Uğurun sirri: Rüstəm Həşimovu Masallıdan Facebook-a gətirən yol – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Uğurun sirri: Rüstəm Həşimovu Masallıdan Facebook-a gətirən yol – FOTO

16:35 - 13 / 12 / 2018
Uğurun sirri: Rüstəm Həşimovu Masallıdan Facebook-a gətirən yol – FOTO

“Bizimkilər xaricdə” layihəsinin növbəti qonağı “Facebook” şirkətində proqram təminatı üzrə baş mühəndis vəzifəsində işləyən gənc soydaşımız Rüstəm Həşimovdur.

Bakıda 4-7 dekabr tarixlərində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçirilmişdi. Təşkilatçılar ilk dəfə olaraq sərgi çərçivəsində yeni müzakirə platforması “Bakutel Tech Talks” proqramını təşkil etdilər. Tədbirin birinci sessiyası “Bizimkilər” adlanırdı. Məhz bu sessiyaya  üçün xüsusən təşkilatçılar tərəfindən məruzəçi qismində: “LG Electronics”, “Google” və “Facebook” kimi dünyaca məşhur İT şirkətlərində, eləcə də Niderland Krallığının Leyden Qabaqcıl Kompyuter Elmləri İnstitutu (LIACS) və Avropa Nüvə Araşdırmaları Təşkilatında (“CERN”) çalışan həmvətənlərimiz dəvət olunmuşdur. Məruzəçilər arasında çıxış edən R.Həşimov 1news.az-a müsahibə verib. O, müsahibəsində təhsili, dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Facebook”-dakı işi, şəxsi həyatı və gələcək planlarından danışıb.

Həmin müsahibəni təqdim edirik.

- Özünüz barədə məlumat verərdiniz.

- Masallı rayonunun Ərkivan kəndində anadan olmuşam. Orta məktəbə Ərkivan məktəbində getmişəm, sonra təhsilimi Lənkəran liseyində davam etdirmişəm. Daha sonra Ankaranın ODTÜ universitetində (Orta Şərq Texniki Universiteti) kompüter mühəndisliyi üzrə təhsil aldım.

- Səhv etmirəmsə, “Facebook”dan öncə “Microsoft” şirkətində işləməyə başlamısınız. Necə oldu ki, həmin şirkətdə işləmək təklifi aldınız?

- “Microsoft” şirkətinin nümayəndələri təcrübə keçmələri üçün işçi götürmək məqsədilə Türkiyəyə gəlmişdilər. Mən də müsahibədən uğurla keçərək “Microsoft” şirkətində təcrübəçi kimi işləmək imkanı qazandım və 3 ay “Microsoft”un baş ofisində işlədim. Təcrübə müddətini başa vurandan sonra daimi iş təklifi aldım. Türkiyəyə qayıdıb universitet təhsilimi başa vurandan sonra ABŞ-a köçdüm. Bir müddət “Microsoft”da işlədikdən sonra “Facebook”da işləməyə başladım.

- İT sahəsinə maraq sizdə uşaqlıqdan var idi, yoxsa sonradan yarandı?

- Uşaqlıqdan riyaziyyat, fizika fənlərinə, texnologiyaya böyük marağım olub. Ailəmdə mühəndislərin çox olması da İT sahəsinə marağımın yaranmasında böyük rol oynayıb.

- “Facebook”da sizdən başqa da azərbaycanlılar işləyirmi?

- Mənimlə birgə “Facebook”-da başqa azərbaycanlılar da işləyir. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində işlədikləri sahədə ciddi uğurlar qazanan azərbaycanlılar var. Onların arasında tandığım xeyli insan var ki, daim bir-birimizlə əlaqə saxlayırıq. “Facebook”, “Microsoft”, “Amazon”, “Google” kimi nüfuzlu şirkətlərdə də azərbaycanlılar işləyir. İnanıram ki, həmin şirkətlərdə işləyən soydaşlarımızın sayı daha da artacaq.

- Bu gün milyonlarla insan Facebook-dan istifadə edir. Belə böyük bir şirkətdə proqram təminatı üzrə baş mühəndis vəzifəsində işləmək çətin deyil ki?

- Ümumiyyətlə, harada işləməyinizdən asılı olmayaraq uğurlu olmaq üçün tələb olunan xüsusiyyətlər demək olar ki, eynidir. İşinə ciddi yanaşan, dürüst və məsuliyyətli olan, çox çalışan hər bir insan gec-tez uğur qazanacaq. Azərbaycanda insanların, xüsusən də gənclərin riyazi bilikləri çox yüksəkdir. Buna görə də inanıram ki, gələcəkdə daha çox azərbaycanlı gənc dünyanın nüfuzlu şirkətində çalışacaq.

- Necə düşünürsünüz, azərbaycanlı gənclərin “Microsoft”, “Facebook” kimi nüfuzlu şirkətlərdə işləməsinə əngəl olan başlıca səbəblər hansılardır?

- Sadəcə hazırda bir az informasiya qopuqluğu var. Bu da əsasən uzun müddət SSRİ-nin tərkibində olmağımızla bağlıdır. 70 il qapalı rejimdə yaşamışıq. İngilis dilini yeni-yeni öyrənməyə başlamışıq. Lakin tədricən hər şey müsbətə doğru dəyişir. İnternetin keyfiyyəti artır. Hətta rayonlarda belə insanlar internetdən istifadə edirlər. Bütün bunlar isə gələcəyə daha böyük ümidlə baxmağa imkan verir.

- Yəqin işlədiyiniz müddətdə tez-tez maraqlı hadisələrlə qarşılaşırsınız.

- “Facebook” kimi böyük şirkətdə işləməyin gözəl tərəfi odur ki, yazdığı kod milyonlarla, milyardlarla insan tərəfindən istifadə olunur. Məsuliyyəti də odur ki, səhv edəndə həmin səhvdən milyonlarla insan zərər görür. Bəzən belə hallar olur ki, servisdə problem olur və servis çökür. Yaranmış problemi aradan qaldırmaq üçün gecədən səhərə qədər işləməli oluruq.

- Bildiyimiz kimi, ABŞ çoxmillətli ölkədir. Belə bir cəmiyyətə uyğunlaşmaq, burada karyera sahəsində uğur qazanmaq sizin üçün çətin olmadı ki?

- Qeyd etdiyiniz kimi, Amerika immiqrantlar ölkəsidir. Təbii ki, ingilis dilini yaxşı bilmədən ora gedən hər bir insan müəyyən çətinliklərlə qarşılaşa bilər. Lakin burada qıraqdan, başqa ölkədən gələni həmişə xoş qarşılayırlar. İşlədiyim yerlərdə başqa ölkələrdən çoxlu insanlar olub. Buna görə də hər kəs bir-birinə qarşı hörmətlə yanaşır.

- ABŞ-da yaşayan soydaşlarımızla əlaqələriniz necədir?

-  Yaşadığım şəhərdə çoxlu soydaşlarımız var. Tez-tez onlarla bir araya gələrək bir-birimizə kömək edirik, adət-ənənələrimizi yaşadırıq. Orada azərbaycanlıların çox olması mənə həm mənəvi, həm də karyeram baxımından xoşdur. Çünki işində uğur qazanan bir soydaşımız sabah mənə də dəstək verə bilər. Ona görə də düşünürəm ki, hamı bir-birinə nə qədər çox kömək olarsa hər birimizə də bir o qədər faydalı olar.

- İşlədiyiniz şirkətdə rəhbərliyin işçilərə qarşı münasibəti necədir?

- Müasir şirkətlərin yaxşı tərəfi odur ki, fərdi olaraq hər bir işçiyə böyük məsuliyyət verilir. Yəni, gənc olmağınıza və təcrübənizin az olmasına baxmayaraq işə başladığınız andan sizə böyük inam var. Sizi dəyərli biri kimi qiymətləndirirlər və fikirlərinizə böyük hörmətlə yanaşırlar. Bu da sizə böyük güc verir.

- İşdən kənar asudə vaxtınızı necə keçirirsiniz?

- Hər kəs kimi asudə vaxtlarımı səmərəli keçirməyə çalışıram. Əsasən futbol, bəzən də domino və kompüter oyunları oynayırıq.

- Gələcək planlarınız nədən ibarətdir? Gələcəkdə İT sahəsində Azərbaycanda iş qurmağı düşünürsünüzmü?

- İlk öncə çalışdığım şirkətdə uğur qazanmağı qarşıma məqsəd qoymuşam. Buna paralel olaraq Azərbaycanda gəncləri də bu sahəyə yönləndirməyi düşünürəm. Əgər Amerikada uğurlu bir biznes quraramsa, təbii ki, Azərbaycanda da biznesimiz bir filialını yaratmaq istəyərəm.

- İT sahəsində uğur qazanmaq istəyən gənclərə məsləhətiniz nədən ibarətdir?

- Məsləhətim odur ki, onlayn qaynaqlardan istifadə etsinlər, xarici dil öyrənsinlər, daim oxusunlar və yeni biliklərə yiyələnsinlər. İşinə ciddi yanaşan, çox çalışan insan gec-tez öz zəhmətinin bəhrəsini görəcək.

Sonda isə, “Bakutel” sərgisinin təşkilatçısı olan Caspian Event Organisers şirkətinə “Bakutel Tech Talks” tədbirində iştirak etdiyim üçün öz dərin təşəkkürümü bildirmək istərdim. Bu tədbir mənə yeni əlaqələr qurmağa, yeni insanlarla tanış olmağa, öz təcrübəmi bölüşməyə imkan yaratdı. Ümid edirəm ki, Tech Talks hər il Bakutel sərgisi çərçivəsində keçiriləcək.

Babək Cahandarov

Paylaş:
2819

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər