Espresso Klubun direktoru Ellada Həsənova: Məqsədimiz – həqiqi qəhvəni hər kəs üçün əlçatan etməkdir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Espresso Klubun direktoru Ellada Həsənova: Məqsədimiz – həqiqi qəhvəni hər kəs üçün əlçatan etməkdir – FOTO

16:00 - 17 / 12 / 2018
Espresso Klubun direktoru Ellada Həsənova: Məqsədimiz – həqiqi qəhvəni hər kəs üçün əlçatan etməkdir – FOTO

Bakıda fəaliyyət göstrən Espresso Klubun direktoru Ellada Həsənovanın 1news.az-a müsahibəsi.

- Ellada xanım, əvvəlcə müsahibə üçün vaxt ayırdığınız üçün təşəkkür edirəm. İcazə verin “Espresso Club Azerbaijan” fəaliyyətə başlaması münasibəti ilə Sizi və bütün kollektivinizi təbrik edim və uğurlar arzulayım. Belə bir klubun yaradılması, tam yeni konsepsiyada qəhvə mağazasının açılması ideyasının əsasını nə təşkil edir, bunu bizimlə bölüşə bilərsiniz?

- Öncəliklə xoş sözləriniz və səmimi təbrikləriniz üçün minnətdaram. İdeyamıza maraq göstərdiyiniz və müsahibə almaq üçün gəldiyinizə görə mən də sizə təşəkkür edirəm.

Əslində Espresso Klub ideyası bizə məxsus olan və ya bizim yaratdığımız bir konsepsiya deyildir. Hazırda dünyanın bir sıra ölkələrində - İtaliya, İsveç, Rusiya, Gürcüstan, Pakistan, İsrail və sair ölkələrdə belə klublar mövcuddur və kifayət qədər populyardır. Biz sadəcə bu yanaşmanın Azərbaycanda da öz yerini tapmasına çalışırıq. Bunun üçün də təxminən bir il əvvəl Azərbaycanın Espresso Klubunu açmaq qərarına gəldik. Müvafiq bazar araşdırmalarından sonra təxminən iki ay əvvəl ilk konsept mağazamızı açdıq.

Ümumiyyətlə, bilinən faktdır ki, son bir neçə ildə ölkəmizdə Avropasayağı qəhvəiçmə adəti sürətlə yayılmaqdadır. Dünyanın bir çox önəmli “kofehouse” brendləri artıq Bakıda öz şəbəkələrini açıb və bu tendensiya getdikcə genişlənməkdədir. Bu brend “kofehouse” lar insanlarımızın əsl qəhvəni dadmasına, qəhvənin faydaları haqda məlumatlanmasına imkan verir. Bu, əlbəttə ki, sevindiricidir. Lakin bu da bir faktdır ki, brend “kofeh”us"lar vaxt, məkan və bəzən də qiymətlər baxımından heç də hər kəs üçün əlçatan olmur. Halbuki həqiqi qəhvə yuxarıda adını çəkdiyim və çəkmədiyim bir çox ölkələrdə bir lüks deyil, həyatın bir parçasıdır. Eyni ilə çayın bizim həyatımızın bir parçası, həyat tərzimiz olması kimi. Bu mənada bizim Klubumuzun qarşıya qoyduğu əsas məqsəd həqiqi qəhvəni hər kəs üçün evinin mətbəxində, iş yerindəki kabinetində əlçatan etməkdir. Ən önəmlisi isə bizim üçün konsepsiyamızın sərhədi Bakı şəhəri deyil, bütöv Azərbaycandır. Biz həqiqi qəhvənin ölkəmizin rayonlarında da istehlak olunmasına şərait yaratmaq hədəfi ilə bazara daxil olmuşuq və bu hədəflə addımlayırıq.

- Hədəfiniz çox iddialı, lakin etiraf edim ki, bir o qədər də təqdirəlayiqdir. Bu hədəfə çatmaq üçün hər hansı bir planınız var?

- Belə bir deyim var: döyməyə cürət etmədiyiniz qapının, üzünüzə açılmağını gözləməyin. Dolayısı ilə demək istədiyim odur ki, dəqiq hədəfimiz və bu hədəfi reallaşdırmaq üçün düşünülmüş planımız mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün yaxın və orta gələcəyə dair düşünülmüş planlarımız var və məhz bu planlar bizi, sizin sözünüzlə desəm (gülümsəyir), “çox iddialı” hədəfimizə çatdıracaq. Biz buna əminik. Dünyada müasir informasiya texnologiyalarının inkişafı mərkəz və preferiyalar arasında əlaqəni həm asanlaşdırıb, həm də sürətləndirib. Azərbaycan da bu mənada texnoloji cəhətdən sürətli inkişaf etmiş ölkələrdən geri qalmır. Bu isə Bakı ilə digər şəhər və rayonlarımız arasında məlumatın mübadiləsini olduqca asanlaşdırıb. Bizim kompaniyamız haqda təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da kifayət qədər məlumatlıdırlar. Hazırda bizim Klubumuzun üzvləri arasında xeyli sayda şəxs vardır ki, onlar Bakıda deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayırlar. Ədalət naminə deyək ki, bu üzvlərimizin içərisində Gəncə sakinləri ilk yeri tutur. Hətta onu da qeyd edim ki, Klubumuzun Gəncədən olan üzvləri mağazamızın bir filialının da bu gözəl şəhərimizdə açılmasını israrla tələb edirlər.

- Bəs cavabınız nə olur? Açmaq fikiriniz var?

-Bu, yuxarıda bəhs etdiyim yaxın gələcəkdəki planlarımızda var. Bəli, mümkün ən qısa müddətdə Gəncə şəhərində də Espresso Klubunun mağazası açılacaqdır. Lakin onu da deyim ki, Gəncədə açılacaq Espresso Klub mağazamız bizim sonuncu ünvanımız olmayacaqdır.

- Başqa hansı rayonlarımız var planda?

- Gəlin bu sualın cavabını zamanla verək, indi deyil.

- Aydındır. Digər bir maraqlı məqam satışa çıxardığınız qəhvənin kapsullarda olması ilə bağlıdır. Bu qəhvə növləri insanların ənənəvi olaraq içdikləri növ deyil. Bu yanaşmanı dəyişmək sizin üçün çətin görünmür?

- Ənənəvi qəhvə növləri dəyərkən nəyi nəzərdə tutursunuz – gəlin birinci növbədə bunu aydınlaşdıraq ki, mən sizin sualınıza dəqiq cavab verə bilim.

- Marketlərdə satılan, tez hazırlanan qəhvə növləri – istər selofan paketlərdə olanlar olsun, istərsə də şüşə bankalarda olanlar.

- Əvvəlcə gəlin bir məqamı dəqiq müəyyən edək. Təsvir etdiyiniz qəhvə növlərini ənənəvi adlandırmaq olar, ancaq onların əsl qəhvə ilə heç bir əlaqəsi yoxdur. Bu fikrimi təsdiqləmək üçün bu sahədə ekspert olmağa ehtiyac yoxdur, qəhvə ilə bağlı mimumum məlumatı olan hər kəs bunu asanlıqla təsdiq edə bilər. Hətta siz özünüz də bizim qəhvəni daddıqdan sonra bunu gördünüz. Bizim burada satışa çıxardığımız məhsul həqiqi qəhvə dənələrinin üyüdülərək kapsullara yığılmış halıdır. Kapsullar qəhvənin üyüdülüb, preslənməsindən sonra isə hava ilə təmasını tam kəsir. Kapsulun hava ilə növbəti təması ancaq onlar qəhvə maşınına daxil edildikdən sonra olur ki, burada da artıq qəhvənin yüksək təzyiqli su ilə süzülməsi və içilməsi prosesidir. Dolayısı ilə kapsulda olan qəhvə böyük, bahalı və professional qəhvə maşınlarının verdiyi dada və keyfiyyətə ən yaxın qəhvədir. Üstünlüyü isə odur ki, siz bu həqiqi qəhvə dadını evdə, iş yerində sadə bir toxunuşla əldə edirsiniz. Qəhvə maşınında “hazırlama” düyməsinə bir toxunuş və həqiqi espressonuz, amerikanonuz, kappuçinonuz və ya latteniz hazırdır.

