Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib – FOTO
Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, daha sonra Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, iclasın əsas mövzusu olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Suriya böhranı, Azərbaycan-Türkiyə perspektivlərinin siyasi, iqtisadi, enerji əməkdaşlığı və s. sahələrdə inkişafı kimi məsələlər öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti martın 15-də Ankaraya işgüzar səfərə gəlib. Səfərin əsas məqsədlərindən biri İlham Əliyevin təşəbbüsü ilə Türkiyə paytaxtında təşkil edilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir.
İlkin olaraq iclasın Bakıda keçirilməsi planlaşdırılmışdı. Lakin Ankarada 30-dan çox insanın həlak olması ilə baş verən terror hadisəsindən sonra Azərbycanın dövlət başçısı həmrəylik əlaməti olaraq iclasın Türkiyə paytaxtında keçirilməsini təklif edib.
Qeyd edək ki, Azərbaycan liderinin bu addımı Türkiyə ictimaiyyətində böyük jest və bütün dünyaya Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olmasının ismarışı kimi qəbul edilib.
Türkiyə mətbuatının vurğuladığı kimi, Prezident İlham Əliyev növbəti dəfə dünya ictimaiyyətinə “Bir millət – iki dövlət” prinsipinə sadiq qaldığını namayiş etdirib.
1news.az