyrənərək Azərbaycana qayıtdım. Bu zaman məni narahat edən suallara cavab tapdım və anladım ki, Vətənimdə vəziyyəti qaydaya sala bilərəm.

Fotoda Zümrüd Cəlilova.

Ümumiyyətlə Azərbaycanda gender elmi ilə bağlı 90-c illərdən Bakı Dövlət Universitettində (BDU) kafedra fəaliyyət göstərib. Bunu az adam bilir. Bu fənn sadəcə istəyə uyğun olaraq müəyyən qruplarda semestr müddətində tədris edilir. Bir neçə il BDU-da bu fənni tədris etmişəm.

Avropada bu mövzular, nümunə üçün nəinki universitetlərdə, hətta məktəblərdə də qaldırılır. Təəssüflər olsun ki, ölkəmizin məktəblərində, yalnız TISA, Baku Oxford School, Avropa liseyində müəyyən dərəcə toxunulur. Kənd və rayon məktəblərində isə bundan söhbət gedə bilməz. Hesab edirəm ki, universitetlərdə hüquqşünaslıq, politologiya, diplomatiya və digər sosial elmlərə birlikdə gender elmi istəyə görə yox, icbari şəkildə tədris edilməlidir.

- Bu fənnin universitetlərdə tədrisi nə dərəcədə effektiv olacaq? Nəzərə alsaq ki, tələbələr müəyyən yaşa dolmuş insanlardır. Əgər insanda patrialxat düşüncə - qadına evdə oturararaq evdarlıqla məşğul olan və uşaqları tərbiyə edən çoxalma aləti kimi baxış formalaşıbsa, universitetdə bunun əksi öyrədilməsini heç nəyi dəyişə bilməz.  

Zümrüd: Keçmiş pedaqoq kimi deyə bilərəm ki, qruplarımda fikir dəyişikliyi baş verib. Onların düşüncələri, reaksiyaları və müzakirələrində köklü şəkildə dəyişikliklər oldu. Bununla yanaşı, tələbələrim sosial şəbəkədə dostluq təklifi göndərdilər, gender problemi ilə bağlı paylaşımlarımı bəyəndilər, “Equals”ın təşkil etdiyi müxtəlif tədbirlərə gəlirdilər.

Əlbəttə onların təsəvvürlərini dəyişmək çətindir. Universitetdə lazımi şəraitin, internet, öyrənmə ruhunun olmamasını gizlədə bilmərəm. Tələbələrim daima ədalətsizlik, kobudluq və korrupsiya ilə qaşırlaşıb. Bu da müəllimin, xüsusilə də onların gözündə qadının imicinə xələl gətirib.

Hər zaman işimə məsuliyyətlə yanaşmışam, bu da qısa zamanda tələbələrim tərəfindən hörmət və etiram qazanmağıma gətirib çıxarıb. Özümə, danışığıma və təəssüflər olsun ki, həmişə birinci yerdə dayanan xarici görünüşümə diqqət etməyə başladım. Bu kompleks yanaşma tələbələrimin dünyagörüşü və qavrayışını dəyişməkdə mənə yardımçı oldu.

Aysel: Araşdırmaçı, yazıçı Rəhman Bədəlov bunun bariz nümunəsidir. Onun 80 yaşı var və kifayət qədər yaşlı bir zamanda feminist olduğu qənaətinə gəlib. O, üç cildlik “Kişi və qadın” araşdırmasını yazıb. Maraq kəsb edən şəxs olduğu üçün yeniliklərdən xəbərdar olsun və diskussiyalarımızda iştirak etsin deyə platformanın tədbirlərinə gəlir. Beləliklə, insan həyatı boyu dəyişə bilər.

- “Equals” platformasını yaratmaq ideyası necə yarandı? Azərbaycanda əsasən hansı gender problemləri ilə qarşılaşırsınız?

Zümrüd: Bütün təsisçilərin bir amalı, xəyalı və arzusu olub ki, bu da bizi 2016-cı ildə birləşdirdi. Biz birlikdə kiçik görüşləri, daha sonra isə tədbir və layihələri təşkil etdik.

Aysel: Yaxın zamanlarda İsveçrənin İnkişaf və Əməkdaşlıq üzrə Agentliyi (SDC) ilə birlikdə “Cəsur qızlar” adlı kitab buraxdıq. Burada “uyğun olmayan” peşəni seçən və uğur qazanan 20 Azərbaycan qadınının ilhamverici hekayələri yer alıb. Onların arasında Azərbaycanın ilk qadın pilotu, gəmi kapitanı, kibertəhlükəsizlik üzrə mütəxxəsis və s. var. Çalışdıq ki, uşaqların düşüncə tərzini dəyişən nümunələr seçək.

