Co Bayden: ABŞ İŞID, PKK və digər terrorçu təşkilatların tam zərərsizləşdirilməsinin tərəfdarıdır
ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfəri çərçivəsində Çankaya köşkündə Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb.
Görüşdən sonra vitse-prezident və Baş nazir birgə mətbuat konfransı keçiriblər.
Türkiyədə dövlət çevrilişinə edilən cəhdə, ölkədə davam edən terror aktlarına, regional proseslərə toxunan Co Bayden bildirib ki, onun dövləti İŞID, PKK və digər terrorçu təşkilatların tam zərərsizləşdirilməsinin tərəfdarıdır.
Dövlət çevrilişi cəhdini pisləyən vitse-prezident qeyd edib ki, ABŞ hökuməti bu işdə əli olanların Türkiyə hökumətinə verilməsi üçün mümkün olan hər şeyi edəcək.
“Bizim hüquqşünaslar hazırda bu istiqamətdə türkiyəli həmkarları ilə birgə çalışırlar. Bütün məlumatlar araşdırılır”,- deyə C.Bayden vurğulayıb.
Binəli Yıldırım Türkiyə hökumətinə verdiyi dəstəyə görə Co Baydenə minnətdarlığını bildirib.
Qeyd edək ki, Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü də gözlənilir.
TRT