İlham Əliyevlə Paşinyan Sankt-Peterburqda nəyi müzakirə ediblər?
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında söhbət olub.
1news.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib: “Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti olub. Söhbət əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.
Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlər ərzində qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır”.
H.Hacıyev deyib ki, eyni zamanda söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.
Ermənistanın Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və “hamının hamıya” prinsipinə söykənən mövqeyinə münasibətinin necə olmasına gəlincə PA rəsmisi deyib:
“Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.
Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır”.
1news.az