Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək – TƏHLİL

13:45 - 15 / 01 / 2019
Struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü edəcək – TƏHLİL

Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində yeniləşməsi dövlət idarəçiliyi sistemininin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev struktur islahatının gözlənildiyini bildirərək bunun idarəetmədə strukturunun köhnəlməsi zərurətindən irəli gəldiyini söyləyib. Onun sözlərinə görə, yeni idarəetmə strukturu daha çevik, daha yığcam, daha məqsədyönlü olmalıdır.

İclasdan üç gün sonra, yanvarın 14-də isə Prezident İlham Əliyev tərəfindən struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edildi.

Belə ki, dövlət başçısının Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edilib. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Bundan başqa, ölkə Prezidenti müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı da fərman imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla, həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.

Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. 

Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Dövlət başçısının apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkiaşfına xidmətə yönəldir.

Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə,  “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstəməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi  və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcək.

Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. 

Struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır. Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xəttidir.

Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılmışdır. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar almışdır. Bu isə  o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.

Struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökümət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.

Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşmış və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoymuşdur. Təkcə, bu fakt onu gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşmışdır. 

Struktur islahatları nəticə etibarı ilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin yaradılması deməkdir. 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin güclənməsini və beləliklə, ölkənin dinamik və tarazlı inkişafını təmin edir.

Millət vəkili, iqtisadçı Aydın Hüseynov 1news.az-a bildirib ki, Prezidentin imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı bu gün artıq özünün daha böyük bir inkişaf, eyni zamanda yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın bu yeni mərhələsi isə çeviklik, paralel strukturların aradan qaldırılmasını, effektivlik tələb edir.

Millət vəkili vurğulayıb ki, bu sənədin ən böyük əhəmiyyəti ilk növbədə biznes mühütinin yaxşılaşdırılması, digər tərəfdən qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunması, valyuta gətirən mənbələrin daha da təkminləşməsindən ibarətdir. Bu kimi çağırışlar artıq yeni strukturlara yeni baxış tələb edir. Eyni zamanda atılan bütün addımlar vətəndaşların maraqlarına, onların sosial rifah halının daha da yüksəldilməsinı xidmət edir.

A.Hüseynov əlavə edib ki, buna görə də yeni struktur islahatları, bir-birini təkrarlayan və hətta bəzən bir-birinə mane olan bəzi strukturların ləğv edilməsi vacib idi:

“Bu islahatlar rəqabətqabiliyyətliliyi artırır, bazar mühitini daha da formalaşdırır. Bu günün çağırışları, həmçinin iqtisadi çağırışlar, hədəflər cənab Prezidentin belə struktur islahatları aparmasını vacib edən amillərdəndir”.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə aparılan struktur islahatları əslində 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir. Azərbaycanın dinamik və hərtərəfli inkişaf edən bir ölkə olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu inkişaf daha çevik struktura malik optimal idarəetmə tələb edir:

“Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək.

Millət vəkilinin fikrincə, aparılan islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq:

“Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist səciyyəsi daima yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabətqabiliyyətliliyini artırır. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir. Əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda da buna şahidlik edirik”.

H.Babaoğlu məsələnin ən vacib tərəflərindən biri kimi indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca əlverişli biznes mühitinin yaranmasını göstərib:

“Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atıla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentralizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək”.

P.Sultanova, B.Cahandarov

Paylaş:
1356

Son xəbərlər

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36
Bütün xəbərlər