Ümumiyyətlə, qəhvə kapsullarına dünyada təlabatın artmasının əsas səbəbi dadlı, keyfiyyətli və əsl qəhvəni çox asan hazırlamaq üsulunu təmin etməsidir. Normal halda keyfiyyətli və əsl qəhvəni əldə etmək üçün sizin qəhvə dənələrini üyüdən aparat, daha sonra üyüdülmüş qəhvəni sıxan alət və sonda yüksək təzyiqli su ilə süzən professional maşına ehtiyac vardır. Bu prosesin özü də, daha sonra cihazın təmizlənməsi də olduqca uzunçəkən və əziyyətli işdir. Bunların bir restoran və ya kafeteriya tərəfindən edilməsi anlaşılandır, çünki bu, kütləvi tələbat üçün edilir və qazanc məqsədi güdür. Lakin bunun evimizin mətbəxində və ya iş yerimizdə kabinetdə edilməsinə nə vaxtımız, nə səbrimiz, nə də digər qayğılar imkan vermir. Qəhvə kapsulları məhz bu uzun və yorucu prosesi bir kapsul və sadə bir qəhvə maşını qədər sadələşdirir. “Bir toxunuş və həqiqi qəhvə” deməyimizin səbəbi də məhz budur.

- Satışını həyata keçirdiyiniz qəhvələr hansı ölkənin məhsuludur?

- Satışını etdiyimiz qəhvə kapsulları İtaliyanın istehsalıdır, istehsalçımız isə “Pitti Caffe” brendidir. Bu brend dünyanın bir sıra ölkələrində - İsveçrə, Çexiya, Rusiya, İran, Bəhreyn, İordaniya, Malayziya, Sinqapur, Çin, Yaponiya və bir sıra başqa ölkələrin bazarlarında təmsil olunub.

- Azərbaycanda ənənəvi içki olaraq daha çox çaydan istifadə edilir. Bu baxımdan, Azərbaycanda alıcılar arasında sizin məhsullara tələbat böyükdürmü?

- Bu fikirinizlə tam razıyam ki, Azərbaycan ənənəvi çay ölkəsidir. Espresso Klubun direktoru olmağıma baxmayaraq, mən də bu xalqın bir nümayəndəsi olaraq çaysevərəm. Bununla belə, qəhvə içməyi də çox xoşlayıram. Ümumiyyətlə, qəhvəylə çayın bir-birinə əks qütblərdə dayanan iki içki kimi təqdim edilməsi qətiyyən doğru deyil. Bu iki içki əksər xüsusiyyətlərinə görə bir-birini tamamlayır, yəni kifayət qədər oxşar nöqtələri var. Dolayısı ilə Azərbaycanda insanların ənənəvi olaraq çaysevər olması qəhvəyə olan tələbatı müəyyən edən əsas faktor ola bilməz. Və yaxud bir insan çayı sevirsə, qəhvə içməz deyilən bir şey yoxdur. Sizcə insanların ən çox çay və ya qəhvə içdikləri vaxt günün hansı vaxtıdır?

- Dəqiq deyə bilmərəm, amma yəqin ki, səhərlər.

