Saleh Nəsirov: Azərbaycanda sosial işçilərə tələbat çox böyükdür – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Saleh Nəsirov: Azərbaycanda sosial işçilərə tələbat çox böyükdür – FOTO – VİDEO

12:30 - 15 / 05 / 2017
Saleh Nəsirov: Azərbaycanda sosial işçilərə tələbat çox böyükdür – FOTO – VİDEO

İnkişaf etmiş ölkələrin bir çoxunda sosial problemlərin həllində dövlət qurumları ilə yanaşı sosial işçilər fəal iştirak edirlər. Azərbaycanda isə sosial işçi institutu yeni formalaşmağa başlayıb.

Belə ki, keçən ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı “Sosial işçi” proqramının icrasına başlayıb. Sözügedən proqram, sosial işçilər kimlərdir və nə işlə məşğul olurlar, sosial problemlərin yaranmasının əsas səbəbləri və digər məsəslələrlə bağlı suallarımızı UAFA-nın əməkdaşı Saleh Nəsirov cavablandırır.

- “Sosial işçi” proqramı nədir və hansı zərurətdən yaranıb?

- Məlum olduğu kimi, UAFA-nın əsas missiyası Azərbaycanda sosial mühitin uzunmüddətli inkişafıdır. Bütün səylərimizi, imkanlarımızı əsasən üç istiqamətdə - təhsil, səhiyyə və sosial müdafiə sahələrində səfərbər etmişik.

“Sosial işçi” layihəsinə gəlincə, hələ 2013-cü ildən başlayaraq sosial şəbəkələrdə təbliğ etməyə başlamışam. Çünki hesab edirəm ki, bir çox hallarda sosial problemlərin həll olunmamasının əsas səbəblərindən biri ölkəmizdə sosial işçi institutunun olmamasıdır. Sosial islahatlar həyata keçirmək, əhalinin problemlərinin yerindəcə həll olunmasını istəyiriksə ölkədə peşəkar, ixtisaslaşmış sosial işçilər olmalıdır. Ölkəmizdə bu cür işçilərə tələbat çox böyükdür.

Yeni icrasına başladığımız “Sosial işçi” adlı proqram regionların inkişafı ilə bağlı dövlət proqramının tərkib hissəsidir. Bu proqramı ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Hazırda sözügedən proqram keçən ilin oktyabr ayından başlayaraq respublikamızın iki regionunda – Biləsuvar və Cəlilabadda uğurla davam edir.

İnsanlarla dövlət qurumları arasında əlaqələrin qurulmasında, insanların sosial problemlərinin, üzləşdikləri bir çox çətinliklərin həllində sosial işçilər böyük rol oynaya bilərlər. Buna görə də çox şadam ki, “Sosial işçi” proqramına start vermişik.

Səylərimiz artıq öz bəhrəsini verməkdədir. “Sosial iş” layihəsi çərçivəsində aparılan işin 6 aylıq statistikasına əsasən, iki rayonda ümumilikdə 577 nəfər bu layihədən bəhrələnib ki, onlardan 222 nəfər birbaşa, 355 nəfər isə dolayısıyla bəhrələnib. Bəhrələnənlərdən 234 nəfəri uşaq olub.

Çox istəyirəm ki, bu fəaliyyətimiz davam etsin və digər regionlarda da bunu tətbiq edək. İnanıram ki, Azərbaycanda sosial işçi institutunun formalaşması və gənclərin bu işə marağının artması ölkəmizin, xüsusən də regionların inkişafına öz töhfəsini verəcək.

- Arzu edən hər bir şəxs sosial işçi ola bilərmi? Ümumiyyətlə, sosial işçilərlə bağlı tələblər nədən ibarətdir?

- Sosial işçi əhalinin həssas təbəqəsinə göstərilən vətəndaşla mövcud dövlət və özəl yardım mexanizmləri arasında olan bir körpüdür. Sosial işçi xüsusi təhsil almış, bir sıra vacib insani keyfiyyətlərə malik olan peşəkar mütəxəssis olmalıdır. O, insanlarla xüsusi davranış, yanaşma qaydalarını bilməli, problemi dərhal müəyyənləşdirməyi, təhlil etməyi və ən yaxşı həll yollarını seçməyi bacarmalıdır.

