İnqilabla “Böyük Oyun”: Samir Ələkbərovun penaltilər seriyası istəyi, Mahmud Qurbanovun “professor”u
Azərbaycanda qısa zaman ərzində ölkənin idman həyatında ən parlaq hadisələrdən biri olan, həvəskarlar arasında ilk Mini Futbol Liqası (MFL) başa çatmaqda olan 2017-ci ilə damğasını vurub.
1news.az-ın Sport24.az-a istinadla verdiyi xəbərə görə, mövsümün ilk yarısını arxada qoyan MFL yeni il ərəfəsində qısamüddətli tətilə çıxması ərəfəsində azarkeşləri möhtəşəm MFL All Star - Böyük Oyun ilə sevindirib.
Liqada ulduzların savaşı
Bakı Olimpiya Stadionunun əsas meydanında MFL-in hər iki Konferensiyadan olan ən güclü futbolçuların görüşü baş tutub. Bu yerdə qeyd edək ki, "A" və "B" Konferensiyalarında ümumilikdə 59 komanda iştirak edir. Həvəskar liqanın oyunçuları yaxın zamanlarda “Qarabağ”ın Avropalı nəhəngləri – “Roma”, “Atletiko” və “Çelsi” ilə Çempionlar Liqası çərçivəsində oyun keçirdiyi meydanda qarşılaşıblar.
Komandalar millimizin sabiq məşqçilərinin rəhbərliyi altında meydana çıxmışdılar. Göy rəngli formanı geyən "A"lar Mahmud Qurbanova, qırmızı rəngdə olan "B"lər Samir Ələkbərova tapşırılmışdı. Matçın baş hakimi Topaz Premyer Liqasının oyunlarını idarə edən İnqilab Məmmədov idi.
Stadiona giriş pulsuz idi və azarkeşlər üçün 101-ci sektor ayrılmışdı. Matçı televiziyadan da izləmək mümkün idi. Qarşılaşmanı "CBC Sport" telekanalı canlı yayımlayırdı. Matçı izləyənlər arasında MFL rəhbərliyi ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov vardı.
Oyun gözləniləndən də maraqlı alındı desək, yanılmarıq. MFL iştirakçıları böyük meydançada fiziki cəhətdən ciddi problemlə üzləşmədilər. Düzdür, əvəzetmələrə limit yox idi və hətta meydandan çıxanlar sonradan oyuna girmək hüququna malik idilər. Matçda qırmızı vərəqə alan futbolçu isə komandasını 5 dəqiqə azlıqda qoyurdu. İnqilab Məmmədov "A"-ları müdafiəçisinə son ümid foluna görə birbaşa qırmızı göstərərək qısa müddətə 10 nəfərlə qoydu.
Matç yoldaşlıq görüşü xatakteri daşısa da, qalib bilinməli idi. Qaydalara görə, oyun heç-heçə bitsəydi, qalibi müəyyənləşdirmək üçün dərhal oyunsorası penaltilər təyin ediləcəkdi. İlk hissəsi 1:1 hesabı ilə nəticələnən matçda hər şey də buna doğru gedirdi. Son dəqiqələrdə hesab 2:2 idi. Ancaq səhnəyə oyunun qəhrəmanı Elvin Əlizadə çıxdı. "A"-ların "10 nömrə"li hücumçusu penaltidən qələbə topunu vuraraq het-trikini rəsmiləşdirdi. "B-lər"da isə milli çempionatımızda oynamış Akif Hümbətovla Mehdixan Ağayev fərlqəndi. Yeri gəlmişkən, meydanda olanlar arasında ən tanınmışı millimizin sabiq hücumçusu, "İnter"in heyətində çempion və Premyer Liqanın bombardiri olmuş Xaqani Məmmədov vardı. "Qırmızılar"da əsas oyun qurucusu qaradərli futbolçu Suraj İssah Larry idi. Solaxay "8 nömrə" gözəl oyunu, texnikası ilə alqışları qazandı.
Qarşılaşmada qalib və məğlub komandanın hər ikisinə kubok (ölçülərinə görə fərqli) təqdim olundu. Bunu isə AFFA-nın baş katibi etdi.
Samir Ələkbərovun narazı qaldığı "kletka"
Oyundan sonra baş məşqçilər Sport24.az-ın suallarını cavablandırdılar. Əvvəlcə müsahibimiz Ələkbərov idi.
- Həvəskar futbolçuları meydana çıxarmaq necə idi?
- Bunlar heç həvəskar deyildilər ki... Peşəkar futbol oynayırdılar. Maraqlı oyun alındı. İstərdim ki, heç-heçə olsun. Onda qaydaya görə, oyunsonrası penaltilər olacaqdı. Qalibi məhz 11 metrlik zərbələrlə müəyyənləşməsini istərdim. Ancaq son dəqiqədə rəqib elə penaltidən qələbə topunu vurdu.
- Nəticəni ədalətli sayırsan?
- (gülür) Sayıram. Əslində, oyun 2:2 bitsəydi, ədalətli olardı. Bizim qol imkanlarımız daha çox oldu.
- Futbolçularınızdan I Divizionda oynaya biləni varmı?
- Bir çoxu vaxtilə peşəkar futbol oyanyıb. Gördüyünüz kimi, rəqib komandada uzun illər güclülər dəstəsində oynamış Xaqani Məmmədov vardı.
- Söhbət tanınmayanlardan, qeyri-peşəkarlardan gedir...
- Niyə oynaya bilməzlər ki...Sadəcə, özlərini gəlib salıblar o "kletka"ya. Bunlar qapalı meydançada mini-futbol oynayırlar. Böyük meydançada doğrudan da heç də pis təsir bağılamırdılar.
- Özünüzün meydana çıxmaq həvəsiniz yox idi?
- (gülür) Mənim işin meydandan kənarda idi.
- Qaradərli oyunçunuz necə təsir bağışladı?
- İssa? Yaxşı idi. Açığı, nəinki onu, heç kəsi şəxsən tanımıram. Yalnız kapitanımız, FİFA agenti Kamil Məmmədovu tanıyırdım.
- Tanınmış futbolçuları oyuna hazılramaq təklifi gələndə nə düşündünüz?
- Həvəskar futbolçuların oyunu idi. Nə var idi ki? Oyuna 1 gün qalmış yığıb hamısıyla tanış oldum.
- Yenidən belə dəvət gəlsə, qəbul edərsinizmi?
- Mütləq.
Mahmud Qurbanov: "Məni yox, futbolçuları təbrik edin"
Qalib komandanın "professor" ləqəbli baş məşqçisi isə təvazökarlığıyla diqqət çəkdi. Hər halda, Qurbanov özünü yox, futbolçularını qəhrəman saydı.
- Qələbə münasibətilə sizi təbrik edirik. Gərgin mübarizə getdi...
- Məni yox. futbolçuları təbrik edin (gülür).
- Ancaq onları oyuna baş məşqçi olaraq hazırlayan siz idiniz...
- Mən oyunçuları tanımırdım. İlk dəfədi görüşürdüm. Sadəcə, oyundan 1 gün öncə məşqimiz olmuşdu.
- Onda hansı təəssüratlarınız yaranmışdı?
- Bunlar həvəskar futbolçulardı, oynamağa həvəslidirlər. MFL-də kiçik meydanda oynayan futbolçulardı. Böyük futbolu indi oynadılar. Hiss olunur ki, buna həvəsləri həddən artıq çoxdu. Oyunda da bu görünürdü.
- Belə müzakirə getdi ki, futbolçuların aralarında I Divizionumuzda oynaya bilənlər var...
- Fiziki hazırlıqları düzələn olsa, oynayan futbolçulardı, yaxşı uşaqlar var. Xüsüsilə topla rəftarda.
- Bəs komandanın "professor"u kimi sayırsınız?
- Elvin var, het-trik edən, yaxşı uşaqdı. Bütün qollarımızı o vurdu, qələbə qazandırdı.
- Həmin Elvin Əlizadənin mövqeyində Xaqani Məmmədov oynasa da, tanınmış hücumçumuz yox, o, özünü göstərə, fərqlənə bildi...
- Görünür ki, o, burdakı futbolçularla çox bir yerdə oynayıb, bir-birlərini yaxşı başa düşürlər.
Baş hakim nəticəni ədalətli saymadı
Adətən baş hakimlər oyundan sonra müsahibə vermirlər. Ancaq bu dəfə fərlqi mənzərə oldu. Matçı idarə edənə də suallarımızı ünvanladıq və cavablarını almaqda problemlə ülzəşmədik.
- Bu oyun rəsmi matçlardan nə dərəcədə fərqləndi?
- Həmin matçlardan həm futbolçuların fiizki hazırlığı, həm də ustalıq səviyyəsi çox geri qalırdı. Ancaq mübarizə baxımından belə deməzdim. Meydanda mübarizə vardı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hesab da bunu göstərdi ki, oyunda həqiqətən mübarizə vardı. Ancaq sürət baxımından peşəkar futbol səviyyəsində deyildi.
- Meydanda hakim üçün problem yaradan futbolçu yox idi...
- Bəli, nizam-intizam qaydasında idi. Hesab edirəm k, bu da MFL rəhbərliyinin uğurudu. Onlar bu məsələyə xüsusi diqqət yetiriblər ki, futbolçular da intizamlıdırlar. Özü də bu, ilk oyun deyil ki... Bu tip oyunları idarə etmək hakim üçün bir az çətin olur. Çünki peşəkar futbolçular deyillər, hərəsinin bir psixologiyası var. Bu, MLF rəhbərliyinin uğurudur ki, keçirdikləri çempionatda belə intizam var. Təbii ki, həmin çempionatın oyunlarını idarə edən hakimlərin də uğurudu. Onlar komandaları bu səviyyyəyə gətirib çıxarıblar.
- Ancaq oyunun əvvəlində sərt mübarizə gedirdi. Futbolçular sanki topu unudub bir-biriylə vuruşurdular...
- Mən də onu hiss elədim. Xırda qayda pozuntularını saxlamağa başladıqdan sonra artıq oyunçular da başa düşdü ki, burda hakim var və belə kobudluqlara icazə verməyəcəyəm. Onlar da başlarını aşağı salıb oyunlarını oynadılar.
- İki epizod daha yaddaqalan oldu - verdiyiniz qırmızı vərəqə və penati. Tərəddününüz olmadı ki?
- Yox, heç birində olmadı. Hər ikisində qərarıma əmin idim. Aşkar qayda pozuntuları idi.
- Sizə, bu, oyunun ədalətli nəticəsi idi?
- Məncə, heç-heçə oyunun ədalətli nəticəsi idi. 11 metrlik zərbələrlə qalib müəyyənləşsəydi, daha yaxşı olardı.
Mövzu ilə əlaqədar oxuyun:
MFL-in 7-ci turu: Konferensiyalarda liderlik uğrunda mübarizə davam edir – FOTO – VİDEO
S.Xankişiyeva