Növbədənkənar seçki: Ermənistanda hansı siyasət qalib gəldi? | 1news.az | Xəbərlər
Siyasət

Növbədənkənar seçki: Ermənistanda hansı siyasət qalib gəldi?

09:35 - 13 / 12 / 2018
Növbədənkənar seçki: Ermənistanda hansı siyasət qalib gəldi?

Ermənistan səbirsizliklə növbədənkənar parlament seçkisini gözləyirdi. Doğrusu, ekspertlər də bu hadisəyə böyük əhəmiyyət verirdilər.

Onlar N.Paşinyanın Ermənistanın siyasi səhnəsində etdiyi dəyişiklikləri konkret faktlarda görmək arzusunda idilər. Ümidlər özünü doğrultmadı. Seçkidə qalib gələn erməni "inqilab rəhbəri"nin qazandığı nəticəni "Pirr qələbəsi" kimi qiymətləndirirlər. Hesab edilir ki, bütövlükdə seçki baş tutmayıb. Bir sıra saxtakarlıqlar müşahidə edilib. Ən əsası isə seçicilər fəal olmayıblar. Onların yarıdan çoxu səsvermədə iştirak etməyib. Bundan başqa, parlamentdə ölkənin bütün siyasi qüvvələri təmsil olunmayıblar.

Bununla da Ermənistan parlamentinin legitimliyi daha da aşağı düşüb. Digər tərəfdən, parlamentdə Paşinyan-Sarukyan ittifaqının da ömrünün nə qədər olacağı məlum deyil. N.Paşinyan Qərbə, Q.Sarukyan isə Rusiyaya meyllidir. "Mehriban düşmənlər"in bir yerdə işləməsinin sonunun yaxsı olmayacagı haqqında proqnozlar verilir. Bunlardan başqa, xarici güclərin də ölkədəki vəziyyətə qarışması ehtimalı artıb. Əhali arasında nüfuzu aşağı olan N.Paşinyan hökumətinin bunun qarşısında tab gətirə biləcəyi az ehtimal edilir. İndi daha çox sual edirlər: bu iqtidarı nə zaman devirəcəklər? Biz ümumi geosiyasi səviyyədə Ermənistanda təşkil edilmiş seçki şousunun bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac görürük.

Passiv seçici sindromu: Ermənistanın daha dərin problemləri

Dekabrın 9-da keçirilmiş parlament seçkisinin Ermənistanın siyasi həyatına necə təsir edəcəyi qeyri-müəyyəndir. Verilən proqnozlarda əsasən N.Paşinyanın qalib gələcəyi göstərilirdi. Ancaq bu "qələbə" siyasi reallığı deyil, şəxsi maraqları antidemokratik üsulla təmin etmək hərisliyini ifadə edir. Alınan sonuclardan bu, aydın görünür.

Öncə deyək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını şişirdib. 2 milyon seçici əvəzinə 2 milyon 500 min seçici siyahıya salınıb. Bu, N.Paşinyanın öncədən real seçkidə qalib gələ bilməyəcəyinə olan inamı ilə bağlıdır. Deməli, söhbət seçkidən deyil, seçki şousundan gedə bilər.

Digər fakt odur ki, səsvermədə seçicilərin 48,63 faizi iştirak edib. Bu, öncəki seçkidə iştirak edənlərin sayından 12,23 faiz azdır. Vətəndaşın fəallığı niyə azalıb? Məntiqə görə, söhbət Ermənistanın həyatı üçün ciddi əhəmiyyəti olan bir seçkidən gedir. Meydanlardan gəlmiş bir siyasətçini xalq aktiv müdafiə etməli idi. Əslində isə insanlar laqeydlik nümayiş etdirdilər. Bəs bunun səbəbi nədir?

Başqa bir fakt ondan ibarətdir ki, parlamentə N.Paşinyan ("Mənim addımım" bloku), Q.Sarukyan ("Çiçəklənən Ermənistan" partiyası) və E.Marukyan ("İşıqlı Ermənistan" partiyası) düşə biliblər. "Respublika" partiyası isə 5 faizlik baryeri keçə bilməyib. Parlamentdə bu üç qrupdan başqa kimsə yoxdur. Onlar arasında qüvvələr nisbəti aşağıdakı kimidir – 70,43 faiz N.Paşinyan tərəfdarları, 8,27 faiz – Q.Sarukyan komandası və 6,37 faiz – liberal, qərbyönümlü E.Marukyan tərəfdarları. Onu deyək ki, bu qruplar arasında seçkidən 1-2 ay öncə razılaşma olmuşdu. Yəni faktiki olaraq 2 ay əvvəl onlar parlamentdə yerləri bölmüşdülər. Bu da seçkinin formal olduğunu təsdiq edən faktlardandır.

