Həftə hansı hadisələrlə yadda qaldı? - İCMAL | 1news.az | Xəbərlər
Siyasət

Həftə hansı hadisələrlə yadda qaldı? - İCMAL

13:25 - 24 / 05 / 2019
Həftə hansı hadisələrlə yadda qaldı? - İCMAL

Başa vurduğumuz həftə Azərbaycan üçün bir sıra əlamətdar və vacib hadisələrlə yadda qaldı. Həftənin icmalını qısa şəkildə təqdim edirik:

1. Mayın 17-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Dövlət başçısı öz nitqində bildirib ki,  Azərbaycanın müsəlman ölkələri ilə çox sıx əməkdaşlığı var. Siyasi sahədə fəal dialoq aparılır.

İqtisadi sahədə daha da fəal əməkdaşlıq olmasını arzulayırıq. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Çox istərdik ki, təmsil etdiyiniz ölkələrdən olan şirkətlər Azərbaycanda müxtəlif layihələrdə daha fəal iştirak etsinlər.

Son vaxtlar Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır.

İkitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələrin gələcək inkişafı üçün çox yaxşı şərait və imkanlar var.

Beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Xüsusilə,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir.

Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır.

Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır.

Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etməsinə baxmayaraq əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər.

BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.

Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir.

Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm. 2016-cı ildə İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrup yaradılmışdır.

Azərbaycan da öz növbəsində, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir.

Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət verir və bu istiqamətdə əməli addımlar atılır.

Ölkədə keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir.

İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaqdır.

Ölkəmizdə mədəniyyətlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilir. Bakıda keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumu da bu sıradan olan tədbirlərdəndir.

Azərbaycan İslam mədəniyyətini dünyada təbliğ etməklə bağlı çox böyük səylər göstərir. Bir çox ölkələrdə konfranslar, sərgilər, təqdimatlar keçirilir və beləliklə, biz İslamı dünyaya sülh, mərhəmət dini kimi təqdim edirik.

Keçən il Naxçıvan – bizim qədim şəhərimiz İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarına görə biz bütün müsəlman ölkələrinə minnətdarıq.

 İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində oynadığı rolu çox yüksək qiymətləndirir.

2. UEFA Avropa Liqasinin final oyunu ilə bağlı Ermənistan XİN-in verdiyi şərh və xarici mediada aparılan informasiya kampaniyası ilə əlaqədar

 Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

 Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

 Ermənistan XİN-in “Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir.

 Ermənistan “Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq.

3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq, bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd etdi. Eyni zamanda, Prezident İlham Əliyev özünün də Almaniyaya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önəmini vurğuladı. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd etdi.

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını dedi, həmçinin Qəbələyə səfərləri zamanı məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olduqlarını bildirdi. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğuladı.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirildi, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

4. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Forumun uğurla keçirilməsi və bu mötəbər beynəlxalq tədbirdə qəbul olunan qərarlar münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı, eyni zamanda, Çin Xalq Respublikasının Sədri Si Cinpinin 28 May - Respublika Günü münasibətilə təbrik məktubunu göndərməsi ilə bağlı minnətdarlığını çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bildirdi ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşıdığını bir daha təsdiq etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan ilə Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticari sahədə əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev bir daha Çinə səfərini xatırlayaraq, orada Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında ticarət, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Prezident İlham Əliyev dedi ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturundan bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.

Xarici işlər naziri Van Yi Çinin Sədri və onun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin dostu Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını dedi. O bildirdi ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Van Yi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıldı.

5.AŞPA-nın Ermənistan üzrə həm-məruzəçiləri Yuliya Lavoçkina və Andrey Sirceli Ermənistan baş naziri Nikol Paşinyanın vətəndaşları məhkəmələrin giriş-çıxışlarını bağlamağa çağırması ilə bağlı bəyanatını tənqid etdi və erməni məhkəmələrinin etimadının aşağı səviyyədə olduğu bildirdi:

"Siyasi maraqlı tərəflər məhkəməyə təsir kimi qəbul edilə biləcək addım və bəyanatlardan çəkinməlidirlər. Qərarın mahiyyətinə təsir etmədən qeyd etmək istərdik ki, məhkəmələrin müstəqilliyi qanunun aliliyi üçün ilkin şərtdir və odur ki, qanunun aliliyi siyasi aktorlar tərəfindən hər hansı müdaxilə olmadıqda daha yaxşı qorunur. Daha yuxarı instansiya məhkəmələrinə müraciət etmək, sual doğuran məhkəmə qərarını sorğulamaq kimi aydın hüquqi prosedurlar vardır. Qanunun aliliyinə hörmət kimliyindən asılı olmayaraq bütün vətəndaşları qorumaq üçün mövcud olan prosedurlara hörmət edilməsini tələb edir. Bununla belə, qəbul edirik ki, ictimaiyyətin bu məhkəmə qərarına verdiyi reaksiya məhkəmələrə ictimai etimadın aşağı səviyyədə olduğuna vurğu edir”

6. Ermənistanda keçmiş prezident Robert Koçaryanın separatçı rejimin keçmiş və indiki liderlərinin zəmanəti əsasında həbsdən azad olunması və baş nazir Paşinyanın məhkəmələrə qarşı “səlib yürüşü” ilə bağlı proseslərdən bir sıra nəticələrə gəlmək olar:

     a) Küçə yürüşləri nəticəsində hakimiyyətə gəlmiş Paşinyan dövlətin idarə olunmasında “küçə diplomatiyası”nda başqa vasitə tapa bilmir, bu da onun             siyasi düşüncə tərzinin məhdud çərçivəsini nümayiş etdirir;

      b) Baş vermiş proseslər Paşinyanın hakimiyyəti itirmək qorxusu qaşısında “emosional partlayışı” da adlandırmaq olar;

      c) Paşinyanın çağırışı artıq əvvəlki effekti vermir, budəfəki yürüşə çıxan insanların sayında baş vermiş azalma ona göstərilən dəstəyin də faktiki                     olaraq azalması kimi qiymətləndirilə bilər. Bu səbəbdəndir ki, son 5 ayda Ermənistanda bir neçə dəfə keçirilmiş sorğuların nəticələri (Paşinyanın                 reytinqi yüksəkdir) bu reallığı ört-basdır etmək məqsədi daşıyır;

     d) Ermənistan hakimiyyətinin keçmiş hakimiyyətə qarşı qəti mövqeyinə baxmayaraq, Koçaryanın həbsdən azad olunması Ermənistanda siyasi                       mübarizənin əslində başa çatmadığını, Respublika Partiyası, Daşnaksütun kimi partiyaların simasında revanşizmə hazırlaşdığını və bunu həyata                keçirmək niyyətində olduğunu göstərir;

     e) Separatçı rejim Koçaryana dəstək olmaqla Paşinyana qarşı mövqeyini qəti şəkildə ortaya qoydu. Paşinyanın son günlərdə bu mövqeyə dair                       çıxışları isə onun separatçı rejim üzərində idarəetməni itirmək istəmədiyini göstərir ki, nəticə etibarilə Paşinyanın bu yanaşması onun “Dağlıq                     Qarabağın danışıqlarda iştirakı” blefinə qarşı elə özünün verdiyi cavabdır;

      f) Paşinyanın öz komandası daxilində belə onun məhkəmələrə qarşı qərarına etiraz Ermənistan hakimiyyətinin monolitliyi haqda fikirləri puç edir;

      g) Ermənistan prezidenti Armen Sarkisyanın Paşinyanın çağırışına cavab olaraq, əhalini sakitliyə və Konstitusiyaya riayət etməyə çağırması bu iki                  şəxsin münasibətlərində də əhəmiyyətli çatların olduğunu bir daha göstərdi;

        h) Paşinyanın məhkəmələrə qaşı fəaliyyəti ikinci inqilab adlandırması populizmin pik nöqtəsi və insanların diqqətini daha ciddi sosial-iqtisadi                          problemlərdən yayındırmaq cəhdidir.

         i) Məhkəmə hakimiyyətinin müstəqilliyini xüsusi təbliğ edən ABŞ və Aİ-nın məsələyə münasibəti də ciddi suallar doğurur.

         1news.az

 

 

Paylaş:
435

Son xəbərlər

“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33
Bütün xəbərlər