Sosial işçiləri seçərkən 85 nəfər namizəd arasından 4 nəfəri seçdik. Sonradan həmin şəxslərə iki ay müddətində treninq keçdik. Treninq müddətində ailələrə səfərlər etdik və onların problemləri ilə maraqlandıq. Bu zaman onlar müəyyən təcrübə qazandılar.

İnsanların əksəriyyəti öz hüquqlarını,  problemlərinin həll edilməsi üçün hara müraciət etməyi, ərizələrini düzgün yazmağı bilmir. Sosial işçinin rolu insanlara konkret situasiyalara aid hüquqları izah etmək və onların həyata keçməsinə nail olmaqdır.

Hazırda Biləsuvar və Cəlilabad rayonlarının hər birində iki sosial işçimiz var. Onların iş yeri kimi Heydər Əliyev Mərkəzi seçilib. Onlar Mərkəzdəki ofislərində əhalini qəbul edərək təmənnasız olaraq onlara hərtərəfli xidmət göstərirlər.

- Qeyd etdiniz ki, hazırda sosial işçilər rayonlarda fəaliyyət göstərirlər. Rayonlarda insanların qarşılaşdıqları əsas problemlər hansılardır və sosial işçilər onları necə həll edirlər?

- Fəaliyyətə başladığımız 6 ay ərzində müəyyən etdik ki, problemlər əsasən insanların lazımi qədər məlumatlı olmamaları, öz hüquqlarını bilməmələri səbəbindən yaranır. Misal üçün, görürsən ki, hansısa ailə tibbi yardım ala bilmir və bunda dövləti, səhiyyə sistemini günahlandırır. Araşdıranda isə məlum olur ki, həmin ailə istədiyi tibbi xidməti pulsuz, heç bir haqq ödəmədən ala bilər, sadəcə bundan xəbərsizdir. Biz onları maarifəndiririk, lazımi məlumatları veririk və bundan sonra onların problemləri həll olunur.

Regionlarda qarşılaşdığımız əsas problemlərdən biri də fiziki məhdudiyyətlə doğulan uşaqların sayının artmasıdır. Bunun da əsas səbəbi yaxın qohumların bir-biri ilə ailə qurmalarıdır. Belə nikahların bağlanması həmin ailələrdə uşaqların daun sindromu, autizm, serebral iflic kimi ağır xəstəliklərlə doğulmasına səbəb olur.

Düzgün aparılmayan doğuş zamanı da uşaqlarda arzuolunmaz xəstəliklər yarana bilər. Misal üçün, əgər qadının çanaq sümüyü dardırsa, təbii doğuş zamanı uşağın beyni sıxılır ki, bu da onun serebral iflic xəstəliyinə tutulmasına gətirib çıxarır.

Elə xəstəliklər var ki, onları tam müalicə etmək mümkün deyil. Lakin valideynlər bunu bilmədiklərindən uşaqlarının sağalması üçün külli miqdarda vəsait xərcləyirlər, müalicə üçün İrana, Türkiyəyə, İsrailə və digər ölkələrə gedirlər. Onlara başa salırıq ki, tibbi yolla bu xəstəliyin müalicəsi yoxdur, yeganə yol reabilitasiyadır. Reabilitasiya prosesinə də nə qədər tez başlansa bir o qədər yaxşıdır. Çünki vaxt getdikcə uşağın sağlamlığının bərpası da çətinləşir.

Ona görə də əlilliyi olan uşaqların reabilitasiyasına mümkün qədər tez başlamaq lazımdır ki, tez bir zamanda müsbət nəticə əldə edilsin. Belə olan halda həmin uşaqlar nəinki özlərini cəmiyyətin normal bir üzvü hesab edəcəklər, hətta müxtəlif sahələrdə ciddi uğurlar da qazana biləcəklər.

- “Sosial işçi” proqramından gözləntiləriniz nədən ibarətdir?

- Məlum olduğu kimi, ölkə əhalisinin yarısı Bakıda məskunlaşıb. Bu proqram nəticəsində gənclər artıq Bakıda iş axtarmayacaqlar. Öz rayonlarında xüsusi mərkəzlərdə və yaxud hər hansı bir dövlət qurumunun nəzdində sosial işçi kimi fəaliyyət göstərəcəklər. Nəticədə həm Bakının yükü azalacaq, həm gənclər öz rayonlarında iş tapacaqlar. Ən əsası isə regiondakı əhalinin problemləri elə oradaca həll olunacaq, daha Bakıya gəlmək lazım gəlməyəcək.

Bu proqram dövlət qurumlarının da işini asanlaşdıracaq, onları əlavə işdən, əlavə yükdən xilas edəcək. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, dövlət qurumundan fərqli olaraq sosial işçi qanundan kənara çıxa bilir, ailələrlə daha yaxından təmas qurur, problemin, boşluğun nədən ibarət olduğunu öyrəni və həmin boşluğu doldurur. Ya həmin ailəni məlumatlandırır, ona yol göstərir, ehtiyac olduqda isə ailənin problemini onun yerinə həll edir.

Nəzərə almaq lazımdır ki, sosial işçi qərarverici bir şəxsdir. Misal üçün, bir əlil arabası var və bu arabanı üç ailədən birinə vermək lazımdır. Sosial işçi müəyyən prioritetlər üzrə hər üç ailəni qiymətləndirir və arabanı daha çox ehtiyacı olan ailəyə verir. Yəni, burada o özü qərar verir.

- Regionlarda əhali tərəfindən sosial işçilərə münasibət necədir, onlara inam varmı?

- Bəli, regionlarda yaşayan əhali tərəfindən sosial işçilərə inam, etimad kifayət qədər yüksəkdir. Hətta dövlət qurumlarının əməkdaşları da sosial işçilərlə əməkdaşlıq edir, onlara dəstək olurlar. Həm dövlət qurumları sevinirlər ki, yaxşı kadrlar gəlib, həm də vətəndaşlar sevinirlər ki, onların problemləri daha tez və rahat şəkildə həll olunacaq. Yəni, sosial işçilər hər iki tərəfin işini yüngülləşdirirlər.

Təbii ki, sosial işçilərin sayı nə qədər çox olsa mövcud problemlər, çatışmazlıqlar da bir o qədər tez həll olunar. Lakin burada da əsas məsələ maliyyə ilə bağlıdır. Sosial işçilərin maaşı, onların yaşayış yeri ilə təmin olunması üçün vəsait lazımdır. Nə qədər çox maliyyə olsa, bu proqram da o qədər genişlənər və sürətlə inkişaf edər.

- Proqramın icrası ilə bağlı hansı dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirsiniz?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq İdarəsi, Təhsil və Səhiyyə nazirlikləri, icra hakimiyyəti orqanları və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Həmin qurumların əməkdaşları hər zaman bizə dəstək olurlar. Proqramla bağlı hazırlanmş videodan da bunu görə bilərsiniz.

- Son illər ölkəmizdə könüllülük institutu inkişaf etməkdədir. Bəs könüllü olaraq, heç bir təmənna güdmədən kömək üçün sizə müraciət edənlər varmı?

- Sevindirici haldır ki, bizim təşkilata da könüllü şəkildə dəstək olmaq istəyənlərin sayı artmaqdadır. Ancaq müraciət edənlərin bir çoxu hansısa bir məqsədlə müraciət edirlər, düşünürlər ki, burada müəyyən bir müddət işlədikdən sonra daimi işlə təmin olunacaqlar. Yəni, daha çox şəxsi mənafelərini güdürlər.

Bununla belə gənclərin UAFA kimi təşkilatlara, onların keçirdikləri layihələrə marağının artması sevindirici haldır. Əsas odur ki, seçdiyin işi sevərək, təmənna güdmədən edəsən. Belə olacağı təqdirdə həm işində uğur qazanacaqsan, həm də işlədiyin təşkilata, quruma böyük faydan, xeyrin dəyəcək.

- Əsas çatışmazlıqlarınız nədən ibarətdir? Maddi imkanlarınız istədiyiniz layihələri, proqramları reallaşdırmağa imkan verirmi?

- Nə qədər böyük bir iş, genişmiqyaslı bir layihə, proqram həyata keçiririksə, bir o qədər də çox vəsait lazımdır. Lakin təəssüf ki, maddi imkanlarımız elə də geniş deyil. Bəziləri belə düşünə bilərlər ki, əgər bu təşkilatı dövlət qurumları dəstəkləyirlərsə, deməli onların çoxlu pulu var. Xeyr, bu heç də belə deyil. Ortada görünməyən çoxlu xərclər var. Adi printerin kartricindən tutmuş benzin xərcləri və s.

Bir ədəd printerin kartrici təxminən 100 dollardır. Dörd ədəd kartric almaq üçün 400 dollar tələb olunur. İşimizlə əlaqədar çoxlu maarifləndirici bukletlər və sair materiallar çap etdiyimizdən hər ay  kartricləri dəyişirik. Bundan başqa tez-tez rayonlara səfər edirik. Bu səfərlər zamanı maşının hansısa bir hissəsi xarab olur. Yəni, bütün bunlar xərc, əlavə vəsait tələb edir. Bu vəsait olmayanda isə isə iş getmir.

- Dövlət qurumlarının sizi dəstəkləməsi sevindirici haldır. Bəs özəl şirkətlər, imkanlı şəxslər sizə dəstək olurlarmı?

- Bizim işimiz tam şəffafdır. Əgər kiminsə bunda şübhəsi varsa gəlib işimizlə tanış ola, pulların hara xərcləndiyini yoxlaya bilər. Hər şeyi dövlətdən gözləmək düzgün deyil. İstəyirik ki, dövlət və yaxud özəl sektoru təmsil etməsindən asılı olmayaraq hər bir vətəndaş dərk etsin ki, UAFA kimi təşkilatları dəstəkləmək çox vacibdir. Çünki bizim kimi təşkilatları nə qədər çox dəstəkləsələr, ölkəmizdə sosial inkişaf da bir o qədər sürətlə gedəcək. Buna görə də özəl sektorun nümayəndələrinə müraciət etmək istəyirəm ki, bizə dəstək olsunlar. Büdcəmizdə nə qədər çox pul olsa, bir qədər çox əlavə işçi cəlb edə və aztəminatlı ailəyə, fiziki əlilliyi olan uşağa yardım edə bilərik.

Azərbaycanda çoxlu sayda həm yerli, həm də xarici şirkətlər fəaliyyət göstərir. Onların sosial məsuliyyət proqramı çərçivəsində müəyyən öhdəlikləri var ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün vəsait ayrılır. Onlar UAFA-ya dəstək olmaqla təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrlə bağlı layihələri, proqramları bizim vasitəmizlə reallaşdıra bilərlər. Yəni, istədikləri istiqaməti seçsinlər və vəsait ayırsınlar ki, həmin proqrama uyğun iş görək. Sonradan isə gördüyümüz işin, xərclədiyimiz vəsaitin aylıq, rüblük, illik hesabatlarını onlara təqdim edək. Belə olacağı təqdirdə şirkət pullarını səmərəli şəkildə istifadə etməklə istədiyi layihənin, proqramın yüksək səviyyədə icra edilməsinə nail olacaq.

İstəyirik ki, dövlət qurumları ilə yanaşı özəl şirkətlər, sadə vətəndaşlar da sosial problemlərin həll olunmasında yaxından iştirak etsinlər. Bu problemlərin yaranmasının bir səbəbi də bizim fəaliyyətsizliyimiz, laqeyd münasibət göstərməyimizdir.

Təəssüf ki, bu gün xeyriyyə məqsədilə pul xərcləyən imkanlı insanların sayı çox azdır. Necə olur ki, Ancelina Coli, Bred Pitt, Mark Zukerberq, Bill Qeyts kimi imkanlı insanlar təhsilə, səhiyyəyə, milyonlarla pul xərcləyir, xeyriyyəçiliklə məşğuldurlar? Axı bunları etməyə heç kim onları məcbur etmir. Onlar özləri istəyərək bunu edirlər. Bizim də Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi insanlarımız olub. İndiyə kimi onu xatırlayır, haqqında xoş sözlər deyirik. Tarixə düşmüş bir şəxsiyyətdir. Bəs bu gün niyə belə insanların sayı yox səviyyəsindədir? Axı heç kim o biri dünyaya heç nə aparmayacaq. Kiminsə imkanı varsa xeyirxah işlər görə və bununla da böyük savab qazana bilər.

Bizim başlatmış olduğumuz “Sosial işçi” proqramı da məhz insanlara yardım etməyi, onların üzləşdikləri sosial problemləri həll etməyi qarşısına məqsəd qoyub. Çox istəyərdim ki, bu proqram genişlənsin və bütün regionları əhatə etsin. Çünki bu proqram regionlarda əhalinin sosial problemlərinin həlli üçün çox vacibdir. Eyni zamanda biz bu proqramı reallaşdırmaqla dövlətə, onun həyata keçirdiyi islahatlara da dəstək vermiş olarıq.

Babək Cahandarov

Paylaş:
6975

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər