1news.az

Vüqar Bayramov: Azərbaycan bütün makroiqtisadi göstəricilərdə artım tempini qoruyub saxladı

11 İyul saat 16:20 ~ 2 dəqiqəlik oxu 55
Vüqar Bayramov: Azərbaycan bütün makroiqtisadi göstəricilərdə artım tempini qoruyub saxladı

Bu ilin birinci yarısının iqtisadi göstəricilərinə nəzər saldıqda görərik ki, Azərbaycan bütün makroiqtisadi göstəricilərdə artım tempini qoruyub saxladı.

Bu fikirləri 1news.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“İqtisadi sahədə tendensiya müsbətdir. Bütün sahələrdə artım müşahidə edilir. Diqqət çəkən əsas məqamlardan biri inkişafın daha çox qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artıbsa, qeyri-neft sektorunda artım 2 faiz təşkil edib. O cümlədən sənaye istehsalı 1 faiz artıbsa, qeyri-neft sənayemiz 8,8 faiz artıb.

Digər müsbət məqam icracın, xüsusən də qeyri-neft ixracının artmasıdır. Xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bunun da nəticəsində xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar təşkil edib ki, bu da makroiqtisadi stabilliyin qorunması üçün real zəmin yaradır.

Yarım ilin ən vacib göstəricilərindən biri strateji valyuta ehtiyatlarının artım tempinin qorunub saxlanmasıdır. Bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. Azərbaycan azsaylı ölkələrdəndir ki, onnu strateji valyuta ehtiyatları ümumi iqtisadiyyatın həcmindən daha böyükdür”.

Prezidentin çıxışı zamanı müsbət məqamlarla yanaşı bir sıra çatışmazlıqları da qeyd etdiyini deyə V.Bayramov bildirib ki, çatışmazlıqlar daha çox sosial sahədə buraxılan nöqsanlarla bağlıdır. İqtisadçı ekspert bu nöqsanların aradan qaldırılması üçün dövlət başçısının tapşırıqlar verdiyini də sözlərinə əlavə edib:

“Dövlət başçısının da dediyi kimi, bəzi hallarda sosial yardım ona ehtiyacı olan insanlara deyil, başqa şəxslərə verilib. Bu da qeyri-sağlam mühitin, qeyri-sağlam rəqabətin yaranması deməkdir. Eyni zamanda şəhərin infrastrukturuna xələl gətirən qanunsuz tikintilərin aparılması və onların söküntüsü zamanı kompensasiyanın verilməsi nəticəsində dövlət büdcəsinə ziyan dəyir. Bu və digər  çatışmazlıqları və nöqsanları da qeyd edən dövlət başçısı onların aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verdi.

Prezident İlham Əliyev gömrük və vergi sistemində sağlam rəqabətin formalaşması ilə də bağlı tapşırıqlar verdi. Bu tapşırıqlar özündə sırasına proseduraların sayının azaldılması, şəffaflığın artırılması, sahibkarlarla tərəfdaşlığın möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi kimi mühüm məsələləri əhatə edir. Bu da bizə ümid verir ki, mövcud nöqsan və çatışmazlıqlar tədricən aradan qaldırılacaq və ölkəmizin iqtisadiyyatı daha sürətli templə inkişaf edəcək ”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net