İlham Əliyev: "Neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə “Cənub” qaz dəhlizinin üzərində işləyirik”
”Biz ABŞ-la ikitərəfli əlaqələrimizi yüksək qiymətləndiririk”.
1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Con Kerri ilə keçirilən press brifinqdə deyib.
O, ilk növbədə ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün etdiyi dəvətə görə təşəkkür edib: “Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri təxminən 10 milyard bizim iqtisadiyyatımıza sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Biz birgə vacib layihələri, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən neft layihələrini ilk dəfə ABŞ-ın ciddi dəstəyi ilə icra etmişik, bu gün isə “Cənub” qaz dəhlizinin üzərində işləyirik. Bu enerji təhlükəsizliyi, diversifikasiyası və bütün iştirakçıların – istehsalçı, tranzit və istehlakçıların uzun müddətli xeyrinə olan layihədir. ABŞ hökumətinə bu layihənin icrasında güclü dəstəyinə görə təşəkkür edirik”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir: “Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Biz həmçinin regionda təhlükəsizlik istiqamətində də yaxın tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara logistik dəstək göstərir. Hava və quru nəqliyyatı, eləcə də bizim təxminən 100 hərbi qulluqçumuz NATO qoşunları ilə Əfqanıstanda çiyin çiyinə xidmət göstərir. Bizim münasibətlərimizin gündəliyi genişdir. Bu gün görüşümüz bu məsələləri, eləcə də regional problemləri əhatə edəcək. Əminəm ki, bu görüş bizim dost münasibətlərimizin inkişafında mühüm rol oynayacaq”.
1news.az