Xalq artisti Yuri Baliyev vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Teatr sənətinin tanınmış nümayəndəsi, istedadlı teatr və kino aktyoru, Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Baliyev Yuri Nikolayeviç 2018-ci il mart ayının 27-də 69 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Yuri Baliyev 1949-cu il iyul ayının 22-də Rusiyanın İzberq şəhərində anadan olmuşdur. O, 1975-ci ildə F.Volkov adına Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (V.Şekspir “Kral Lir”), Roqojin (F.Dostoyevski “Əbləh”), Şamrayev, Smirnov (A.Çexov “Qağayı”, “Ayı”), Kapitan Bernardo (L.de Veqa “Nə yardan doyur, nə əldən qoyur”), Koşon (J.Anuy “Torağay”), Semyon (İ.Babel “Qürub”), Marko (A.Miller “Körpüdən mənzərə”), Bertye (F.Brukner “Napoleon 1”), Çingizxan (M.Şaxanov “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri “Burla Xatun”), Farisey (A.Volodin “İsanın anası”), Zabit, Həkim (Elçin “Cəhənnəm sakinləri”, “Teleskop”), Professor (N.Rəsulzadə “Nonsens”), Kazarin (M.Lermontov “Maskarad”), Qonaq (N.Gəncəvi “Yeddi gözəl”), Çuqunov, Lupaçov (A.Ostrovski “Qurdlar və quzular”, “Gözəl kişi”), Burqomistr (V.Korkiya, A.Lavrin “Kazanova: sevgi dərsləri”), Knyaz Didiani (Q.Səid “Əli və Nino”), Maks (V.Denisov “Sanset bulvarı”) və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.
İstedadlı aktyor “Babək”, “Tehran-43”, “Ovsunçu”, “Hökmdarın taleyi”, “Nigarançılıq”, “Küçələrə su səpmişəm”, “Arxada qalmış gələcək”, “Aktrisa”, “Sübhün səfiri”, “Qanlı Yanvar”, “Qala” bədii filmlərində uğurla çəkilib.
Milli teatr sənətinin inkişafında bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsü idi.
Unudulmaz sənətkar, gözəl insan Yuri Baliyevin əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Rus Dram Teatrı