Elxan Məmmədov və Joze Alesio MFL-in oyunlarını izləyiblər – FOTO
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva dünən AFFA-nın baş katibi Elxan Məmmədov və ölkənin Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovla birlikdə Azərbaycanın ən böyük mini futbol liqası olan MFL-in oyunlarını izləyib.
Onlar eyni anda üç meydançada keçirilən oyunlara tamaşa ediblər.
Jose Alesio burada gördüklərindən, sahələrdəki atmosferdən, eləcə də oyunların sürətindən məmnunluğunu ifadə edib.
Komandaların ən güclü oyunçularını yaxından görmək üçün liqanın liderlərinin oyunlarını şəxsən izləmək istədiyini deyən millinin baş məqçisi gələcəkdə onların peşəkar futzala cəlb olunmasının mümkünlüyünü söyləyib.
Öz növbəsində, AFFA-nın baş katibi Elxan Məmmədov yüksək səviyyəli turnir təşkil etdikləri üçün MFL-in rəhbərliyinə minnətdarlığını bildirib və onlara uğurlar arzulayıb.
MFL-in rəhbəri Rəhman Hacıyev liqanın təşkilində əsas vəzifənin futbolun təbliğ olunması olduğunu deyib və Futzal Federasiyası ilə əməkdaşlığın davamlı olmasına ümidvar olduğunu vurğulayıb.
Görüşdə həmçinin, liqanın əsas tərəfdaşı olan SMG şirkətinin direktoru Ayaz Əhmədov da iştirak edib.
1news.az