Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar | 1news.az | Xəbərlər
Siyasət

Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

15:33 - 26 / 04 / 2018
Yeni Baş nazir: ziyalı, sədaqətli, məsuliyyətli və peşəkar

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclis Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin edilməsinə razılıq verdikdən sonra, bu hadisə ilə bağlı müsbət fikirlər səsləndirilir, təyinatın uğurlu olduğunu sübut edən kifayət qədər faktlar göstərilir. Doğrudan da, Novruz Məmmədovun həyat və fəaliyyətinə nəzər salanda, öz zəhməti və biliyi ilə keçdiyi yolun məzmunu Baş nazir vəzifəsinə tam layiqli kadr olduğu qənaətini yaradır.

Özünün də dəfələrlə etiraf etdiyi kimi, Ulu öndər Heydər Əliyevin yanında işləməsi bütün həyat kredosunu müəyyənləşdirib və onun üçün böyük məktəb olub. Novruz Məmmədov bütün fəaliyyəti boyu məsuliyyəti, ünsiyyət mədəniyyəti, biliyi, nizam-intizamı, yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı və qətiyyətli vətəndaş mövqeyi ilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev ona yüksək və məsuliyyətli vəzifə etibar etməklə kadr təyinatında çoxsaylı faktorları dəqiqliklə nəzərə aldığını bir daha nümayiş etdirib. Bütün bunlar Novruz Məmmədovun yeni yüksək vəzifədə uğurla fəaliyyət göstərəcəyi barədə fikir yürütməyə əsas verir.

Heydər Əliyev məktəbi: Baş nazirin şəxsi və peşə keyfiyyətləri haqqında

Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Dövlət başçısı bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeləri nəzərə alır. Cənab İlham Əliyevin növbəti müddətə Prezident seçilməsindən sonra yeni hökuməti məhz həmin prinsiplər üzrə formalaşdıracağı heç kəsdə şübhə doğurmurdu.

Prezident İlham Əliyev vitse-prezidentlik institutunu yaradanda ekspertlər bunu vaxtında atılmış çox düzgün addım kimi dəyərləndirdilər. Nazirlər Kabinetinin yeni tərkibinin layiqli kadrlardan formalaşdırılması haqqında da eyni fikri söyləmək olar. Baş nazir vəzifəsinə Novruz Məmmədovun təyin olunması bu baxımdan xüsusi vurğulanmalıdır.

Məsələ ondan ibarətdir ki, Novruz Məmmədov uzun illərdir yüksək dövlət vəzifələrində səmərəli fəaliyyəti ilə özünü doğrultmuş peşəkar kadrdır. Ulu öndər Heydər Əliyev Novruz Məmmədovun fəaliyyətinə yüksək qiymət verərək ona tədricən daha məsuliyyətli və dövlətçilik baxımından əhəmiyyətli vəzifələr tapşırırdı. Ekspertlərin vurğuladığı əsas məqamlardan biri odur ki, Novruz Məmmədov həm də təhsil və elm sahəsində uğur qazanmış ziyalılardandır. Azərbaycanın yeni Baş naziri professordur, uzun müddət ali təhsil müəssisəsində məsul vəzifə tutub. Bir neçə xarici dil bilir – fransız, ingilis, rus və türk dillərində mükəmməl biliyə malikdir. Vaxtilə Ulu öndər Heydər Əliyevin tərcüməçisi işləməsi, təbii ki, Novruz Məmmədov üçün böyük məktəb olub.

Bundan başqa, Novruz Məmmədov uzun müddət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə rəhbərlik edib, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi işləyib. Hazırda beynəlxalq münasibətlər üzrə yüksək səviyyəli mütəxəssis kimi tanınan Novruz Məmmədov müasir geosiyasətin nəzəri və praktiki məsələlərinə dair bir neçə kitabın müəllifidir. Bu kitablardan tələbələr və gənc mütəxəssislərlə yanaşı, diplomatlar və tədqiqatçılar da faydalana bilirlər.

Yeni Baş nazirin bioqrafiyasında diqqət çəkən daha bir məqam onun sadə və zəhmətkeş ailədə böyüyüb boya-başa çatmasıdır. Novruz Məmmədovla birlikdə çalışan insanların hamısı onu ünsiyyətcil, işini dərindən bilən, səmimiliyi, mədəni davranışı, zəhmətkeşliyi, alicənablığı və müasirliyi ilə fərqlənən insan kimi səciyyələndirirlər. Göründüyü kimi, onun kadr kimi peşəkarlığı, yüksək insani keyfiyyətləri bir-birini tamamlayır və harmoniya yaradır. O, daim axtarışdadır və özünü təkmilləşdirməyə çalışır.

Bütün bunların üzərində niyə bir qədər detallı dayanırıq? Çünki dövlət başçısı İlham Əliyevin kadr seçimində zərgər dəqiqliyi ilə qərar qəbul etdiyini və bu zaman çoxsaylı faktorlara önəm verdiyini dərk etmək gərəkdir. Prezident kadrların peşəkar səviyyəsi ilə yanaşı, onların dövlətçiliyə sədaqətini, mədəni səviyyəsini, biliyini və əxlaqını da nəzərə alır.

Digər tərəfdən, bir sıra dairələrin azərbaycanlı məmurlar haqqında reallığa uyğun olmayan təsəvvürlər formalaşdırmasına imkan vermək olmaz. O cümlədən Azərbaycanın yeni Baş nazirinin hansı müsbət keyfiyyətlərə malik olduğu barədə hər kəsin konkret təsəvvürü olmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində ziyalı, savadlı, yüksək ünsiyyət mədəniyyətinə malik və işini yaxşı bilən insanlara üstünlük verirlər. Novruz Məmmədovda bu keyfiyyətlərin hamısı vardır.

Bu kontekstdə qonşu dövlətlərin kadr siyasətinə də nəzər salmaq yerinə düşər. Bu dövlətlərdə yüksək vəzifələrə gətirilən kadrlar sırasında elm və təhsil sahəsində çalışmış, elmi rütbəsi və elmi dərəcəsi olanları xüsusi vurğulayırlar. Çünki XXI əsr intellektlərin, zəkaların və mədəniyyətlərin yarışı dövrüdür. Azərbaycanda da Baş nazirin məhz həmin keyfiyyətlərə malik insan olması qürurvericidir. Bu reallığı bir kənara qoyub, həqiqətdən çox uzaq fikirlər səsləndirən, yaxud yanlış rəy formalaşdırmağa cəhd edən hər kəsi öz vicdanının mühakiməsinə buraxırıq.

Sabaha inamla: gələcək fəaliyyətin əsas istiqamətləri

Novruz Məmmədov Milli Məclisin onun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verməsindən sonra parlamentdəki çıxışı zamanı deyib: "Baş nazir vəzifəsi çox çətin, lakin şərəfli vəzifədir. Dövlətimizin başçısı İlham Əliyev ilə birlikdə işləmək çox şərəflidir". Bu, dövlətçilik baxımından yüksək bir mövqedir. Təbii ki, Baş nazir öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir və eyni zamanda, dövlət başçısının bütün tapşırıqlarını dəqiq yerinə yetirməlidir. Novruz Məmmədovun dövlətçiliyə sadiq kadr kimi bu vəzifələrin öhdəsindən layiqincə gələcəyi qətiyyən şübhə doğurmur. Bu məqamı onun Azərbaycan dövlətçiliyi ilə bağlı ifadə etdiyi fikirlərdən də aydın duymaq olar: "Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Azərbaycan ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin ikinci onilliyində dünyada gərgin proseslərin getdiyi belə bir vəziyyətdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davam etdirilməsi bizim hər birimizin qarşısında çox böyük vəzifələr qoyur". Novruz Məmmədov fikirlərinə davam edərək, bunun çox çətin vəzifə olduğunu və onun öhdəsindən gəlmək üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə, dövlət və hökumət strukturları, eyni zamanda, Milli Məclis ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini bəyan edib: "Çalışacağam ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək".

Bu fikirlərdəki məntiqə diqqət yetirsək görərik ki, Novruz Məmmədov üzərinə düşən vəzifənin vacibliyini, Ulu öndərin müəyyənləşdirdiyi dövlət quruculuğu kursunun alternativsizliyini və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək məsuliyyətini dərindən dərk edir. Şübhəsiz, bütün bunlar müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərmək üçün ən zəruri keyfiyyətlərdəndir.

Novruz Məmmədov uzun müddət xarici siyasət məsələləri ilə məşğul olan şəxs kimi, əldə etdiyi təcrübədən də yararlanacağını bildirib. Heydər Əliyev məktəbinin layiqli yetirmələrindən biri olan yeni Baş nazir ötən müddətdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə siyasət, energetika, idman, mədəniyyət, multikulturalizm sahələrində mühüm beynəlxalq layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Bütövlükdə ölkəmizin beynəlxalq əməkdaşlığa çox böyük töhfələr verdiyini deyən Novruz Məmmədov yaxın gələcəkdə Avrasiyanın ən böyük nəqliyyat qovşağının məhz Azərbaycan olacağına əminliyini ifadə edib.

Bütün bunlardan çıxış edən yeni Baş nazir deyib: "Mənim qarşımda duran əsas vəzifə Azərbaycanın iqtisadi sahədə bu günə qədər əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır".

Beləliklə, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan Novruz Məmmədov dövlət siyasətinin incəliklərinə dərindən bələddir. O, həm hazırkı mürəkkəb şəraitdə beynəlxalq əlaqələri, beynəlxalq iqtisadi münasibətləri və onların diktə etdiyi siyasi prosesləri dərindən analiz etmək, düzgün nəticələr çıxarmaq bacarığına, həm də ölkənin daxili strateji məqsədləri haqqında hərtərəfli biliyə malik bir dövlət məmurudur. Onun cəmiyyətdəki nüfuzu kifayət qədər yüksəkdir. Hər kəs Novruz Məmmədovun Azərbaycanın dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən birinə çevrilməsi üçün Baş nazir kimi əlindən gələni əsirgəməyəcəyinə inanır.

Biz, Novruz Məmmədova bu məsuliyyətli yüksək vəzifədə uğurlar arzulayırıq!

Newtimes.az

Paylaş:
575

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər