Azərbaycan Rusiyaya nota verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin qüvvəyə minməsilə bağlı Rusiya XİN-ə nota ünvanlayıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfindən dəfələrlə Ermənistanın əldə etdiyi hərbi texnika və sursatı, o cümlədən hücum silahlarını Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirməsi barəsində təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
“İxrac edən dövlətin razılığı olmadan son istifadəçi kimi əldə etdiyi silah və sursatı Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməklə, Ermənistan öz üzərinə düşən beynəlxalq hüquqi öhdəliklərini və silahlara nəzarət üzrə müvafiq rejimləri və şəffaflığı ciddi şəkildə pozur”, - deyə, XİN rəsmisi bildirib.
XİN-in mətbuat xidmətinin bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğalının davam etməsi və işğal edilmiş ərazilərdə öz hərbi mövcudluğunu möhkəmləndirməsi şəraitində Ermənistana, xüsusilə hücum xarakterli silah və hərbi texnikanın verilməsi münaqişənin həllinə xidmət etmir.
“Bu, Azərbaycan ərazilərinin işğalının davam etməsinə və gərginliyin artmasına rəvac verir. Ermənistana bu kimi hücum xarakterli silah və texnikanın verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi neqativ reaksiya ilə qarşılanır.
Azərbaycan tərəfi son istifadəçi şəhadətnaməsinə uyğun olaraq, ixracatçı tərəfin bu silah və hərbi texnikanın Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməyəcəyinə dair zəmanətin veriləcəyini gözləyir", - H.Hacıyev vurğulayıb.
Xatırladaq ki, Rusiya Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin imzalanması ilə bağlı qərar qəbul edib.
1news.az