1news.az

Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilib

17 Noyabr saat 13:03 ~ 5 dəqiqəlik oxu 55
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilib

Noyabrın 17-də Bakıda “İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən konfransda Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindəki qeyri-qanuni iqtisadi fəaliyyəti, təbii resursların qanunsuz şəkildə istismarı və bu kimi digər məsələlər yerli və xarici ekspertlər tərəfindən müzakirə edilib.

Konfransı açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən qanunazidd əməllər həmin əraziləri narkotiklərin qanunsuz dövriyyəsi və hətta terrorizm fəaliyyətinin mərkəzinə çevirib. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət qonşu ölkələrin sabitliyini pozmaqla yanaşı, regional sülhə qarşı da açıq təhdid təşkil edir.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev konfransda çıxış edərək Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə və həmin ərazilərdə beynəlxalq hüququn imperativ normalarının pozulması faktlarına diqqət çəkib, bu bölgələrin qanunsuz mal dövriyyəsi üçün tranzit məntəqəsinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, bu qeyri-qanuni fəaliyyətlər məqsədyönlü və qərəzli xarakter daşıyaraq işğal olunmuş ərazilərin ilhaqı məqsədini güdür. Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyətlər, nəticə etibarilə, münaqişənin həllində çox ciddi problemlər yaradır və Ermənistanın da əsl məqsədi bundan ibarətdir.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlərə baxsaq, burada bir neçə istiqaməti təsbit edə bilərik. Ən vacib problemlərdən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə məqsədyönlü məskunlaşma siyasəti aparılır, yəni, demoqrafik vəziyyət məqsədyönlü şəkildə dəyişdirilir. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin, xüsusilə də mineral resursların talan edilməsi, qeyri-qanuni iqtisadi fəaliyyətlərin həyata keçirilməsi və çirkli pulların yuyulması faktları da qeyd edilməlidir. Digər qeyri-qanuni fəaliyyətlər Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişiklikləri, o cümlədən ölkəmizin telekommunikasiya şəbəkələrinin istismar edilməsi və qanunsuz telekommunikasiya fəaliyyətinin göstərilməsi, işğal altındakı ərazilərimizin mədəni xarakterinin dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, dağıdılması, həmçinin mövcud maddi-mədəni, o cümlədən dini abidələrin memarlıq xüsusiyyətlərinin dəyişdirilməsi və onların erməniləşdirilməsi siyasətinin aparılmasıdır. Qeyri-qanuni fəaliyyətlərdən biri də işğal olunmuş ərazilərimizin turizm məkanı kimi təşviq edilməsi və oraya qeyri-qanuni səfərlərin həyata keçirilməsidir. Ermənistanın işğal və təcavüzü nəticəsində yaradılmış qondarma rejimi təşviq etmək və onun legitimləşdirilməsi kimi məqsədlər də güdülür.

Daha sonra italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli Minsk qrupunun 25 ildən sonrakı fəaliyyətinə nəzər salaraq, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişafa nail olaraq etibarlı regional tərəfdaşa çevrildiyini xatırladıb.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, statistik məlumatlara əsasən, Dağlıq Qarabağ ərazisində qeyri-qanuni şəkildə hasil edilən qiymətli metal və daşların istehsalat həcmi 2014-cü illə müqayisədə 2017-ci ildə 1,8 dəfə artıb. Bu baxımdan təsadüfi deyil ki, Ermənistan rəsmilərinin açıqladığı məlumatlara görə, istər Qarabağı işğal etmiş erməni hərbi qüvvələrinin, istərsə də Ermənistan Respublikasının büdcə gəlirlərinin böyük bir həcmini mədən sənayesindən, xüsusilə qeyri-qanuni hasilat fəaliyyətindən əldə edilən gəlirlər və vergilər təşkil edir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev Ermənistan tərəfinin işğal altındakı ərazilərin torpaq və bitki örtüyünü deqradasiyaya məruz qoymasını, qanunsuz şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olaraq həmin ərazilərdə tikililər ucaltmasını peyk vasitəsilə əldə edilmiş görüntü və xəritələr əsasında iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, peyk vasitəsilə əldə edilmiş görüntülərdən də müşahidə edilib ki, işğal altında olan ərazilərdəki tarixi abidələr dağıdılıb, həmin ərazilərdə yanğınlar törədilib. Statistik məlumata görə, ermənilər 2015-ci ildə 728 kvadratkilometr, 2018-ci ildə isə 480 kvadratkilometr ərazidə yanğınlar törədiblər. İşğal altında olan ərazilərdəki meşə massivinin beş faizi bu il məhv edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində yalnız dövlət qeydiyyatından keçən şəxslər və şirkətlər biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Amma bəzi xarici şirkətlər var ki, qanunsuz olaraq dövlət sərhədlərimizi pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərirlər. Həmin şirkətlər təbii ehtiyatlarımızı qanunsuz istismar edərək ekoloji tarazlığı pozurlar. Bundan başqa, Ermənistan qeyri-qanuni yolla Yaxın Şərqdən, xüsusilə də Suriyadan işğal altındakı ərazilərimizə köç həyata keçirir.

Baş Prokurorluğun idarə rəisinin müavini Vüqar Nəsibov deyib ki, “AzerGold” QSC-nin İdarə Heyəti tərəfindən təqdim edilən materiallar üzrə aparılan araşdırmadan məlum olub ki, Ermənistanda və digər xarici ölkələrdə qeydiyyatdan keçmiş “Vallex Yeroup”, “Base Metals”, “Lerna” Metallurgiya İnstitutu və digər xarici şirkətlərin rəhbərləri dəfələrlə Azərbaycan Respublikasının sərhədlərini qanunsuz keçərək Kəlbəcər, Zəngilan rayonlarındakı qızıl yataqlarının istismarı ilə məşğul olublar. Fakt üzrə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. Bundan başqa, işğalçılar tərəfindən əlavə metallar, tikinti materialları, mineral ehtiyatlar və nadir bitki örtüyü qanunsuz olaraq ölkədən çıxarılıb və məhv edilib.

Sonra SAM-ın iqtisadiyyatın təhlili şöbəsinin aparıcı elmi işçisi Mahir Hümbətov Mərkəz tərəfindən yaxınlarda Litvada nəşr edilən və Ermənistanın qanunsuz fəaliyyətlərinin hidroloji və ekoloji aspektlərinə aydınlıq gətirən “Dünyaya təhdid: Hidroloji cinayət və ekoloji soyqırımı” kitabına dair qısaca məlumat verərək, Ermənistanın birbaşa region ölkələrinə, lakin dolayısı ilə bütün dünyaya qarşı ekoloji təhlükə kəsb etdiyini bildirib. O, qeyd edilən məqamların ingilis dilində nəşr edilən kitabda əksini tapdığını söyləyib.

Konfrans sual-cavab sessiyası ilə başa çatıb.

AZƏRTAC

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net