Zümrüd: Bu kitab həmçinin regional səviyyədə də işıq üzü gördü. Tur zamanı Bərdə, Gəncə, Sumqayıt və Mingəçevirdən olan uşaqlara paylaşdıq. “Camping Azerbaijan”ın əməkdaşlarının vasitəsilə hətta dağ rayonlarının uşaqlarına da paylaşıldı. İlk vaxtlar kitabların say məhdud idi. Lakin kitaba marağın artıqlığını nəzərə alaraq yaxın zamanlarda yeni tirajı buraxaraq satışa çıxaracağıq.

Aysel: Yeri gəlmişkən, kitabları qızlara paylayarkən, oğlanlara da paylayırdıq ki, onlar da qadın cinsinin çox şeylərə qadir olduğunu bilsinlər. Nümunə üçün, Bərdədə bir oğlan dedi ki, qızlar kompüterdən başı çıxmır. Biz ona başa saldıq k, sözlərində həqiqət var, çox az qadın bu sahə üzrə peşə seçir. Lakin bu, “təbii seçimin” nəticə olaraq deyil, cəmiyyətimizi geriyə aparan stereotiplərlə bağlı olub. Həmçinin Azərbaycanda qadınların lazımi səviyyədə kompüter biliklərinə yiyələnməsi üçün şərait yoxdur.

Həmçinin stereotiplər qadın cinsinə digər aspektlərdə də mane olur. Nümunə üçün, “Daxili nifrət” anlayışı, yəni qadın cinsinə olan nifrət. Bu hisslər qızlara erkən yaşlardan aşılanır, çünki cəmiyyət onlara zidd siqnallar göndərir. Bir tərəfdən “xarici görkəminə diqqət elə” deyirlər, digər tərəfdən də “bəzəkli-düzəkli, gicbəsər!” deyə eşidirik.  Bu zidd fikirlər qızlarda nifrət yaradaraq onların özünüqiymətləndirməsini aşağı salır. Bu cür hisslər məndə də olub. Öz üzərimdə böyük işlər görərək özümü sevməyi, əsasən də qadınları ümumilikdə sevməyi, onları xarici görünüşündən asılı olmayaraq qəbul etməyi öyrəndim.

Zümrüd: 2016-cı ildə “Equals” platformasını təsis edəndə gender mövzusunda tədbirlər təşkil edərək, müxtəlif spikerlər dəvət etdik. Mədəni tədbirlər – sərgi, film baxışları və ya feminist ruhda yazılmış poeziya axşamları təşkil etdik. Əsas məqsədimiz insanlara yeni nəyisə öyrətməyə imkan yaratmaq və düşünmək üçün qida vermək oldu.

Deyək ki,  hər zaman kişilər üçün “çayxana” kimi institutlar olub ki, burada onlar toplaşaraq saatlarla otura, çay sifariş edə bilər. Bu cür “çayxanalara” qadınların girişi qeyri-rəsmi şəkildə qadağandır. Hər kəs özünə kafeyə və restorana getməyə də maddi baxımdan imkan verə bilmir.

Buna görə də, qadınlar ya evdə, ya da həyətdə toplaşırlar. Hamama gedən, siqaret çəkən və ya maşın sürən qadın gördükdə ona mənfi reaksiya göstərirlər. Buna görə də ilk baxışda absurd görünən yerlərdə nə qədər çox tədbir keçirsək və stereotiplərlə mübarizə aparsaq, bununla da daha çox qadınlara qarşı münasibətdə irəliləyiş əldə edərik.

Aysel: Siqaret çəkməklə bağlı bir məqamı da əlavə edim. Hər kəs bilir ki, tütün insan sağlamlığına zərərlidir, lakin siqaret çəkən qadınlara buna görə pis baxmırlar. Ona görə pis baxırlar ki, qadının əlində siqaret onu “yüngül əxlaqlı” kimi göstərir. Bir çoxları da deyir ki, sən gələcək anasan, siqaret çəkməməlisən. Birincisi, heç kəs bilmir ki, həmin qadın ana olmaq istəyir ya yox, ümumiyyətlə qadının qarnında və ondan aşağıda nə baş verirsə, bu onun şəxsi işidir, buna kimsə qarışmamalıdır.

Hamilə qadınlara gəldikdə, onlara da hörmətlə yanaşmırlar. Hamilələrə yaxınlaraq qarnına toxunurlar. Heç soruşmurlar ki, o bundan xoşlanır, ya yox?! 

Ümumi prinsiplər var ki, bu, hər kəsə aid olmalıdır. Əgər siqaret çəkən qadına pis baxılırsa, siqaret çəkən kişiyə də pis baxılmalıdır. Əgər qadınların “namus-qeyrət”ə riayət emələrini istəyirsinsə, analoji tələbi özünüzdən də istəyin.

- Qədim bir məsəl var ki, əgər bir açar bir neçə qıfılı sındırsa, deməli yaxşı açardır. Əgər bir qıfıla bir neçə açar uyğun gəlirsə, deməli pis qıfıldır. Təəssüflər olsun ki, gender bərabərsizliyinin dərin kökləri var.

Zümrüd: Ümumilikdə bütün sistemin bərpası ilə mübarizə aparırıq. Çünki bu anlayışlar əsrlərlə  hakimiyyətdə olan kişirlər tərəfindən qoyulub. Qadınlar və seksual azlıqların nümayəndələri demək olar ki, hakimiyyətdə olmayıb. Məhz buna görə də kişilər patrialxat institutlar yaradıb ki, bunu dəyişmək lazımdır.

- Bu, kişinin dünyagörüşünün köklü şəkildə dəyişilməsilə bağlı genişmiqyaslı işdir. Zənnimcə, biz bunu görməyəcəyik. Ölkəmizdə boşanmış qadınlara əyləncə mənbəyi kimi baxırlar və selektiv abortların çoxalmasına səbəb olan oğlan uşağı istəyi hələ də qalır. Bu siyahını sonsuza qədər uzatmaq olar.

Zümrüd: Heç vaxt deməyin heç vaxt. Əgər kimsə vəziyyətin dəyişdirilməsilə bağlı səy göstərirsə, deməli tunelin sonunda işıq var. Biz bir çox şeyləri müzakirə etsək də, ümumi problemin 1-2%-nə toxunmuşuq. Sevindirici haldır ki, selektiv abort məsələsinə toxundunuz. Bu, narahatedici məqamdır və demoqrafik problemlərin çoxalmasına gətirib çıxarır. Baxmayaraq ki, Bakıda doğulan uşaqların cinsiyyət müqayisəsi 115 oğlan 100 qız təşkil etsə də, rayonlarda bu göstərici daha yüksəkdir.

Selektiv abortların səbəbi ondadır ki,oğlanlara münasibət başqadır – onlar ailənin müdafiəçisi və dolandırıcısı hesab olunur. Lakin çox yaxşı bilirsiniz ki, bugünkü gündə bir çox ailələr qızlarına oğullarından daha çox etibar edir. Sadəcə bunu demək xoş hal deyil.

Qəribə səslənsə də, bir çox ailərlərdə, xüsusilə də regionlarda hələ də qızlara ali, hətta orta təhsil almalarına imkan verilmir. Paytaxtda isə bir çoxlarına xaricdə təhsil almağa imkan verilmir.

Feminist olaraq mənimçün ən başlıcası qızlar üçün sadəcə deyil, keyfiyyətli təhsilə imkan yaradılmasıdır. Pedaqoq olaraq hər zaman Avropa standartlarından danışmışam. Çünki İngiltrədə magistratura pilləsini bitirərək bu məqamı müqayisə edə bilirəm. Orada aldığım təhsil Azərbaycandakı təhsillə müqayisə etmək mümkün deyil. Bu cür problemlərin cəmiyyətdə yer alması olduqca kədərlidir.

Ümumilikdə Azərbaycanda ailə dəyərləri dəyişməlidir. Çünki onlar cəmiyyətin inkişafına deyil, deqradasiyasına gətitib çıxarır. Gender problemləri Qərbdə də mövcuddur və özünü başqa cür təzahür edir. Necə deyərlər, qlobal düşünürək lokal hərəkət etmək lazımdır. Problemin həlli ilə bağlı ilk addım – onun mövcudluğunu etiraf etməkdir. 

Fotoda Zümrüd Cəlilova

- Gender bərabərliyi mövzusu ilə bir çox kişilərlə ünsiyyət zamanı bir cavabı almışam. Onlar deyirlər ki, feminist qadınlar buna seçici olaraq yanaşır: qadına sərf etdiyi zaman bərabərhüquqluluğu qəbul edir, sərf etmədiyi zaman qəbul etmir. Nümunə üçün, onlar narazıdır ki, nə üçün kişi qadını restorana apararaq onun hesabını ödəməlidir. Bərabərhüquqluluq istəyirsinizsə, bu “qulluğu” qoyaq bir kənara, müəyən yerdə görüşək, həyatda bu və ya digər öhdəlikləri bölüşək. Bu cür kişilərə nə cavab verərsiniz?

Zümrüd: Belə cavab verən oğlanlar düşünürlər ki, qızları yerində oturda biliblər. Yəni onlar münasibətə alver kimi baxırlar. İnsanlar ilk baxışda sevgidən, romantikadan danışır, daha sonra bu cür söhbətlər ortaya çıxırsa, bu, bir qədər qəribədir. Bunun bir mənası var – oğlan sadəcə qızı, onun itaətkarlığını almaq istəyir.

Bu cür söhbətlər ilk baxışda adi görünsə də çox vacibdir. Müəyyən jestlər var ki, bunlar hər iki cinsdən irəli gəlməlidir, əgər münasibət varsa bunlar “mən səndən xoşlanıram”, “mən səni sevirəm”, “sənin varlığın mənimçün vacibdir” kimi mənalarını kəsb edir.

Yeri gəlmişkən, bu məsələ ilə bağlı kişilərin narazılıqları onların patriarxat dəyərdən – kişi güclü olmalıdır, pul qazanmalıdır, qadını təmin etməlidir kimi anlayışlardan əziyyət çəkdiklərinin göstəricisidir. Bir məqamı da qeyd edim ki, bəzi oğlanlar görüşdə qızların hesab ödəməsini desələr də, lakin həqiqətdə buna imkan vermilər.

Fotoda Aysel Axundova

Aysel: Oğlanlar bu cür məsələlərə toxunduqda bu, bir daha sübut edir ki, onlar qadınlara obyekt olaraq baxırlar. Hər şey qadınların nikaha daxil olarkən bakirə olması tələbindən başlayır. Lakin qadın bahalı xonça istədikdə bu kişilərin xoşuna gəlmir. Sən patriarxat sistemin bir hissəsisən, burada yaşayırsan və bunu qəbul edirsən, həyat yoldaşına əşya kimi baxırsansa, özünü yalandan ədəbli insan kimi göstərmə. Təbii ki, əşya alarkən ödəniş etmək lazımdır. Hər əşyanında öz dəyəri var.

Zümrüd: Feminst olaraq insanlara necə yaşamalarını öyrətmirik, əxlaq dərsi keçmirik. Ailə modeli müxtəlif ola bilər. Təəssüflər olsun ki, Azərbaycanda yalnız bir ailə modeli var – ailə başçısı, bu da kişinin timsalında. Bəzi qadınlar bununla razılaşır, bəziləri isə bunu tələb edir. Onlar həyat yoldaşına güclü fiqur kimi baxaraq onu lider hesab edirlər. Əks halda isə, kişini “arvadağız” adlandırırlar. Təəssüflər olsun ki, Azərbaycanda 40-50 yaşında xoşbəxt cütlük az görürəm. Bu insanlar bir-birlərinə öyrəşiblər, çünki uzun illərdir birlikdə yaşayırlar və uşaqları var.

- Mənə elə gəlir ki, ölkəmizdə kişinin ailə başçısı olması sadəcə görüntüdür. Çünki müşahidə etdikdə bunun əski görünür. Nümunə üçün, oğulun aldığı qıza etiraz edən ata görməmişəm. Əsasən buna etiraz edən analar olur. Onlar oğullarının seçdiyi qızı bəyənmirlər, özləri oğullarına qız seçirlər.

Aysel: Bu, ona görə baş verir ki, bəzən qadınlar öz fikirlərini söyləyə bilmirlər. İlk olaraq onların razılığı alınmadan ərə verilir, sonra ərləri göstəriş verir və ana statusunu aldıqda bu imkan əldə etdikləri zaman ortaya çıxır. Azərbaycanda qadın yalnız ana olduqda öz fikrini söylərə bilər. Həyat yoldaşı olduqda onun hüquqları az olur. Yeri gəlmişkən, əgər qadın oğul dünyaya gətiribsə, patrialxat sistem onu nüfuzlu qadın edir.

- Bəs sizin kişi cinsi ilə münasibətləriniz necədir? Feminist olmağınız buna mane olmur ki? Xüsusilə nəzərə alsaq ki, qafqazlı kişilər sərt olduğu üçün mühafizəkarlıqları ilə seçilirlər.

Zümrüd: Hazırda əcnəbi ilə nişanlıyam. Lakin keçmiş sevgilim azərbaycanlı idi və biz onunla çox yaxşı münasibətdə qalmışıq. Müəyyən səbəblərdən münasibətlərimiz alınmadı. Üç feminist qızlarımız azərbaycanlı oğlanlarla münasibətləri var və bundan razıdırlar. Yəni bizim şəxsi həyatımız digərlərinkindən fərqlənmir. Yeganə fərqləndirici cəhətimiz biz münasibətdə lider deyil, tərəfdaş axtarırıq.  

