Politoloq: ATƏT MQ həmsədrlərinin Paris bəyanatı 2018-ci ildə görülən işlərin məntiqi yekunudur | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: ATƏT MQ həmsədrlərinin Paris bəyanatı 2018-ci ildə görülən işlərin məntiqi yekunudur

12:30 - 22 / 01 / 2019
Politoloq: ATƏT MQ həmsədrlərinin Paris bəyanatı 2018-ci ildə görülən işlərin məntiqi yekunudur

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

1news.az-ın məlumatına görə, Dağlıq Qarabağ manaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq münaqişə ilə bağlı cərəyan edən son proseslərlə bağlı fikirlərini bölüşüb:

ATƏT MQ həmsədrlərinin Azərbaycan və Ermənistan Xİ nazirlərinin Paris görüşü barədə yaydığı bəyanat onların məqsədyönlü fəaliyyətinin daha da qətiləşdiyini və genişləndiyini göstərir.

Bəyanat yeni keyfiyyət vəziyyətinə şərait yaradan yanaşma ortalığa qoyur.

Nəticəyə yönəlmiş intensiv danışıqlara şərait yaradan atmosferin dəstəklənməsi tezisində iki məsələ var. Ermənistanın danışıqlar üçün konstruktiv mühitin olmaması ilə bağlı “narahatlığı” həmsədrlər tərəfindən qəbul edilmir. Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və aparılan danışıqlar nəticəyə yönəli olmalıdır. Bu halda isə artıq həmsədrlər Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanın belə danışıqlara hazır olmasının təsdiqləri çoxdur.

Əhalini sülhə hazırlamaqla bağlı konkret tədbirlərin geniş dairəsinin müzakirəsi də həmsədrlərin köhnədən qalan bəzi reallaşmamış ideyalarını reallaşdırmaq niyyətini nəzərdə tuta bilər. Məcburi köçkün və qaçqınların ilkin yaşayış məskənlərinə, mədəni abidələrə, məzarlıqlara baş çəkməsi, o cümlədən Bakıda  vaxtilə yaşamış ermənilərin öz ata-babalarının məzarlıqlarına baş çəkməsi. Bu ideya çoxdan mövcuddur. Yalnız Ermənistanın tutduğu destruktiv mövqe nəticəsində reallaşmadı. Hər iki tərəfdən vətəndaş cəmiyyətinin ayrı-ayrı təbəqələrinin-qadınların, gənclərin və münaqişədən zərərçəkmişlərin təması nəzərdə tutulur. Bunu Ermənistan vaxtilə rədd etmişdi.

Məzarlıqların aşkarlanması və DNT analizləri vasitəsilə məzarlıqlarda ölənlərin kimliyinin müəyyənləşməsi. Bu Dağlıq Qarabağ tənzimlənməsində kin-küdurətin aradan qaldırılması istiqamətində çox vacib addımdır. Çünki erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ müharibə regionundakı məzarlıqların böyük əksəriyyətində ölənlər ermənilərdir. Amma fakt budur ki, orada ölənlərin əksəriyyəti azərbaycanlılardır. DNT analizi ilə bu mübahisəyə son qoyulacaq. Bu da ermənilərin uydurduğu həqiqətin ziddinə olduğu üçün S.Sərkisyan hökuməti razılıq vermədi.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqu. Dağlıq Qarabağın erməni və azərbaycanlı icması nə qədər tez dialoq quracaqlarsa Dağlıq Qarabağ dinc tənzimlənməsi də o qədər  sürətlənəcək. Sərhədyanı iqtisadi və ticari layihələrin reallaşması üzrə Aİ-nin təklifi.

Həmsədrlər Xarici İşlər nazirləri ilə birlikdə indiki danışıqlar prosesinin əsas prinsip və parametrlərinin müzakirəsi dedikdə çox böyük ehtimalla Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, həmin ərazilərə məcburi köçkünlərin qayıtmasına hazırlanması və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması nəzərdə tutulur Burada mübahisə doğuran məsələ “Laçın koridoru”nun parametrləri və Dağlıq Qarabağın erməni icmasının taleyidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə Azərbaycanın tərkibində təhlükəsiz, inkişaf şəraitində yaşaya bilər.