- Tam dəqiq cavab verdiniz. Dünyada insanların çox böyük əksəriyyəti səhər tezdən günlərini çayla və ya qəhvəylə başlayırlar. Bunun əsas səbəbi hər iki içkinin tərkibində kofein olması və kofeinin oyandırıcı xüsusiyyətidir. Orta hesabla bir fincan çayda 40 mq, qəhvədə isə 80 mq kofein mövcuddur. Lakin burada bir mühüm faktor da insanın hansı içkidən daha çox zövq almasıdır. Yəni əgər bir insan çaydan daha çox zövq alırsa, 40 mq 80 mq-dan daha çox təsirli ola bilər, çünki oyandırma həm də psixoloji bir hadisədir.

Hər iki içkiyə aid olan digər bir xüsusiyyət əsəbləri sakitləşməsidir ki, aparılan araşdırmalar bu mənada çayın daha effektiv olduğunu ortaya qoyur.

- Çayın, yoxsa qəhvənin?

- Xeyr, çayın. Qəhvə mağazasına rəhbərlik edirik deyə, aparılan elmi araşdırmaları da inkar edə bilmərik (gülümsəyir). Ümumiyyətlə, normasında içiləcəyi təqdirdə həm çay, həm də qəhvə insana kifayət qədər fayda verən içkilərdir.

Sizinlə bir maraqlı faktı bölüşüm. Bu yaxınlarda İsraildən gələn bir tanışım mənə İsraildə 8-10 il əvvələ qədər çaya olan sevginin hazırda Azərbaycanda çaya olan rəğbətdən daha çox olduğunu və bunun Osmanlı dövlətindən qalan ənənəyə olduğunu söylədi. Lakin son 10 ildə onlarda da bizdə bu gün olan proses başlayıb və bugün İsraildə bir ildə istehlak olunan qəhvə kapsullarının sayı 250 milyon ədədə çatır. Bu hər ay 21 milyon dəməkdir ki, bu da əhalisi 9 milyon olan bu ölkə üçün həqiqətən çox böyük rəqəmdir. Hələ bunu da nəzərə almaq lazımdır ki, İsraildə və bütün Orta Şərq regionunda Osmanlı dövründən miras olaraq qalmış və hələ də çox sevilən Türk qəhvəsi də var.

- Azərbaycanda qəhvə satışı ilə məşğul olan digər şirkətlərlə rəqabət aparmaq çətin deyil ki?

- Biz hələ ki, cəmi 2 aydır Azərbaycan bazarında fəaliyyət göstəririk və rəqabət, onun asanlığı və ya çətinliyi ilə bağlı hər hansı bir söz demək, düşünürəm ki, hələ çox tezdir. Lakin istənilən halda bizimlə oxşar sahədə fəaliyyət göstərən digər şirkətlərlə sağlam rəqabətin olmasından məmnun olarıq. Çünki sağlam rəqabətə əsasən formalaşmış bazardan həm bu bazarı formalaşdıran şirkətlər tam faydalanır, həm də istehlakçılar. Ən əsası isə istehlakçılar keyfiyyətli və sərfəli təkliflərlə təmin olunur.

- Ümumiyyətlə, qəhvə içkisi ilə bağlı fikirlər birmənalı deyil, bəziləri onu faydalı bir içki növü kimi təqdim edir, bəziləri zərərli. Bununla bağlı sizin fikirləriniz necədir, qəhvə içkisinin faydaları və zərərləri haqqında oxuyucalarımıza hansı məlumatları verə bilərsiniz?

- Səhhəti qəhvə içməyə imkan verən heç bir kəs üçün bu içki zərərli deyil. Bir şərtlə ki, normada içilsin. Əgər bir insan hipertoniyadan və yaxud şəkər xəstəliyindən əziyyət çəkirsə, ürək ritmi qeyri-sabitdirsə, təbii ki, qəhvə “zərərli” olacaqdır, lakin burada zərər birbaşa qəhvə deyil, sadəcə bədən qəhvə üçün kifayət qədər sağlam deyil. Digər bir misal, bir insan yuxusuzluqdan əziyyət çəkirsə və gündə 4-5 fincan qəhvə içirsə, bu onun yuxusuzluğunu daha çox tətikləyəcək və nəticədə sinir sisteminə mənfi təsir göstərəcək. Bütün bunlarla yanaşı qəhvənin kifayət qədər faydaları vardır.

  • İmmunitet sistemini gücləndirir. Bu, aparılan çoxsaylı araşdırmalarla dəfələrlə sübuta yetirilib. İnsanın müəyyən bir yaşdan sonra qarşılaşdığı xəstəliklərin böyük əksəriyyətinin immunitet sisteminin zəifləməsindən qaynaqlandığını düşünsək, qəhvənin faydasını daha yaxşı başa düşə bilərik.
  • Bədəndə olan yağın “yanmasına” kömək edir. Müxtəlif araşdırmalar kofeinin bədənimizdəki metabolik prosesin sürətini 3-11 % arası artırdığını sübuta yetirib. Göstəricilərdə olan fərqin böyük olması insanın həddən artıq çəkili yoxsa normal bədən ölçüsündə olması ilə bağlıdır.
  • Fiziki hazırlığı yüksəldir. Qəhvənin tərkibində olan kafein insanın qanına çatdığı anda adrenalini artırır və bədəni yüksək templi fiziki fəaliyyətə daha çox hazırlayır. Məhz buna görə Avropada bəzi insanlar idman zalına getməzdən əvvəl bir espresso və ya amerikano içirlər. Qəhvənin tərkibində həm də B2, B3 və B5 vitaminləri, həmçinin maqnezyum və potasyum vardır.
  • Diabet olma riskini azaldır. 450 mindən çox insanın üzərində aparılan 18 müxtəlif araşdırmaya əsasən gündə 1 fincan qəhvə diabet riskini 7 % azaldır. Lakin bu məqama xüsusi diqqət yetirək ki, burada və bütün digər faydalarda biz tərkibinə süd, sirop, krem və sair dadlandırıcılar qatılmamış saf qəhvədən danışırıq.
  • Daha gümrah olmağınıza kömək edir. Qəhvə beyinimizdəki adenozin maddəsinə qarşı dayanıqlığımızı artırır və yuxulu, yorğun hiss etməyimizi önləyir. Spirtli içkinin təsiri altında olan insanın ayılması üçün qəhvənin ən effektiv vasitə olmasının də səbəbi məhz bu amildir.
  • Stresi azaldır. Səhər tezdən içilən bir qəhvə stres hissini azaldır.
  • Enerjimizi artırır və beyinin daha fəal işləməsinə kömək edir. Qəhvənin tərkibində kafein vardır və kafein qan vasitəsi ilə beyinə çatır, 10-30 dəqiqə ərzində həm insanın enerjisini artırır, həm beyinin işləyişini sürətləndirir, həm də serotonin hormonunun (xoşbəxtlik hormonu) səviyyəsinin yüksəlməsinə səbəb olur. Qəhvənin yaranması ilə bağlı dünyada ən çox qəbul edilən yanaşmanı bilən insanlara da məlumdur ki, qəhvə məhz canlılara verdiyi enerjiyə görə diqqət çəkib.

- Qəhvənin yaranması ilə bağlı ən çox yayılan yanaşma hansıdır ki? Zəhmət olmazsa, onu da danışın. Mən şəxsən məlumatlı deyiləm və əminəm ki, oxuyucularımıza da maraqlı olacaqdır.

- Əslində qəhvənin harada və necə yaranmasına dair demək olar ki, vahid fikir artıq formalaşıb, lakin onun Avropaya və oradan da dünyaya necə yayılması ilə bağlı ən böyük mübahisə türk və italiyan tarixçilər arasındadır. Yuxarıda dediyim ən çox qəbul edilən yanaşma isə belədir ki, qəhvəni Avropaya Osmanlının səfirləri və tacirləri aparıblar.

Rəvayətə görə insanın qəhvəylə ilk tanışlığı keçilər vasitəsi ilə olub. XI əsrdə Həbəşistanda (bugünkü Efiyopiya) bir çoban otardığı keçilərin qəhvə ağacının meyvələrini yeyən keçilərin çox enerjili olduqlarını, bir yerdə dayanmadıqlarını və uşaqlar kimi şənlənib-oynadıqlarını müşahidə edib. Marağını çəkən bu hadisəni Şazali adlı bir dərvişə danışıb və bu dərviş uzun-uzadı dini mərasimlərdə, gecə səhərə qədər davam edən ibadətlərdə öz müridlərinə bu meyvədən dəmlənmiş içki verib. Buna görə də qəhvə bir dövr məhz “şazali içkisi” olaraq adlandırılıb. Daha sonra isə bu bitkinin yetişdiyi Həbəşistanın Kaffa bölgəsinə görə tarixi mənbələrdə bu içki “kahva” olaraq adlandırılıb. XVI əsrin əvvəllərində Osmanlı sultanı Qanuni Sultan Süleymanın qəhvənin dadına baxması və çox bəyənməsi qısa müddətdə bütün imperiya ərazisində bu içkinin şöhrət qazanmasına səbəb olur. Tarixi mənbələrdə 1550-ci illərdə İstanbulda ilk qəhvə içilən yerin - “kahvehane” – açılması faktı öz əksini tapıb ki, bu da məhz Qanuni Sultan Süleymanın padişahlığı dövrünə düşür. Osmanlı tacirləri tərəfindən qəhvə ticarəti Avropada ilk dəfə məhz İtaliya ilə edilir, lakin Roma papasının “içilə bilər” qərarına qədər İtaliyada geniş kütlələrə yayılmır. 1645-ci ildə isə İtaliyada ilk qəhvə dükanı açılır. Osmanlıdan gələn qəhvənin Avropada fərqli formada içilməsi Vyana tacirlərinin ona süd və şəkər qatması ilə başlayır. Tarixdən bilinən digər bir fakt isə 1669-cu ildə Osmanlının o vaxtki Fransa səfiri Süleyman Ağanın Parisə özü ilə böyük miqdarda qəhvə aparması və fransızlara qəhvəni sevdirməsidır.

Qəhvə ilə bağlı tarixi və Avropa ilə Türkiyə tarixçiləri arasında qəhvəyə sahiblik uğrunda gedən davanın mahiyyəti ilə bağlı mümkün ən qısa formada danışmağa çalışdım. Uzun oldusa üzrlü sayın.

- Xeyr, əskinə çox maraqlı oldu. İçdiyimiz qəhvənin belə bir tarixçəsi olduğunu həqiqətən bilmirdim. Çox sağ olun məlumata görə.

 - Siz sağ olun dinlədiyiniz üçün.

- Sosial şəbəkələrdə və digər resurslarda müştərilərinizə kapsul qəhvələrini hazırlayan maşınları pulsuz verdiyiniz qeyd olunur. Son olaraq bu məqamlar bağlı məlumat verməyinizi xahiş edirəm.

- Bəli, “Espresso Club Azerbaijan”-a gələrək kampaniya çərçivəsində müqavilə imzalayan hər kəs Kluba üzv olur və məşhur italyan “Pitti Caffe” brendinin espresso maşınını dərhal hədiyyə alır. Bunun üçün illik abunə olmaq və 3 aylıq kofe ehtiyatını əvvəlcədən almaq kifayətdir.  4-cü aydan etibarən isə 9 ay boyunca aylıq kofe kapsulunu sifariş vermək lazımdır. 1  kapsul 1 manat dəyərindədir və 1 fincan kofe hazırlamaq mümkündür.

- Ellada xanım, bu maraqlı və həqiqətən informativ müsahibə üçün, həmçinin vaxt ayırdığınız üçün sizə bir daha təşəkkür edirəm.

- Mən də sizə vaxt ayırdığınız, gəldiyiniz və dinlədiyiniz üçün sizə minnətdaram. Çox sağ olun.

Pərvanə Sultanova

Paylaş:
1674

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər