Heydər Camalın oğlu və iki həmkarı Afrikada qətlə yetirilib
Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
1news.az-ın məlumatına görə, jurnalistlərin meyitləri Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.
Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub.
Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.
Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.
Bu arada jurnalistlərin qətli ilə bağlı ilə bağlı bəzi təfərrüatlar açıqlanıb. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, MAR-da qətlə yetirilən rusiyalı jurnalistlərin sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub.
Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən saxlanılaraq gülləbaran edilib.
İnsidentin dəqiq səbəbi və təfərrüatları hələlik məlum deyil. Hücumun soyğunçuluq məqsədilə törədildiyi ehtimal olunur.
RİA Novosti-nin xəbərinə görə, jurnalistlər MAR-da özəl hərbi kampaniyalara, xüsusən, rusiyalı muzdlulara həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olublar.
Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlarına məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb.
1news.az