“Laçın koridoru”nun parametrlərinin müəyyən olunması ilə bağlı vacib işarəli mesajı Ermənistan Silahlı Qüvvələrinin baş ştab rəisi Artak Davtyan verdi; Əgər Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiyası Ermənistan tərəfindən təklif olunursa demək “Laçın koridoru” ilə bağlı Ermənistanın mövqeyində kifayət qədər ciddi dəyişiklik var.

Azərbaycan və Ermənistan liderlərinin danışıqların dinamikasına ciddi impuls verən sammiti. Həmsədrlər Xarici İşlər nazirləri ilə razılaşdıqlarını iki ölkə liderləri ilə razılaşdırıb, dərhal tənzimlənmə üçün müqaviləni hazırlamaq niyyətindədirlər.

Həmsədrlər regionun iqtisadi potensialının reallaşmasına  yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin mümkünlüyünün vacibliyi. Bu ideya  faktiki Dağlıq Qarabağ münaqişəsində konsensusun sərhədlərini müəyyənləşdirir: Dağlıq Qarabağ Azərbaycana qaytarılır və əvəzində Ermənistan Azərbaycanın iqtisadi imkanlarından bəhrələnir.

Dağlıq Qarabağ tənzimlənməsində bu vaxta qədər 2 formul olub:

“Təhlükəsizlik əvəzinə Status”. Ermənistan tərəfi çox güclü olanda bu fikri irəli sürmüşdü; Azərbaycan təhlükəsiz yaşamaq istəyirsə “Dağlıq Qarabağ Respublikasının”  müstəqilliyini tanımalıdır.  “Ərazi əvəzinə Status”. Azərbaycanın gücü artdıqca Ermənistan və beynəlxalq ictimaiyyət bu formulu aktuallaşdırdılar; Ermənistan 7 rayonu qaytarır, əvəzində isə Azərbaycan Dağlıq Qarabağın ermənilərinin müstəqilliyini tanıyır.  Ermənilərin bu formulu da reallaşmadı.

N.Paşinyan Azərbaycanın və Ermənistanın nəyi kompromis edəcəyi mövzusunu aktuallaşdırmışdı. Buna da cavab olaraq həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı təqdirdə Azərbaycanın iqtisadi imkanlarından bəhrələnməyi Ermənistana vəd verdilər. “Dağlıq Qarabağ əvəzinə İqtisadiyyat” formulu yarandı.

Fransa Xarici İşlər Nazirliyinin və Fransa Prezident Aparatının yüksəkçinli rəsmilərinin ATƏT MQ həmsədrlərini qəbul etməsi.  Bu Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həmsədrlərin hazırladığı prinsiplər əsasında tənzimlənmənin yanında olduğunu göstərir.

Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi dənizdə yelkənsiz qayığıa bənzəyir.

N.Paşinyan hakimiyyəti Dağlıq Qarabağ məsələsini bilmir. Əgər Dağlıq Qarabağ tənzimlənməsi ətrafında baş verənlərdən məlumatlı olsaydı, S.Sərkisyan komandasının üzvləri onu belə rüsvaycasına aldada bilməzdilər. Həmsədrlərin son bəyanatında olan məsələlərin əksəriyyəti S.Sərkisyanın dövründən qalma məsələlərdir. S.Sərkisyan həmin məsələləri təxirə salmaqla bu məsələləri həll etmədi. Daha pis vəziyyətdə ortalığa çıxmasına şərait yaratdı. Serj Sərkisyan güclü lider olsaydı bu məsələlərin hamısı onun vaxtında həllini tapardı və ermənilərin maraqları indikinə nisbətən daha çox təmin oluna bilərdi.

Paşinyan və komandasının Dağlıq Qarabağ tənzimlənməsinin detallarını bilməməsi həmsədrlərlə də münasibətdə özünü göstərir. O, Dağlıq Qarabağın müstəqil tərəf kimi danışıqlara qoşulmasını tələb kimi irəli sürdü. Amma həmsədrlər onun bu tələbini qəbul etmədi. Çünki o məsələyə həmsədrlərin və beynəlxalq ictimaiyyətin cavabı aydın idi. Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması yalnız Bakının konsensus verəcəyi halda mümkündür. Bakı da yalnız Dağlıq Qarabağ azərbaycanlıları danışıqlara qatılacağı təqdirdə razılıq verə bilər.

Paşinyan bilsəydi, belə populist addım atıb, sonradan erməni millətçiləri qarşısında özünü yerə vurmazdı.

Həmin vərdiş Paşinyan komandasını ATƏT-in Minsk Qrupu həmsədrlərinin son Paris bəyanatına münasibətdə də özünü göstərdi; Paris görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda aydın göstərilir ki, iqtisadi əməkdaşlıq regionun davamlı inkişafına yönəli olmalıdır. Amma Ermənistan tərəfi bunu təhlükəsizlik tərəfə meylləndirir. Təhlükəsiz sözü ermənilər üçün müəyyən qədər dəbdə olan məsələdir;  Azərbaycan tərəfi Paris görüşü ilə bağlı yaydığı məlumatda növbəti görüşün fevral ayında keçiriləcəyini bildirir. Fevral ayı 28 gündür. Bu 28 günün hansında keçiriləcəyi hələ bəlli deyil. Ermənistan XİN bildirir ki, görüş yaxın aylarda keçiriləcək, amma vaxtı və yeri dəqiqləşməyib. Yəni mahiyyəti uduzub, belə xırdalıqlar uğrunda Ermənistanın mübarizə aparmasını Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması ilə müqayisə etmək olar.

Bəlkə də Paşinyan hakimiyyəti Serj Sərkisyana qaytarmaq istəyir.

Serj Sərkisyan öz xalqını uzun müddət aldatdı və belə bir pis vəziyyətə düşdü. N.Paşinyan komandasının özünü belə aldatması bir neçə ayla ölçülən məsələdir Paşinyan hakimiyyəti formalaşdırmağı yubatmaqla, Dağlıq Qarabağ tənzimlənməsinə təsir edə biləcəyini düşünür. Xİ naziri vəzifəsini icra edən Zohrab Mnasakanyan həmsədrlərin razılaşdırdığı məsələləri N.Paşinyana çatdıra bilmədisə bu missiyanı Kaspşik yerinə yetirdi. Yaxında da həmsədrlər regiona gəlib N.Paşinyanla hərtərəfli söhbət edib, lazımi məsələləri razılaşdıracaqlar. N.Paşinyan artıq təsdiq olunmuş baş nazirdir.

N.Paşinyanın atdığı addımlar onun bacarıqsızlığının və cılızlığının bariz nümunəsidir. Yaranmış vəziyyətdə ən gözəl variant N.Paşinyanın Azərbaycan Respublikasının Prezidentinə inanmasıdır. Azərbaycan Respublikasının Prezidenti artıq N.Paşinyanla 2 dəfə görüşüb və əldə olunmuş bütün razılaşmalara da olduğu kimi əməl olunur. N.Paşinyan Azərbaycanla həmsərhəd İcevan rayonundandır. Onun bütün qohum-əqrəbası azərbaycanlılarla təmasda olub və Azərbaycanla təmasdan ancaq yaxşılıq görüblər.

Dağlıq Qarabağda separatçılıqla məşğul olan adamlar isə qudurğan ermənilər idi. N.Paşinyan çox gözəl bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona istənilən yardım edib, onun özünü, hakimiyyətini hamiliyə götürə bilər. Azərbaycanın yardımı ilə Ermənistan inkişaf edəcək. Azərbaycan Ermənistanla iqtisadi əməkdaşlıq qurmaqla həm Ermənistanı inkişaf etdirəcək, həm də özü üçün əlavə iqtisadi imkanlar yaradacaq. Ona görə Paşinyanın üzünü İlham Əliyevə doğru çevirməsinin vaxtıdır.

1news.az

Paylaş:
513

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər