Prezident itkin düşmüş neftçilərin axtarışı ilə bağlı göstəriş verib
Prezidentin mətbuat xidməti itkin düşən neftçilərlə bağlı məlumat yayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda deyilir:
“Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.
Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.
İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir”.
1news.az