İlham Əliyev: “Dünyada Türkiyə və Azərbaycan qədər yaxın olan dövlətlər yoxdur” - FOTO - VİDEO
Azərbaycan və Türkiyənin birliyi sarsılmazdır. Bizim ölkələr hər zaman, yaxşı və çətin anlarda bir-birinin yanındadır.
1news.az-ın məlumatına görə, bunu Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Biz heç zaman bunu unutmayacağıq”- deyə, dövlət başçısı bildirib. O qeyd edib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər yaxın, bir-birinə bağlı olan dövlətlər yoxdur:
“Dostluğumuz və qardaşlığımızın bünövrəsi möhkəm və sarsılmazdır. Bizim gücümüz isə bizim birliyimizdədir. Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir”.
Ankarada terror aktı nəticəsində ölənlərin yaxınlarına başsağlığı verirən İlham Əliyev bu dəhşətli terror aktını qətiyyətlə qınayıb:
“Türkiyə xalqına qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyəni haqq yolundan döndərə bilməz. 25 ildir ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir, biz heç vaxt bunu unutmayacağıq. Türkiyə və Azərbaycan bir-birinə ən yaxın olan ölkələrdir”.
Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”.
1news.az