Aysel: Mən özümü dünya vətəndaşı hesab edirəm. Özümü azərbaycanlı kimi aparmadığımı deyəndə xoşlamıram. Və ya ağdərilisən, azərbaycanlılara oxşamırsan. Azərbaycanlılar haqda fikir başqa cür formalaşıb. Azərbaycanlılar da digər millətlər kimi müxtəlifdir – azad fikirlisi də olur, mühafizəkarı da.

“Equals” platforması ümumiləşdirmələr və stereotiplərə qarşıdır. Qeyd etdiyimiz kimi, bunları müzakirələr və mədəni layihələr hesabına sındıracağıq.

Zümrüd: Əminik ki, bizi narahat edən məsələləri müzakirələr yolu ilə çözərək cəmiyyətə təsir edə bilərik. Ən başlıcası – insanları düşünməyə vadar etməkdir. Həmçinin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü aksiya təşkil edirik. İlk aksiyamız “Rights not flowers” adlı idi, yəni gül əvəzinə hüquqlarımıza riayət etmək tələbi idi. “Təmiz dünya” İctimai Birliyinin təsisçisi Mehriban Zeynalova, eləcə də hüquqşünasları dəvət edərək zorakılığa məruz qalmış qurbanlara lazımi köməklik göstərilib və ölkəmizdə gender bərabərsizliyi müzakirə olundu.

Daha sonra “Hikes not flowers” aksiyası ilə dağlara tur təşkil etdik. Ötən il isə qızlar arasında “Goals not flowers” şüarı ilə futbol oyunu keçirdik. Biz bu günün tarixi əhəmiyyətinin qaytarılmasını tələb edirik. 8 Mart – ayı oyuncağı və gül dəstəsi günü deyil, qadınların əldə etdiyi hüquqları bayram etmək lazımdır. Bu haqda danışarkən qeyd edim ki, Qərb qadınları bu hüququ əldə etmək üçün qanı bahasına mübarizə aparıblar.

- Azərbaycanda bu sistemin əksinə gedən bir çox qadınlar olub. Ən azından “Cəsur qızlar” kitabınızda qeyd etdiyniz qadınları götürək. Yeri gəlmişkən, Azərbaycan qadına seçmək hüququ verən ilk müsəlman ölkəsidir.

Zümrüd: Seçmək hüququndan danışdıqda bu, qadınların mübarizəsi hesabına baş tutmayıb.  Sadəcə olaraq 1918-ci ildə ADR qurulanda milli mənsubiyyəti, sinfi, peşəsi və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilib. Lakin bu qanun sona qədər həyata keçmədi.

Aysel: İsveçrədə qadınların səsvermə hüququ ilə bağlı filmə baxdıq. Təsəvvür edin, İsveçrə kimi inkişaf etmiş ölkə qadınlara 1971-ci ildə seçmək hüququnu verib. Bu da ölkədə referendumdan sonra baş tutub. Lakin bütün əhali buna hazır olub. Azərbaycanda isə əhali buna hazır olmayıb.

Zümrüd: Qeyd etmək istərdim ki, veb-səhifəmiz hər kəsə əlçatandır. Hər kəs bizə öz müşahidələrini, qeydlərini, məqalə və infoqrafikanı göndərə bilər. Həmçinin bərabərliklə bağlı video-material və foto da göndərə bilər. Biz bunu məmnuniyyətlə dərc edəcəyik. Bizim sərgi və diskussiyalarda da hər kəs iştirak edə bilər. Veb-səhifəmizi genişləndirməyi planlaşdırırıq və əməkdaşlığa çox şadıq.

Daha sonra isə əsl uşaqlara bənzər gəlinciklərlə bağlı layihələr planlaşdırırıq. Bu gəlinciklər Barbi və Ken kimi bəzəkli və mavi gözlü olmayacaq. Bununla da streotipləri sındıraraq qızların gəlincik kimi qamətli olmaları vacib deyil anlamını verəcək. Həmçinin genderin mənsubiyyətindən asılı olamayaraq hər bir uşağın fərdiliyini və gözəlliyini vurğulamaq, özünə və xarici görkəminə sevgi aşılamaqdır. Bu ideyanın tez bir zamanda həyata keçməsinə ümid bəsləyirik. Fəaliyyətimizi izləyin və bizə qoşulun.

- Maraqlı müsahibəyə görə minnətdarıq!

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müsahibə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net