Yuxarıda təsvir edilən real mənzərə parlament seçkisinin Ermənistanda uğursuz olduğunu və heç bir problemi həll edə bilməyəcəyini təsdiq edir. Hər şeydən öncə, erməni seçicisi göstərdi ki, N.Paşinyana dəstək vermir. Deməli, əslində, "məxməri inqilab" deyilən hadisə kənardan sırınmış və təxribat xarakterli prosesdir. İnsanları meydanlara daxili tələbat deyil, xarici sifarişlə formalaşdırılmış sosial şəbəkələrdə aparılan təbliğat kampaniyası toplayıb.

N.Paşinyan həmin dalğa üzərində hakimiyyətə gəldikdən qısa müddət sonra insanlar nə baş verdiyini anlayıblar. Görünür, onlara Rusiyanın verdiyi reaksiya da təsir edib. Bunların nəticəsi seçicinin siyasi olaraq marginallaşması olub ki, bunun da əlaməti nümayiş etdirilən laqeydlik oldu. Yəni sadə erməni artıq siyasi səhnədə aparılan oyunları real vəziyyətə uyğun hesab etmir. Eyni zamanda, seçici siyasi qrupların ölkənin problemlərini həll edəcəyinə inanmır.

Bu vəziyyət adətən iki sonuc verir. Birincisi, əhalinin əsas kütləsi siyasi hakimiyyətdə təmsil olunmayan qruplara meyl edir ki, bu da radikalizmə aparır. Çünki əksəriyyətin dəstəyini ala bilməyən iqtidar mövqeyini saxlamaq üçün zor tətbiq etməyə məcburdur. Bu halda Ermənistanda yaxın perspektivdə daxili siyasi mühitin radikallaşma ehtimalının çox olduğunu proqnozlaşdıra bilərik.

İkincisi, birinci şərt ödənilməsə, əhali xilaskarı kənarda axtarmalıdır. Yəni yerli siyasi qüvvələrə inamı olmayan insanlar havadardan dəstək gözləməyə meylli olacaq. Bu isə o deməkdir ki, ikinci variantda Ermənistan ABŞ-la Rusiyanın daha kəskin savaş meydanına çevrilə bilər. Xüsusilə Rusiya tərəfindən vəziyyətə sərt müdaxilə oluna bilər. Ukrayna təcrübəsi göstərir ki, bu, formasına görə siyasi hakimiyyətin devrilməsi anlamına gələ bilər. Mümkündür ki, yaxın zamanlarda hakimiyyətin legitim olmadığını ifadə edən siyasi hərəkat başlasın. Onun tərkibində S.Sarkisyan, R.Koçaryan, L.T.-Petrosyan kimi isimlər də ola bilər. Rusiya özünə yaxın olan Q.Sarukyandan da istifadə edə bilər. Bu halda proseslərin parlamentdə gərginləşməsi ehtimalı istisna deyil.

Geosiyasi risklər: Paşinyanın yaratdığı qeyri-müəyyənlik artır

Deməli, N.Paşinyanın hakimiyyətdə olduğu müddətdə Ermənistan cəmiyyətində iki tendensiya üstünlük təşkil edib: birincisi, vətəndaş siyasi proseslərə laqeydləşib (seçici passivliyi), ikincisi, siyasi mühitdə radikallaşma dərinləşib (parlamentə cəmi üç qrupun daxil olması). Bu vəziyyət xarici qüvvələrə Ermənistandakı situasiyanı manipulyasiya etmək üçün yaxşı imkan yaradır. Gözləmək olar ki, 2019-cu ildə bunu sübut edəcək hadisələr baş verəcək. Bütövlükdə 2019-cu il Ermənistan üçün ağrılı ola bilər.

Eyni zamanda, Ermənistanın KTMT və Aİİ-də mövqeyinin zəifləyəcəyini proqnozlaşdırmaq olar. Belə ki, N.Paşinyan parlamentdə də üstünlüyü ələ aldığından həm hüquqi, həm də praktiki aspektlərdə müxtəlif bəhanələrlə bu iki təşkilatda iştirak səviyyəsini aşağı salmağa çalışacaq. Buna paralel olaraq Qərbin müəyyən qurumları ilə əlaqələri genişləndirmək xəttini tutacaq. Bu halda Ermənistanı Rusiyanın güclü təzyiqləri gözləyir.

Parlament fəaliyyətinin isə səmərəli olacağını gözləmək sadəlövhlük olardı. Nəzərə almaq lazımdır ki, N.Paşinyan bütövlükdə ölkə əhalisinin ancaq 30 faizinin dəstəyini ala bilib. Bu da müxtəlif vasitələrin tətbiqi yolu ilə baş tutub. Belə nəticə çıxara bilərik ki, yerlərdə vətəndaş-deputat qarşıdurmaları yarana bilər. Ən azından parlamentlə cəmiyyət arasında məsafə çoxala bilər. Bu isə birbaşa qarşıdurmalara aparan yoldur.

Bütün bunların fonunda seçkidən sonra daxili və xarici siyasətdə hansısa müəyyənliyin olacağını gözləmək risklidir. Əksinə, hesab etmək olar ki, N.Paşinyan daha qorxaq hərəkətlər edəcək. Çünki atacağı hər hansı radikal addıma cəmiyyətdən və müxalif siyasi qruplardan ciddi təpki görəcəyini nəzərə alır. Əgər onun arxasında elektoratın əksər qismi real olaraq dayansaydı, fərqli addım ata bilərdi. İndi isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli nə edə bilər? Heç bir şey! Əksinə, öz mövqeyini saxlamaq üçün vəziyyəti gərginlikdə saxlamaqda davam edəcək.

Ekspertlər hesab edirlər ki, erməni cəmiyyətinin özü kompromisə və ya qonşularla problemlərin ədalətli həllinə hazır deyil. Burada radikal iddialar, əsassız ərazi ambisiyaları, "soyqırımı" nağılları hələ də şüurlara hakimdir. Seçicinin üçdəbirinin, cəmi 30 faizinin dəstəyini almış N.Paşinyan hansı iradə ilə bu vəziyyəti dəyişə bilər? Mümkün deyil, ona görə də bir sıra ekspertlərin xam xəyallara düşməsi yaxşı əlamət deyil.

Ermənistanın daxili və xarici siyasətində qeyri-müəyyənliyin qalması ümumilikdə region üçün ciddi geosiyasi problemlərə yol aça bilər. O cümlədən münaqişə bölgəsində erməni təxribatları istisna deyil. Ermənistan rəhbərliyi öz acizliyini ört-basdır etmək üçün hər cür təxribatçı addım ata bilər. Bunun da geosiyasi nəticəsi acınacaqlı ola bilər.

Bunlar onu təsdiq edir ki, növbədənkənar parlament seçkisi həm Ermənistan, həm də region üçün müsbət hadisə olmayıb, ölkə daxilində siyasi radikalizmə daha geniş imkanların yaradılması və toqquşmalara səbəb ola bilər. Gözləmək olar ki, bu əsasda prezident-baş nazir-parlament üçbucağında gərgin münasibətlər şəbəkəsi yaransın. Bu prosesin başqa nəticəsi Ermənistandan ermənilərin xaricə axınının daha da artması ola bilər. Ölkədə həyat səviyyəsi daha da aşağı düşdükcə vətəndaşların burada yaşamaq həvəsi azalır.

Cənubi Qafqaz miqyasında isə Ermənistandakı seçki pis nümunə kimi qiymətləndirilə bilər. Regionda ümumi mənzərə daha mürəkkəb məzmun kəsb edəcəksə, bunun mümkün sonucları bütün xalqlara təsir edə bilər. N.Paşinyan nəinki Ermənistanı, bütövlükdə Cənubi Qafqazı geosiyasi turbulentliyə ata bilər. Deməli, bu mənada seçki yeni səviyyədə xaosun meydana gəlməsinə təkan verə bilər. Təbii ki, hər şeyi əlahəzrət zaman göstərəcək. Ancaq bir konkret təcrübə də mövcuddur: erməni siyasəti həmişə Qafqazı qarışdırıb!

Newtimes.az

Paylaş:
551

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər