“Səni deyirlər”in ifaçısı: “O qızın aqibətindən xəbərim yoxdur” – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

“Səni deyirlər”in ifaçısı: “O qızın aqibətindən xəbərim yoxdur” – VİDEO

15:19 - 17 / 10 / 2018
“Səni deyirlər”in ifaçısı: “O qızın aqibətindən xəbərim yoxdur” – VİDEO

Cənubi Azərbaycandan olan və "Səni deyirlər" mahnısı ilə şöhrət qazanan müğənni İbrahim Əlizadə Bakıya gəlib. Onun Bakıya gəlişində məqsəd "The First" beynəlxalq mükafatının təqdimetmə mərasimində iştirak etməkdir.

Ölkəmizdə olan müğənni Sputnik Azərbaycan-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- İbrahim, "Səni deyirlər" mahnısı bir neçə il əvvəl yazılıb, bəs niyə, məhz indi bu qədər populyarlaşıb?

— Düzünü desəm, bu, mənim özümə də maraqlıdır. Heç vaxt düşünməzdim ki, o qədər vaxt keçəndən sonra bu mahnı nəinki İranda, hətta onun sərhədlərindən kənarda belə, populyar olacaq. Heç belə bir arzum da olmayıb. Bu kompozisiya başqa sözlərlə 30-40 ildir ifa edilir. Onun əsas ifaçıları Məhəmmədəli Məhbubi, Sulduz Qarapapaq və başqaları olub. Onların hər biri həm müğənni, həm də şair olublar. Ona görə də, hərəsi bu kompozisiyanı öz sözləri ilə oxuyublar. Məhz "Səni deyirlər"in sözlərinin müəllifi mən özüməm. Artıq dörd ildir ki, bu mahnını İran toylarında oxuyuram.

- Bəs siz, ümumiyyətlə, neçə ildir mahnı oxuyursunuz?

— Haradasa, 12 ildir. Lakin bu mahnıya qədər İrandan kənarda məni heç kəs tanımayıb. Mən, əsasən İran toylarında çıxış etmişəm və indi də edirəm.

- Artıq sirr deyil ki, sizin bu mahnınız, iranlı gənc qız onun sədaları altında küçədə rəqs edəndən sonra populyarlaşıb. Heç maraqlanmısınızmı ki, bu çarxdan sonra o qızın taleyi necə olub?

— Mən o qıza minnətdaram ki, o, mənim mahnımın sədaları altında rəqs edib və bu kompozisiyanın məşhurlaşmasına köməklik göstərib. Mənim vətənimdə — İranda rəqs etmək qadağan deyil. Lakin qapalı yerlərdə və qadınlar arasında rəqs etməyə icazə var. Bizdə rəqs etmək küçədə, bazarda və digər ictimai yerlərdə qadağandır. Düzünü desəm, mən heç maraqlanmamışam ki, bu qızın axırı necə olub.

- "Səni deyirlər" mahnısını hazırlayanda sizin hansısa başqa məqsədiniz olub, yoxsa sadəcə bununla insanları əyləndirmək istəmisiniz?

— Mən bu mahnı ilə İranın gözəl şəhərlərindən biri olan Urmiyanı tərənnüm eləmişəm. Bu şəhər Urmiya gölünün Qərb sahilində yerləşir. O, öz təbiəti, gözəlliyi, gözəl qızları və bazarları ilə məşhurdur. Mənim məqsədim toylarda insanları əyləndirmək olub.

- İranda bu mahnı ilə bağlı hansısa təqyiqlərə məruz qalmısınız?

— Yox. Əksinə, bizdə müğənnilərə hər cür şərait yaradılır. Şadam ki, istər "Səni deyirlər"i, istərsə də digər mahnılarımı maneəsiz olaraq oxuya bilirəm.

- Biznes nöqteyi-nəzərindən İranda Azərbaycan dilində olan mahnı gəlir gətirirmi?

— Cənubi Azərbaycanda Azərbaycan dilində oxuyan çoxsaylı müğənnilər var. Orada bizi hər kəs dəstəkləyir və bizə toylarda oxumağa şərait yaradırlar. Bizdə Azərbaycan mahnılarını çox sevirlər. Mən təkcə Azərbaycanın xalq mahnılarını deyil, eləcə də sizin müğənnilərin çoxunun repertuarından olan mahnıları da oxuyuram. Toylardan gələn gəlirlərimdən razıyam. Ən əsası odur ki, o pulları halal zəhmətlə qazanıram.

- Azərbaycan dilində mahnı oxuyan müğənnilər İranda konsert verən zaman hansısa problemlərlə qarşılaşırlarmı? Onlar konsertlərində zalı doldura bilirlərmi?

— Düzünü deyim ki, mən heç vaxt konsertdə çıxış etməmişəm. Hələ ilk addımlarımı atıram, ona görə də mənə bu barədə düşünmək tezdir. Ola bilsin, gələcəkdə arzularımı reallaşdıra biləcəyəm və öz tamaşaçılarımı toplayacağam. Lakin mənim həmkarlarım tez-tez konsertlər verirlər. Bizdə müğənnilərə qarşı heç bir təzyiq yoxdur, əksinə, onlar üçün hər cür şərait yaradılır. Konsertlərin təşkilatçıları istəyirlər ki, bizim xalq şənlənsin, əylənsin. Çox ümid edirəm ki, böyük həmkarlarım öz tamaşaçılarımı bir yerə toplamaq istədiyimdə mənə dəstək verəcəklər.

- Azərbaycanda konsert verməyi planlaşdırırsınız?

— Planlar var. Mən Azərbaycanda konsert verməyi çox istərdim. Hələ ki, bu barədə yalnız düşünürəm. Mənim əsas məqsədim öz vətənimdə, xüsusilə də Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə konsertlər verməkdir. Yalnız bundan sonra ümid edirəm ki, Azərbaycana gəlib çıxacağam.

- Bu mahnı məşhurlaşandan sonra sizi başqa ölkələrə dəvət edən olub?

— Əlbəttə, dəvətlər çoxdur. Amma bunu mən özüm təkbaşına həll etmirəm. Bu, təkcə məndən asılı deyil.

- Azərbaycanda xeyli müğənni sizin bu məşhur mahnınızı oxumağa başlayıb. Buna münasibətiniz necədir?

— Bu mahnını uzun illər əvvəl çox sayda iranlı müğənni oxuyub və ona görə də, deyə bilmərəm ki, bu, mənim şəxsi mülkiyyətimdir. Əksinə, çox sevinirəm ki, azərbaycanlılar və digər xarici ölkələrin müğənniləri mənim kompozisiyamı bəyənib oxuyurlar. İstəyirəm ki, xalqımız həmişə sevinsin.

- Sizi Azərbaycanda toylara dəvət edənlər olub?

— Təkliflər, dəvətlər çoxdur, amma mənim sadəcə vaxtım yoxdur. İranda bizim çoxlu toylarımız var. Ona görə də, bura gəlmək üçün gərək mən o toylardan imtina edəm. Mənsə belə etmək istəmirəm. Ayın 30 gününü məclislərdə oxuyuram. Vətənimdə çıxış etmək mənim üçün pul qazanmaqdan daha önəmlidir. Gələcəkdə tez-tez Azərbaycan toylarında da çıxış etmək niyyətim var.

- Hazırda nə üzərində işləyirsiz?

— Layihələrim çoxdur. Mənim çox sayda öz mahnılarım var. Onları yazdırmaq istəyirəm. Düşünürəm ki, əgər yazdırsam, onlar da "Səni deyirlər" qədər populyar olacaq.

1news.az

Paylaş:
3359

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər