Donald Tuskun Cənubi Qafqaz turnesi: “Şərq tərəfdaşlığı”nda yeni mərhələ kontekstində | 1news.az | Xəbərlər
Siyasət

Donald Tuskun Cənubi Qafqaz turnesi: “Şərq tərəfdaşlığı”nda yeni mərhələ kontekstində

09:32 - 17 / 07 / 2019
Donald Tuskun Cənubi Qafqaz turnesi: “Şərq tərəfdaşlığı”nda yeni mərhələ kontekstində

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycandan sonra Ermənistana və Gürcüstana səfər etməsi region üçün aktual olan bir neçə geosiyasi məsələni yenidən gündəmə gətirib.

Ekspertlər postsovet məkanı üçün əhəmiyyəti olan bir sıra məqamların daha da aktuallaşdığına dair fikir bildirirlər. Bu sırada D.Tuskun Ermənistanda verdiyi bəyanatlar maraqlı təsir bağışlayıb. Aİ rəsmisi açıq bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və Helsinki Yekun Aktının müddəalarına uyğun həll edilməlidir. Bu isə Ermənistanın təcavüzkarlığını təsdiq etmək anlamına gəlir. Aİ Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bu mövqe "Şərq tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransda da özünü göstərib. Bütün bunların fonunda vurğulanan məqamların üzərində geosiyasi aspektdə daha geniş dayanmağa ehtiyac görürük.

Tuskun sözləri: ermənilər çox kədərləndilər

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 10 illiyini təntənəli qeyd etməsi böyük əks-səda doğurub. Bu hadisəni qlobal geosiyasi proseslərlə əlaqələndirirlər. Həmin səbəbdən ekspertlər yubiley tədbirlərini konkret geosiyasi dinamikanın fonunda qiymətləndirirlər. Burada Aİ Şurasının Prezidenti D.Tuskun Cənubi Qafqaza səfərinin də geosiyasi analizi verilir. Bu da təbii ki, aktual məsələdir. Çünki D.Tuskun regionla bağlı məsələlər haqqında söylədiklərinin əhəmiyyəti çoxdur.

D.Tusk Ermənistanda bir neçə mesaj verib. Onun baş nazir Nikol Paşinyanla görüşünü şərh edən erməni ekspertlər həqiqəti gizlətməyə çalışsalar da, ona tam nail ola bilməyiblər. Bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı D.Tuskun ifadə etdiyi fikirlərə aiddir. Aİ Şurasının Prezidenti bəyan edib ki, münaqişə sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində və Helsinki Yekun Aktına uyğun həllini tapmalıdır. Bu, birbaşa İrəvana istiqamətlənmiş mesajdır. Yəni, Brüssel münaqişənin həllində beynəlxalq hüquqdan kənara çıxıb təcavüzkarı dəstəkləmək fikrində deyil.

Əlbəttə, bu məsələyə erməni ekspertlər dərhal münasibət bildiriblər. Onlar D.Tuskun Bakıda münaqişə ilə bağlı dediyi fikirləri də analiz edərək Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən məyus olduqlarını gizlətməyiblər. Bunun fonunda D.Tuskun bir dəfə də olsun "xalqların öz müqəddəratını təyin etmək hüququ"ndan danışmamasına təəccübləniblər. Buradan belə qənaətə gəlmək olur ki, D.Tusk başlıca prinsip kimi ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını götürür. Əslində, bu, elə ədalətli mövqedir. O başqa məsələdir ki, ermənilər indiyə qədər əsas olaraq öz haqsız mövqelərinə uyğun olan fikirlər eşidirdilər.

Bu məqamın fonunda maraqlı olanı, Brüsselin, ümumiyyətlə, Aİ-Ermənistan münasibətlərinə baxışıdır. D.Tusk ifadə edib ki, Aİ Ermənistanla əlaqələri genişləndirmək fikrindədir. Ancaq bir neçə şərt yerinə yetirilməlidir. İrəvan islahatlar aparmalıdır. Bu, korrupsiya ilə mübarizəni, məhkəmə sistemini, idarəetmənin başqa aspektlərini, insan haqlarını və s. əhatə etməlidir. Brüsselin Ermənistanla əlaqəli mövqeyi bu şərtlərə əməl edilib-edilməməsi ilə bağlı olacaq.

Həmin mövzular ətrafında D.Tuskun N.Paşinyanla diskussiyası da olub. Belə çıxır ki, onlar hansısa məqamlarda razılaşa bilməyiblər, yanaşmalar fərqli olub. Təbii ki, Brüssel aydın görür ki, Ermənistan rəhbərliyi konkret islahatlar aparmaq əvəzinə imitasiyalara üstünlük verir. İrəvan Brüsseldən yardımları artırmağı tələb edir. Aİ rəhbərliyi konkret fəaliyyət planı olmadan yardımdan danışmağın əsassız olduğunu bəyan edib. Bu məqam ətrafında tərəflərin fikir ayrılığı hələ də qalır. Bir sıra informasiya mənbələri Aİ-nin Ermənistana yardımı artırdığından bəhs etsələr də, hələ real bir fakt yoxdur.

Buna baxmayaraq, görünür, Brüssel Ermənistana yardım edəcək. Məlumdur ki, Avropa ölkələri bəzi mülahizələrə görə Ermənistana loyal münasibətdədirlər. Bunun dəyişdiyini göstərən proseslər gözə dəymir. Lakin yeni bir məqam özünü göstərməkdədir. Aİ artıq Dağlıq Qarabağ məsələsini Ermənistanın daxili problemlərindən ayırır. Münaqişənin həlli üçün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması şərti mütləqdir. Bu kontekstdə status-kvonun dəyişməsi də vacib şərtdir.

Belə çıxır ki, D.Tuskun Ermənistana səfərinin Azərbaycana olan səfərindən əsas fərqi İrəvanda daha çox diskussiya xarakterli müzakirələr aparması olub. Bakıda isə başlıca olaraq yeni əməkdaşlıq perspektivləri pozitiv fonda müzakirə edilib. Bu məqam bütövlükdə Aİ-nin Cənubi Qafqaz ölkələrinə münasibətinin mühüm bir aspektini ifadə etməkdədir. Həmin bağlılıqda D.Tuskun Batumidə "Şərq tərəfdaşlığı"nın 10 illiyi münasibətilə təntənəli tədbirdə ifadə etdiyi fikirlər maraqlı görünür.

"Şərq tərəfdaşlığı": iki yeni məqamın qarşılıqlı əlaqəsi

Aİ Şurasının Prezidenti Batumidə "Şərq tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr olunan yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı maraqlı iki məqamı vurğulayıb. O deyib: "Tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək. Əməkdaşlığın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. "Şərq tərəfdaşlığı" proqramının uğurlu olduğunu gündəlik həyat təsdiq edir".

Bu fikirdən aydın olur ki, Aİ "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı qarşıya yeni vəzifələr qoyub. Birincisi, bu proqram çərçivəsində tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiya daha da gücləndiriləcək. Deməli, təşkilat nəinki bu proqramı bir kənara qoymaq fikrindədir, hətta onun daha səmərəli olması üçün yeni imkanlar axtarışındadır. Bunun mümkün nəticələrindən biri postsovet məkanında, o cümlədən Cənubi Qafqazda geosiyasi mübarizənin daha da gərginləşməsi ola bilər.

Artıq bu gərginliyin ilk əlamətləri özünü göstərməkdədir. Belə ki, Batumidəki konfransda D.Tusk qiyabi olaraq Rusiya Prezidenti Vladimir Putinlə siyasi-ideoloji diskussiyaya girib. Aİ Şurasının Prezidenti deyib ki, V.Putinin "SSRİ-nin dağılması XX əsrin geosiyasi fəlakətlərindən biri idi" fikri doğru deyil. Əksinə, bu hadisə sovet xalqları, o cümlədən ruslar üçün bir "şərəf məsələsi, xeyirxahlıq mücəssəməsi idi". Bundan gürcülər, ukraynalılar və başqa xalqlar faydalandılar. Bununla D.Tusk Rusiya rəhbərliyinin postsovet məkanında öz ideologiyasını gücləndirmək niyyətinə qarşı olduğunu nümayiş etdirir.

Həmin kontekstdə də D.Tusk ideoloji xarakterli ikinci bir məsələdə V.Putinlə mübahisə edib. O, liberalizm haqqında Rusiya Prezidentinin dediklərinin həqiqəti əks etdirmədiyini bəyan edib. Xatırladaq ki, V.Putin bir neçə gün öncə demişdi ki, liberalizm ideoloji konsept kimi artıq köhnəlib, təsir gücünü itirib və o, "mütləq dominantlıq" edə bilməz. D.Tusk buna cavab olaraq Batumidə bəyan edib ki, "liberalizm ideyasının köhnəldiyi haqqında əsas arqumentlə qətiyyətlə razı deyiləm". Fikirlərinə davam edərək, Aİ rəsmisi onu da vurğulayıb ki, avtoritarizm və "şəxsiyyət kultu"nu köhnəlmiş hesab edir. Yekun olaraq D.Tusk Aİ-nin liberal dəyərləri tərəddüd etmədən müdafiə etdiyini bəyan edib.

Beləliklə, postsovet məkanında Rusiya-Aİ qarşıdurmasında ideoloji aspekt aktuallıq kəsb etməyə başlayır. Aİ liberalizm ideyalarını, Rusiya isə fərqli ideologiyanı təbliğ etməyə çalışır. Bu prosesin postsovet məkanında yeni çalarlara təkan verə biləcəyi istisna edilmir.

İkinci məqam, bizcə, məhz bu faktorla bağlıdır. Belə ki, D.Tusk açıq bildirir ki, əməkdaşlığın güclənməsi üçün "dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur". Yəni, konkret olaraq, ideoloji kontekst getdikcə daha çox önəm kəsb edir. Aİ bu vəziyyətdə vətəndaş cəmiyyəti və işgüzar dairələrlə daha fəal əlaqələr qurmaq niyyətindədir.

Bütün bunlar Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəallığı artırmaqda qərarlı olduğunu göstərir. Bu prizmadan D.Tuskun Cənubi Qafqaz turnesi maraq doğurur. Konkret ifadə etsək, Aİ qlobal geosiyasətdə mövqeyini gücləndirmək üçün yeni mərhələyə başlayır. Və bu mərhələdə "Şərq tərəfdaşlığı"nın ayrıca yeri vardır. Bu səbəbdən Batumidə 2020-ci ilə qədər əməkdaşlıq planı və cari geosiyasi vəziyyət əsas müzakirə obyekti olub. Tədbirdə əsas istiqamətlər üzrə əməkdaşlığın möhkəmlənməsi, həmçinin inteqrasiyanın təşviqi diqqət mərkəzində olub. Bu kontekstdə də münaqişələrin həllinə daha çox diqqət yetirilməyə başlanılıb. Bütün bunlar yaxın perspektivdə postsovet məkanında maraqlı geosiyasi proseslərin vüsət ala biləcəyinə işarədir.

Newtimes.az

Paylaş:
605

Son xəbərlər

Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47
Bütün xəbərlər